Qonaq Kitabı
YEDDİ GÖZƏL

O, xalqın əlindən hər an tutardı.

Bir qızı vardı ki, dəyərdi cana,

Üzü bənzər qarda qarğa qanına.

Toxunmuş zərəri çiçəyin aya,

Puç olub gözləri çıxmışdı zaya.

Şahdan izn istəyib o vəzir deyir:

“Qızımın gözünə nur versin Xeyir”.

Vəzir şah şərtinə eylədi əməl,

Dərman təsir etdi olduqca gözəl.

Oldu bu qızın da sevimli əri,

Bir gövhər cəzb etdi neçə gövhəri.

Ona qismət oldu üç gözəl tavus,

Kəsranın tacıyla təxti-Keykavus.

Gah vəzir qızını dilə gətirdi,

Bütün istəyini ələ gətirdi.

Gözünə nur verdi şah qızı bəzən,

Bu sanki günəşdi, o bir aydı – şən.

Gah da kürd qızıyla şadlıq eylərdi,

Üç nərdlə oyunda üstün gələrdi.

Ömrünə yar oldu beləcə baxtı,

Əlinə keçirdi o tacı, taxtı.

Keçdi hesabına o gözəl diyar,

Tutdu tacidarlıq Xeyirdə qərar.

Günlərin birində o, bağa gəldi,

Bir könül açanla keyfə yönəldi.

Şər ki, yoldaşıydı onun səfərdə,

Düşdü öz əliylə öz başı dərdə.

Gördü o cühudla söhbət eyləyir,

Dedi yəhudiyə o saat Xeyir:

“Bir asudə vaxtda sal qabağına,

Gətirib gəl bunu şahlıq bağına”.

Sonra gedib bağa, keyfə oturdu,

Kürd əli qılınclı önündə durdu.

Gəldi əyniaçıq pərakəndə Şər,

Öpdü torpağını ondan bixəbər.

Xeyir ona dedi: “Adını söylə!

Başın salacaqdır səni əngələ”.

Səyyah: – “Mübəşşirdir[264], – dedi, – şöhrətim,

Görunür hər işdə gücüm, qudrətim”.

Xeyir dedi: “Söylə sözün düzünü,

Təmizlə, qanınla yu öz-özünü”.

O dedi ki: “Adım belədir ancaq,

İstəyirsən öldür, istəsən burax”.

Xeyir dedi: “İşin daim zavaldır,

Alçaqsan, hamıya qanın halaldır.

Adın Şər, özün də xalq üçün şərsən,

Xisləti adından pis bir bəşərsən.

Sən o deyilsənmi bir cana qıydın,

Çöldə bir susuzun gözünü oydun.

Hələ bu bəs deyil, gör nələr etdin,

Ona su verməyib, çıxdın da getdin.

Aldın göz gövhəri, kəmər gövhəri,

Apardın onları, yandı ciyəri.

Bil ki, gövhərləri gedən mənəm, mən!

Sənin bəxtin öldü, mənimkidir şən.

Hər kimin olarsa Allah pənahı,

Odur xoşbəxtliyin əbədi şahı.

Mənim taleyimə Allah oldu yar,

İqbalım eylədi məni tacidar.

Kəsildi bəxtimin Tanrı pənahı,

İndi bu yerlərin şahıyam, şahı!

Vay sənin halına, yamandır zatın,

Qurtarmaz əlimdən artıq həyatın”.

Şər Xeyri tanıdı və birdən-birə

Özünü götürüb çırparaq yerə,

Söylədi: “Gördüyüm işlər yamandır,

Pis əməllərimə baxma, amandır.

Başımız üstündə dönən fələklər,

Sənə Xeyir demiş, mənə isə Şər.

Nələr eylədimsə o zaman sənə,

Bütün eylədiyim yaraşır mənə.

Nələr bacarırsan, mənə durma et,

Et ancaq özünə, adına nisbət”.

Xeyir bu nöqtəni eyləyincə yad,

Tez onu ölümdən eylədi azad.

Elə ki qılıncdan Şər azad oldu,

Uçdu yol uzunu, qəlbi şad oldu.

Qəzəbli kürd isə dalınca getdi,

Vurdu qılınc ilə tez həlak etdi.

“Xeyir düşündüsə xeyirli işlər,

Şərsən, – dedi, – çıxar qabağına şər”.

Sonra üst-başını axtardı, gəzdi,

İki dürr gizlədib kəmərdə, sezdi.

Gətirdi Xeyr üçün, qoydu tez yerə,

Dedi: “Çatdı yenə gövhər gövhərə”.

Öpdü gövhərləri o, kürdə verdi,

Nəcibi gövhərlə o sevindirdi.

Əlini gözünün üstünə qoydu,

Dedi: “Şər bunları xəncərlə oydu.

Verdim gövhərləri sənə mən özüm,

Çünki əllərinlə nurlanıb gözüm”.

Xeyirin əməli qəlbinə yatdı,

Camaat da ondan arzuya çatdı.

Səadət taxtına çıxınca, demək,

Dəmir gümüş oldu, palaz da ipək.

Hər kimin ki baxtı, xoş taleyi var,

Tikan ona xurma, daş da zər olar.

Qurdu çox təpərli ədalətini,

Qüvvətə mindirdi məmləkətini.

Bir zaman yönəlib yarpaq dərdiyi,

Ağır xəstələrə şəfa verdiyi

Ağacın üstünə tez-tez gedərdi,

Ağır naxoşlara əlac edərdi.

Keçirərdi orda gününu tamam,

Ürəkdən o yerə verərdi salam.

Ona xoş gəlmişdi səndəl havası,

Səndəl rəng olmuşdu onun libası.

Bağlardı hər zaman səndələ əməl,

Edərdi əynini daima səndəl.

Səndəl asayişin ruhu, qanıdır,

Ətri hər bir zaman can nişanıdır.

Tozu yox eyləyər hər dərdi-səri,

Qurtarar yanğıdan odlu ciyəri.

Bitirdi nağılı o Çin gözəli,

Etdi öz dilini şirin, məzəli.

Şah onun yerini canında etdi,

Yəni bədnəzərdən aldı, gizlətdi.

 

 

 



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [61] [62] [63] [64] [65] [66] [67] [68] [69] [70] [71] [72] [73] [74] [75] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info