Qonaq Kitabı
YEDDİ GÖZƏL

Fərhadı baltayla öldürmüşdülər.

Şirinin qəsrində süd arxı ki var,

Belə hovuzlardan yollanıb axar.

Xacənin qalmadı səbrə imkanı,

Yoxdu bir köməyi, tabı, tavanı.

Su önündə əli çıxarkən boşa,

Döndü bir yanğılı ağır sərxoşa.

Durub əyləşirdi, düşüb sevdaya,

Vurğundu elə bil təzə bir aya.

Gördü hər tərəfdə bir sərvi-qamət,

Sərvi-qamət deyil, özgə əlamət.

Coşdu damarları, qan coşa gəldi,

Bütün üzvləri xüruşa gəldi.

Durdu oğru kimi, özgə cür deyil,

Duyub düşündüyün bir şəkildə, bil.

İstədi, atılsın ortaya bir an:

İlanı dəlikdən, quşu yuvadan.

Sanma ki, ilanı bunu bacardı,

Nədən? Dəlik yolu olduqca dardı.

O gözəllər suda tez çimən kimi,

İpəkdə bitdilər yasəmən kimi.

Büründülər tülə, göy kimi taza,

Başladılar ayla işvəyə, naza.

Vardı içlərində bir şux qəşəngi,

O – rumi, önündə başqalar zəngi.

Günəşdi elə bil hilal buxağı,

Dişlənməmiş xurma, püstə dodağı.

Qəmzəylə ətrafı süzüşü vardı,

Qənddən xeyli şirin gülüşü vardı.

Sərvi yetirmişdi o dilbərin bar,

Həyadan qoynunda sulanmışdı nar.

Min hiylə işlətmiş, min ürək almış,

Hər kim görmüş onu yerində qalmış.

Dastan söyləməyə başlarsa dərhal,

Sevgi huşyar olar, məst olar kamal.

Xacə baxıb ona guya ki, dondu,

Elə bil vurulub atəşə hindu.

Hər qıza aypara deyilsə hərgah,

İçlərində yalnız o idi padşah.

Zahid öz yolundan çıxdı azaraq,

Müsəlman adında kafirə bir bax.

Bir saat keçmədi, oldular əyan

Tükləri od saçan o qoşa ceyran.

Xötən ölkəsində maral ürküdən,

Pələngə ceyranı göstərib gedən

Gözəllər qənd saçıb gəldi meydana,

Salsınlar işini onun sahmana.

Xacəni otaqda görüb durdular,

Qapıçılar kimi gendən sordular:

“Aşiqsən söylə bir, bizi sal başa,

Hansı hurisifət şux qələmqaşa?”

Xacə bəyəndiyi o incə naxşı

Bu qoşa rəssama göstərdi yaxşı.

Eşidincə bunu işə girdilər,

Onlar ceyran deyil, keyfli şirdilər.

Gətirildi yola fənd ilə pəri,

Coşub yüksəlincə çalğı səsləri.

Bir yolla gəldilər, gəlməz gümana,

Darğalar qıyardı sirri duyana.

Gətirib saldılar qızı içəri,

Bağlayıb qapını döndülər geri.

Xacə bilməyirdi əhli-haldı yar,

Yarı əhl olanın işi səhl olar.

Otağa salınan o çəngi gözəl

Xacənin işinə uydu əlbəəl.

Onu nazəninlər salmışdı başa

Ki, xacə vurulub sən qələmqaşa.

Bəyənilmiş pəri, o nazlı göyçək,

Görmədən xacəyə vermişdi ürək.

Gördü bildiyindən xacə xoştərdir,

Dəmiri gümüşdür, gümüşü zərdir[274].

Tükəndi, qalmadı xacənin tabı,

Başladı sərv ilə sual-cavabı:

Dedi: – Adın nədir? Dedi ki: – Baxtdır.

Dedi ki: – Bəs yerin? Dedi ki: – Taxtdır.

Dedi: – Əslin nədir? Dedi: – Nur, çıraq.

Dedi: – Bəs bədnəzər? Dedi ki: – Uzaq.

Dedi: – Pərdən nədir? Dedi ki: – Saz, saz.

Dedi: – Şivən nədir? Dedi ki: – Naz, naz.

Dedi: – Bir busə ver! Dedi ki: – Bol, bol.

Dedi: – Vaxtın yoxdur? Dedi ki: – Tez ol.

Dedi: – Ram olarsan? Dedi ki: – Asan.

Dedi: – Bəs diləyim? Dedi: – Çatmısan.

Xacənin bədəni oynadı, əlbət,

Qalxdı ortalıqdan həya və ismət.

Tutdu tellərini çəng tutar kimi,

Basdı sinəsinə şirin bar kimi.

Bir öpdu, on öpdü, yenə işlədi,

Sordu şəkərləri, qəndi dişlədi.

Ürəyi oynadı yerində, bu hal

Verdi sevişməyə özgə bir calal.

Xacə istədi ki, qalxıb, nagəhan

Götürsün möhürü abi-həyatdan.

Qara şir yürüdü, cumdu marala,

Zorla istədi ki, altına ala.

Dözmədi bu zaman eyvan, söküldü,

Kərpic-kərpic üstdən uçdu töküldü.

Bilir bu hikməti hər arif kişi,

Pis nəticə verməz yaxşının işi.

Qurtarıb xətərdən, batmadan qana

Atıldı hövlnak hərə bir yana.

Görməsinlər deyə yoldan aşdılar,

Haman imarətdən uzaqlaşdılar.

Alıb dərd yükünü xacə gəlincə,

Getdi qəm yeməyə, çəkildi küncə.

Kəniz gəlib tapdı yoldaşlarını,

Çatdı qəmli kimi öz qaşlarını.

Çəng alıb əlinə o dilbər pəri,

Söylədi çəkdiyi əziyyətləri.

Yayıldı çəng səsi, düşdü hər yana,

Nalə aşiqləri etdi divana.

Dedi: – Mənim çalğım gərək car olsun,

Eşqin xəstəsinə salamlar olsun.

Aşiqlər mənimtək hey xəstə gərək,

Sağlam ikən canı şikəstə gərək.

Eşqi nə vaxtadək saxlayım nihan,

Car çəkirəm: mənəm aşiqi-dövran.

Eşqin sərxoşuyam, yox ixtiyarım,

Əlimdən alınmış səbrim, qərarım.

Əgər ki, aşiqin nəsibi ahdır,



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [61] [62] [63] [64] [65] [66] [67] [68] [69] [70] [71] [72] [73] [74] [75] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info