Qonaq Kitabı
YEDDİ GÖZƏL

Şirin su yerinə göz almaq neçün?

Ləlim, nəyim varsa, al, eylə mədəd,

Yerdə qalanına verərəm sənəd.

And olsun o böyük pərvərdigara,

Bundan şad olaram, gəlmərəm zara.

Ancaq insaf eylə, gözümə dəymə,

Bir soyuq su üçün dostluğu əymə”.

Şər cavab verdi ki: “Bu əfsanədir,

Ürəyi yanançın bir bəhanədir”.

Xeyir bu rəftara qaldı xeyli mat,

Su üçün göz suyu axıtdı, heyhat,

Gördü ki, öləcək, əldən gedir can,

Xilas olmayacaq can yanğısından.

Qəlbini aldatdı soyuq su ilə,

Sudan qaçmamışdır, bir susuz belə.

Dedi: “Bıçaq gətir, xəncər gətir, gəl,

Su ver içim, ömrə qıymadan əcəl.

Odlanıb alışan, alovlanan bu

Qızğın atəşimi söndür, səpib su”.

Zənn etdi bu əzab, bu qorxu keçər,

O saat bir udum su alıb içər.

Bu halı görüncə siyirib xəncər,

Quş kimi şığıdı Xeyrin üstə Şər.

Xəncəri çırağa çaldı, qanmadı,

Çırağı söndürdü, qəlbi yanmadı.

Nərgizi eylədi gül rəngində al,

Cüt gövhər qopardı tacdan o dərhal.

Ömrünü yazığın salıb zavala,

Su dəxi verməyib düzəldi yola.

Bütün şeylərini, ləlini soydu,

Koru təkbaşına səhrada qoydu.

Uzaqlaşıb getdi nə zaman ki, Şər,

Xeyir öz halından tutmadı xəbər.

Torpaqda çırpındı, qan basdı düzü,

Yaxşı ki, görmürdü halını özü...

Bir kürd vardı mallı, pullu, keyfi çağ,

Qurdun bəlasından sürüsü uzaq,

Onun qapısında çoxlu mal-qara,

Kimsə çatmamışdı bu qədər vara.

Səkkiz qohumunu o saxlayardı,

Onlar yoxsul, bunun dövləti vardı.

Köçəri bir kürddü, deyil oturaq,

Hər zaman ölçərdi səhra, çəmən, dağ.

Ot-ələf dalınca düşərək çölə,

Sürü otarırdı hər zaman belə.

Harda ki ot vardı, axar su vardı,

İki həftə həmən yerdə qalardı.

Otlağın otları yetincə sona,

Sürünü çəkərdi başqa bir yana.

Qəzadan, iki gün vardı o yerə

Pəncə uzatmışdı, bənzəyib şirə.

Onun türk baxışlı, xoş hindu xallı

Bir qızı vardı ki, xeyli kamallı.

Sərvi su içmişdi ciyərdən, qandan,

Nazla bəslənmişdi nazənin canan.

Saçının hörüyü ətəyindəndi,

Boynunda çəkmişdi aya kəməndi[260].

Bənövşə qıvrımlı hər gözəl teli

Qarğa qanadından qaraydı, bəlli.

Qəmzəsi sehrdən badələr içmiş,

Taleyi önündə qəza bir heçmiş.

Babil tilsiminə bağlamışdı bel,

Sehrinə bənd olmuş, vurulmuşdu el.

Xalından olmuşdu gecələr qara,

Ondan nur almışdı göydə aypara.

O şəkər sındıran, püstə dodaqlı,

Öpüşün yolunu etmişdi bağlı.

Evdə bəslənilib çatmışdı boya;

Balıqtək meyl etdi o gözəl suya.

Yolun kənarında, bir çeşmə vardı,

Soyuqdu, el suyu ordan alardı.

Qız o şirin sudan gəlib doldurdu,

Sonra evlərinə getməyə durdu.

Birdən qulağına gəldi uzaqdan

Yaralı xəstədən qopan ah-fəğan.

Eşidib o yana qız tez yüyürdü,

Gəlib qan içində bir gənci gördü.

Bir yaralı çalır hey əl-ayaq, ah.

Dilində yalvarış, bir də ki, Allah.

Uçdu nazəninin başından huşu,

Tez gedib dindirdi o vurulmuşu,

Dedi: “Vay halına, söylə görüm sən,

Qanlar içindəsən nə üçün, nədən?

Ey cavan, bu zülmü sənə kim etdi,

Halına yanmadı, buraxdı getdi?”

O dedi: “Ey mələk, de görüm ki, sən

Pərizadəmisən, ya mələkmisən?

İşim çox qəribə oyundur, heyhat,

Uzundur başıma gələn əhvalat,

Susuz, bil, ürəyim oldu tar-mar,

Gəl bu yanğılını cəhd eylə, qurtar.

Su, yoxsa ölərəm, dayanma çıx get,

Varsa ver, qoy içim, ömrü xilas et”.

O nicat açarı, saqi, baldodaq,

Abi-həyat kimi sudan alaraq

Verincə, xəstənin keçdi yanğısı,

İçdi bacardıqca, içdi sərin su.

Can gəldi o solmuş cana əlbəəl,

Ürəkdən şad oldu çıraqban gözəl.

Qoydu öz yerinə Xeyrin gözünü,

Şükr edib söylədi Allah sözünü.

Çıxmışdısa əgər kamanından ox,

Gözün gilələri salamatdı çox.

Bütün qüvvətini işlətdi o qız

Ki, yerdən xəstəni qaldıra yalqız.

Gözünü sarıyıb bağladı həmən,

Yapışdı mərdanə tutdu əlindən,

Çalışdı, qaldırdı, sonra da vardı

Ona rəhbər olub, evə apardı.

Gəldi atasının birbaş yerinə,

Gətirdi gözsüzü binələrinə.

Çıxınca önünə kəniz, qaravaş,

Dedi: “Apar evə, bunu çox yavaş”.

Özü anasının yanına getdi,

Gördüyü vəqəni tez bəyan etdi.

Anası dedi ki: “Söylə gorüm sən

Gəldin, gətirmədin bəs onu nədən?

Edərdik bəlkə də yazığa çara,

Bir az dincələrdi, o bəxtiqara”.

Qız dedi: “Gətirib gəlmişəm, ana,



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [61] [62] [63] [64] [65] [66] [67] [68] [69] [70] [71] [72] [73] [74] [75] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info