Qonaq Kitabı
YEDDİ GÖZƏL

Nə kömək bacarsan, et o insana”.

Qaravaş xəstəni evə gətirdi,

Yatağın yanına dərhal yetirdi.

Tez yer düzəltdilər, süfrə sərdilər,

Şorba içirdilər, kabab verdilər.

Zülüm görmüş Xeyir ah çəkdi yavaş,

Az yeyib, inlədi, dərdə qoydu baş.

Kürd evə gələrək tez axşamüstü,

Səfra sındırmağa cumdu əlüstü[261],

Nə gördü, adətdən xeyli kənar şey,

Səfrası şiddətlə qaynayırdı hey.

Gördü bir huşsuzun yamandır halı,

Ölümcül uzanıb yatır yaralı.

“Kimdir bu şəxs, – dedi gələrək dilə,

– Nə üçün xəstədir, gücsüzdür belə?”

Kimsə şərh etmədi dürüst halını,

Başına gələni, bu zavallını.

Ancaq deyə bildi bunu şux pəri:

“Dəlinmiş almazla onun dürləri”.

Kürd gördü xəstə kor sayır özünü,

Qəlbi parçalanıb, yumur gözünü,

Dedi ki: “O yüksək ağacdan varın,

Gedin, tez bir neçə yarpaq qoparın!

Suyu çıxanadək əzin yarpağı,

Sürtün yarasına, sözümün sağı,

Bu əlac olunsa, xəstənin yenə

Fər gələr, nur gələr kor gözlərinə.

Yaman olursa da əgər göz dağı,

Şəfadır dediyim ağac yarpağı”.

Ağacın yerini verərək nişan:

“Bizim o çeşməylə, – dedi, – yanbayan

Bir qoca ağac var, ətirlər səpər,

İnsanın beynini edər tazə-tər.

Gövdəsindən çıxır onun iki şax,

Onlar fərq olunur aralanaraq.

Bir şaxın yarpağı huri ipəyi,

Odur kor gözlərin nuru, köməyi.

O birinin yaşıl yarpağı ki, var

Ondan da sərilər şəfa taparlar”.

Elə ki, kürd qızı bunu eşitdi,

Deyilən əlacın fikrini etdi.

Dil açdı, başladı yalvar-yaxara,

Eyləsin atası xəstəyə çara.

Kürd eşidincə bu yalvarışları,

Durub tez yönəldi ağaca sarı.

Tez yarpaq qopardı həmin ağacdan,

O yarpaq verirdi cansızlara can.

Gətirdi, kürd qızı yarpağı aldı,

O qədər döydü ki, pucalı qaldı.

Süzdü qalmayınca xıltın nişanı,

Xəstənin gözünə tökdü dərmanı.

Bağladı dərmanla Xeyrin gözünü,

Bir saat bilmədi xəstə özünü,

Sonra xilaskara bir nəzər saldı,

Balışa baş qoydu, uzanıb qaldı.

Beş gün o xəstəyə vurulmadı əl,

Dərman gözlərində qaldı mükəmməl.

Axırda qurtardı yazığın canı,

Gözündən açdılar dava-dərmanı.

Gəldi gözlərinin fəri yerinə

Oldu əvvəlki tək o, gözlü yenə.

Saldı ətrafına Xeyir xoş nəzər

Qoşa nərgiz belə açılar səhər.

Uğurlu iş gördü, şükr etdi cavan,

Dəyirman öküzü qurtardı tordan[262].

Getdi ev əhlindən kədər nə ki var,

Örtüb üzlərini, könül açdılar.

Ürəkdən xoşladı, sevdi yalqızı

Kurdün gülcamallı mehriban qızı.

Elə ki, nərgizlə o sərv oldu şad,

Demək, gövhər oldu sandıqdan azad,

Gördü gül üzünü gəncin o pəri,

Ürəkdən bağlandı, xoşladı Xeyri.

Duyaraq hissini, inayətini,

Saldı Xeyir ona məhəbbətini.

Qızın görmürdüsə üzünü əgər,

Nazlı yerişinə salırdı nəzər.

O çox dinləmişdi şirin gözəli,

Dəymişdi əlinə mehriban əli.

Bu vermişdi ona ürəkdən könül,

Bağlanmışdı buna sidq ilə o gül.

Xeyir qoca ilə hər səhər ertə

Əl atardı işə, şirin zəhmətə,

Dəvə otarardı, sürü güdərdi,

Hər işi düşünüb, ölçüb edərdi.

Qoyundan qovardı canavarları,

Qoruyardı belə dövləti, varı.

Kürd ki ömrü boyu gəzmiş otlağı,

Gördü Xeyirdəki can yandırmağı.

Dedi: “Ey əzizim, bu dövlət, bu var,

Sənindir, ol ona sahib-ixtiyar”.

Xeyir məhrəm olub kürdgildə qaldı,

Hər şeyə artaraq maraq çoxaldı.

Sordular, kim sənin gözünə qıymış,

Necə rəhmsizmiş, necə zalımmış.

Şərin işlərini o gizlətmədi,

Nə olub söylədi, uzaq getmədi.

Dedi: “Suya əvəz vardı gövhərim,

Susuz lap yanırdı mənim ciyərim.

Ömrə bir nanəcib zərər yetirdi,

Bu zülmü başıma o Şər yetirdi.

Aldı gövhərləri, gözümü dəldi,

Su da verməyərək, yola düzəldi”.

Kürd belə dastanı eşitdi, durdu,

Rahibtək özünü torpağa vurdu.

Sevindi: “Əssə də, – dedi, – sərt külək,

Xələl görməyibdir bu gözəl çiçək”.

O mələk xislətin oldular agah,

Şər nələr başına gətirmişdir, ah.

Candan əziz tutdu onu bu külfət,

Bəsləyib verdilər min nazü-nemət.

Özü baxdı ona o qənddodaqlı,

Durdu qulluğunda üzü yaşmaqlı.

Su verib Xeyirə özü yanırdı,

Eşqindən ürəyi, gözu yanırdı.

Xeyir də bağlandı, yara verdi can,

Könül əsirgəməz aşiq canandan.

Dürrün xatirinə çölə getdi hey,

Öküzə, dəvəyə xidmət etdi hey.

Dedi öz-özünə: “O canan ki var,



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [61] [62] [63] [64] [65] [66] [67] [68] [69] [70] [71] [72] [73] [74] [75] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info