Qonaq Kitabı
YEDDİ GÖZƏL

Səndəl tozu kimi, hər şeydən əvvəl

Şah öz paltarını boyadı səndəl.

Göy eyvandan çıxdı bir baş yönəldi

Səndəl rəngindəki günbədə gəldi.

Olunca saqisi o çinli pəri,

Çəkdi öz başına şirin kövsəri.

Mey alıb içirdi bu şux gəlindən,

Gecəyədək içib oldu xeyli şən.

Sürməyi mühitin sədəfi gecə

Sədəfin ağzına dürlər səpincə[255],

Şah o xumar gözlü Çin gözəlinə

Söylədi: “Könlümdən tozu silsənə!”

Açıldı gül kimi sevimli, dərhal

Xurmanın içindən axıb süzdü bal.

Dedi: – Ey dünyanın istinadgahı,

Kainatın canı, şahların şahı.

Ömrün uzun olsun şiş dağlar qədər,

Göy dənizlər qədər, torpaqlar qədər.

Olsun həyatına səadətin yar,

Ondan sən hər zaman bəhrələr apar.

Sən bu Yer üzünə işıq saçansan,

Şahlıq bəxş eləyən, könül açansan.

Yox deyil dünyada ömür nisgilim,

Qorxuram, bağlıdır, zəifdir dilim.

Reyhan qabağında, de, yararmı bu,

Mən də güləm deyib saçım pis qoxu?

Zəfəran istəyir şahım, neyləyim,

Gərək arzusuna əməl eyləyim.

Şahıma bir nağıl söyləyim mən də,

Gülümsəsin ta ki, yeri gələndə.

Başladı sözünü o Çin gəlini,

İlkin tacidarın öpdü əlini.

 

 

 

XEYİR İLƏ ŞƏR HEKAYƏSİ

 

Çin qızı söylədi: – İki növcavan

Başqa bir şəhərə oldular rəvan.

Yeməyə azuqə götürüb hərə

Qoyub heybəsinə, çıxdı səfərə.

Gəncin biri Xeyir, birisi Şərdi,

Onlar adlarıtək işlər görərdi.

Bir-iki gün gedib, mənzil aşdılar,

Yanlarında olan azuqə ki, var,

Şər saxlayır, Xeyir yeyib-içirdi,

O əkir, bu isə buğda biçirdi.

Gedirdi yanaşı cavanlar belə,

Birdən yetişdilər isti bir çölə.

Bu çöl təndir kimi bir odlu yerdi,

Dəmiri yumşaldıb mum eyləyirdi.

Ölkəyə quraqlıq atmış əlini,

Döndərmiş səmuma şimal yelini.

Şər yaxşı bilirdi, yolu uzaqdır,

Susuz xarabadır, xeyli quraqdır.

Xəlvəti məşkinə[256] su doldurub Şər,

Dürr kimi gizlədi, vermədən xəbər.

Xeyir: – Yəqin, yolda su var – deyirdi,

Hər tərəf susuzdu, o bilməyirdi.

Beləcə bürküdə xeyli getdilər,

Yorub özlərini həlak etdilər.

Yeddi gün getdilər qızğın çöl boyu,

Qurtardı zavallı Xeyirin suyu.

Sudan yoldaşına vermədi xəbər,

Bir kəlmə dinmədi, danışmadı Şər.

Xeyir bədgövhərdən oldu xəbərdar,

Gördü ki, məşkinin içində su var,

Arabir xəlvəti öz yoldaşından,

Reyhan şərabıtək suyun başından

İçirdi Şər, susuz yanıb da, ancaq,

Xeyir dinməyirdi, tikmişdi dodaq.

O susuz sulunun görüb işini,

Sordu yol boyunca qəmdən dişini.

Nəhayət ciyəri qurudu, yandı,

Endi kirpikləri, gözu qapandı.

Günorta çatanda pozuldu halı,

Suzundan yanmazmı dağlar maralı?

Yanında od rəngli cüt ləli vardı,

Suyu daşda idi, sanma axardı[257],

Damırdı gizlicə onlardan su çox,

Damırdı göz üçün, ağız üçun yox.

Açdı sulu ləli göstərib Şərə,

Qoydu qabağında əlbəəl yerə,

Dedi ki: “Yanğıdan öldüm, kömək et,

Söndür atəşimi, yandım, mərhəmət!

Bir içim saf su ver, imdadıma çat.

Ya mərdlik ucundan bağışla, ya sat.

Bu qoşa gövhəri öz suyuna sal,

Su ver, gövhərimin bir qeydinə qal”.

Tanrı qəzəbinə gəlmiş zalım Şər

Gördü adı kimi yaramaz işlər.

“Bu daşdan, – dedi ki: – Yonma gəl bulaq[258],

Mümkünmü dünyada məni tovlamaq?

Viranədə gövhər verirsən mənə

Ki, abad şəhərdə alasan yenə?

Belə kələklərə uyarmı heç Şər?

Mən ki, hiyləgərəm, divdən hiyləgər.

Nə zaman axtarsam əgər mən çara,

Gəlməz hiylələrin sənin, bil, kara.

Yaxamdan əl götür, hiylədən əl çək,

Yüz min işləmişəm mən belə kələk,

Qoymaram başıma çəkəsən suyu,

Abrımı tökəsən bir şəhər boyu.

Mən necə gizlində alım gövhəri,

Şəhərə çatınca alasan geri.

İstəyirəm elə bir gövhər səndən,

Ala bilməyəsən geriyə məndən”.

Xeyir dedi: “Nədir o söylə görək?

İstədiyin dürrü tapıb da verək”.

Şər dedi: “O gövhər ikicə gözdür,

Bu ondan, o bundan daha əzizdir.

Gözünü satmasan, bunu yaxşı bil,

Bu sudan içməyin heç mümkün deyil”.

Xeyir söylədi ki: “Qorxmayırsan sən,

Od alıb yerinə boş su verirsən.

Tutaq ki, bu çeşmən oldu güvara,

Göz çıxarmaq səni yetirməz vara[259].

Qalarsam gözümə həsrət əgər mən,

Nə xeyir rastıma gələn çeşmədən?

Mümkün ikən qızıl almaq su üçün,



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [61] [62] [63] [64] [65] [66] [67] [68] [69] [70] [71] [72] [73] [74] [75] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info