Qonaq Kitabı
YEDDİ GÖZƏL

Nə qədər əlləşib etmişlər çara.

Sağalmamış; yanıb “hayıf” demişlər.

Bilikli həkimlər, məşhur təbiblər

Gəlirdi soruşub həmən şəhəri

Ki, div bəlasından o gözəl pəri

Sağalsın, qalmasın zərrəcə dərdi.

Padşah gələnlərlə bir şərt kəsərdi:

“Sevdadan qızımı kim etsə azad,

Mən də eyləyərəm onu xeyli şad.

Olar kürəkənim. Hər kim çarəni

Etməyib, görərsə o məhparəni,

Qəzəb eyləyərəm, qılınc alaram,

Bədəndən başını vurub salaram”.

Aciz qaldığından bu əlacda, ah,

Nə qədər təbibi öldürtdürdü şah.

Min qərib şəhərli olunca naşı,

Padşah əmr eylədi, kəsildi başı.

Bu şərt gündən-günə elə yayıldı;

Hər kim pul görəndə hayıl-mayıldı,

Eşidib bu sözü o, baş itirdi,

Özü öz əliylə qanına girdi.

Xeyir də eşidib həmin xəbəri:

– Çarəmlə sağalar, – dedi, – şux pəri.

Şaha yetirdi ki: “Ey səxa kanı,

Yoldan götürərəm mən bu tikanı,

Ondan xəstəliyi eylərəm uzaq,

Sağaldaram qızı, şərtim var ancaq –

Heç şeydə yox gözüm qoca dünyada,

Mənim verəcəyim dərman, dava da

Allah rizasına veriləcəkdir.

Nə zaman ki, gücü görüləcəkdir,

Məni məqsədimə çatdırsın Allah”.

Xeyrin bu sözündən xəbər tutdu şah,

Dedi: “Söyləyin ki, gəlsin, öpsün əl”.

Xeyir təzim etdi gəlib əlbəəl.

Şah dedi: “Ey yaxşı adam, söylə bir,

Sənin adın nədir?” Dedi: “Xeyirdir!

Səadət bəxş etmiş mənə ülkərim,

Uyğundur adıma sözüm, işlərim”.

Şah onun adını bilib yaxşı fal,

Dedi: “Çarə eylə, aman, qeydə qal,

Bunun nəticəsi yaxşıdır”, – dedi,

“Adın bu əməlin naxşıdır”, – dedi.

Sonra bir məhrəmə tapşırdı, varsın

Qızının yanına Xeyri aparsın.

Xeyir gəldi gördü, gün kimi gözəl,

Xəstəlik sərvinə yetirmiş xələl.

Şirtək həyəcanlı, bərəlmiş gözü,

Nə yatmış gecəni, nə də gündüzü.

Səndəl yarpağı ki yanında vardı,

Açıb düyünçədən dərhal çıxardı,

Döyüb hazırladı buz kimi şərbət.

Qıza xoş gələrdi bu dava, əlbət.

Uzatdı xəstəyə, alıb nuş etdi,

Silinib beyninin tozları getdi.

Qız bu vəlvələdən nicata çatdı,

Şərbət içən kimi yıxıldı yatdı.

Xeyir gördü yatır o gözəl bahar,

Duydu ki, silinib üzündən qubar.

Çıxdı ayqabağın evindən çölə,

Gəldi öz evinə şad, gülə-gülə.

Yatdı pəriüzlü, üç gün yumdu göz,

Şaha öz halından demədi bir söz.

Durdu üçüncü gün o dilbər mələk,

Yedi yavaş-yavaş yüngül bir yemək.

Belə şad xəbərdən olunca agah,

Qaçdı ayaqyalın saraya padşah.

Gördü taxt üstündə ağıllı, huşlu,

Oturmuşdur qızı şahin duruşlu.

Yıxılıb önündə o mahcamalın:

– Həmdəmin olacaq, – dedi, – kamalın.

Fitnə uzaq olsun, qızım, yanından,

Xəstəlik çıxdımı, söylə canından?

Şahın hörmətini gözləyərək qız,

Təşəkkür eylədi ataya yalnız.

Hökmdar sevinib oldu xeyli şad,

Getdi tək qalaraq o sərvi-azad,

Çağırıb yanına məhrəm bir adam,

Sifariş yolladı şaha güləndam:

“Qüdrət dəftərində yazılmış belə,

Şahlar sadiq olar hər vaxt əhd ilə.

Onda ki kəsildi xəncərlə başlar,

Gözlədi qoyduğu şərti hökmdar.

Tac ləyaqətlidən mən gördüm şəfa,

Şah gərək əhdinə eyləsin vəfa.

Qılınc eyləyərsə əlac iqrara,

Tac gərək sustalıb düşməsin dara.

Minlərlə baş qoydu qılınc təlaşda,

Ucalsın tac ilə qoyun bir baş da.

Qurtardı canımı onun dərmanı,

O açıb qıfılı; belə insanı

Unutmaq bizlərə yararmı məgər?

Tapılmaz, bil, mənə ondan başqa ər.

Yetirək yerinə əhdi, peymanı,

Bu yükdən qurtaraq tezliklə canı”.

Əhdi doğrultmağa şahı ansızın

Gözəl məsləhəti oyatdı qızın.

Şah Xeyri istədi, atlı çapdılar,

Bir yolun üstündə gəlib tapdılar.

Alıb yanlarına nadir gövhəri,

Şahın hüzuruna döndülər geri.

“Ey cahan böyüyü, – dedi – şah, nədən

İqbalından yana üz çevirirsən?”

Əynindən çıxarıb sonra xəlvəti,

Bir ölkə olardı onun qiyməti,

Bağışladı ona, bol gövhər verdi.

Afərinlər dedi, zər kəmər verdi.

Çəkildi saraya naxışlı pərdə,

Şəhəri bəzədi şəhərlilər də,

Qız dam guşəsindən yetirib nəzər,

Gördü sevgilisi tam aya bənzər.

O, gözəl üzlü bir sərvi-rəvandı,

Xətti şəvə kimi, zirək cavandı.

Həm şah razı oldu, həm də o dilbər,

Xeyir damad oldu, kor olsun qoy Şər.

Xəznə qapısına əl atdı soltan

Qırdı dürüst möhrü, oldu kamiran.

Sürdü, istəyincə səfalar sürdü,

Gözəllik, şən həyat taxtını gördü.

Şahın bir vüqarlı vəziri vardı,



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [61] [62] [63] [64] [65] [66] [67] [68] [69] [70] [71] [72] [73] [74] [75] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info