Qonaq Kitabı
YEDDİ GÖZƏL

Tövbə eşq əhlinə böyük günahdır.

Eşq tövbə ilə aşina deyil,

Tövbə eşq əhlinə heç rəva deyil,

Aşiq yar yolunda versin can gərək,

Qorxusu olmasın qılıncdan gərək.

Elə ki dürr səpdi ləldən çəngi,

Halını bildirdi o xoş ahəngi.

O qoşa gözəllər əhli-haldılar,

Çalğıdan zövq alıb, fikrə daldılar.

Dedilər ki: “O cüt çırağa, demək,

Zərərlər yetirib sərt əsən külək”.

Gəzdilər Yusifi, çıxmışdı yoxa,

Tapıb ətəkləyib misli-Züleyxa,

Soruşdular işin həqiqətini,

Xacə nəql eylədi fəlakətini.

Halına acıyan bu cüt aypara

İşinə axtardı onun bir çara.

Dedilər: “Bu gecə bağda qalarıq,

Sənin məsələnlə məşğul olarıq.

Vermərik bu gecə yol bəhanəyə,

Qoymarıq bir nəfər getsin xanəyə.

Girər ağuşuna o gözəl hilal,

Bu axşam kamını ondan istə, al.

Yırtar pərdələri işıqlı gündüz,

Gecə pərdə tutar hər zaman, bu düz!”

Onlar sözlərini deyib getdilər,

Qoşulub qızlara söhbət etdilər.

Qara səmur ilə qaranlıq gecə

Burtas pərdəsini örtdü gizlicə[275].

Günəşin bir mıxlı qılıncı söndü,

Min mıxlı zirehə gecə büründü[276].

Xacənin yanına salıb pərdəni,

Sənəmlər tutdular öz sözlərini.

Gözəl, parlaq günəş yetişdi aya,

Qəlbi yanğılı sərv çatdı bol suya.

Bir xəlvət yer ola, bir də nazlı yar,

Söylə, belə yerdə kimdə səbr olar?

Xacənin qızışdı yeddi əndamı[277],

Coşub arzuladı bu zaman kamı.

Heç kəsi etmədim sözümdən agah,

Bir sənə deyirəm, şahiddir Allah,

O, dürrü ləl ilə deşmək istədi;

– Tuğumuz tağ ilə birləşsin, – dedi.

Ağacda vəhşi bir pişik bu zaman,

Yuvada bir quşu görcək, nagəhan

Atıldı üstünə, yıxıldı yerə,

Dəydi bundan zərər sevgililərə.

Çulğadı onları vahimə, heybət,

Könüldə həyəcan, ayaqda sürət.

Ayrıldılar belə, yetişməmiş kam,

Çiy oldu gör necə bişmiş bir təam.

Gözəllər yanına gözəl gedincə,

Aldı çəng qucağa o yarı gecə.

Çalaraq oxudu, oldu bağrı qan:

“Bahar yetişincə açar ərğəvan.

Xiyabanlar boyu sərv oldu bülənd,

Açdı hoqqasını, güllər saçdı qənd.

Qondu şax budağa sapsarı bülbül,

Dedi: – Gendir keyfin bazarı – bülbül!

Süpürüb, suladı bağban o bağı,

Şah gördü ki, gəlib nəşənin çağı.

Şərab qədəhini əlinə aldı,

Bir daş həmən camı sındırdı, saldı.

Varımı-yoxumu, ey qarət edən,

Sənsiz neyləyirəm bu dünyanı mən.

Əgər ki yanında xəcalətim var,

Könül arzulayar, səni axtarar”.

Duyub sirdaşları xoş avazını,

Bildilər qəlbinin gizli razını.

Ürəyi dərdlənir, bunu sezdilər,

Gedib o xacəni yenə gəzdilər.

Xacə elə bil ki, yağ oğurlayıb,

Gizlənib düşünür: ayıbdır, ayıb.

Şümşad ilə söyüd, sərv, çəng, qovaq

Altındakı arxda tapmışdı sığnaq.

Heyrətlər edirdi, nədir bu kələk?

Açmışdı süsəni xeyritək çiçək[278].

Onlar soruşdular, xacə inlədi,

Dil açdı, gözəllər baxıb dinlədi.

O sirrə məhrəmlər, dərdə yananlar

Dedilər: – Qovuşsun gərək cananlar.

Dönüb yol açdılar, iş görüb belə,

Yetirdilər həmən gülabı gülə.

Xacənin əlindən yapışan gəldi,

O mehriban üçün mehriban gəldi.

Xacə uzadaraq yara atdı əl,

Dedi: “Layiq yerə gedək, ay gözəl”.

Bir ağac var idi, taxt qursun, deyə,

Qalxmışdı şaxları möhtəşəm göyə.

O şahlıq taxtının altına yetdi,

Burada əliylə bir yer düzəltdi.

Sənəmi mehr ilə çəkdi qarşıya,

Bağrında yer verdi o gözəl aya.

Nazənin yerişli sərvi-xuraman

Samani xalıda yasəməndi san[279].

Qıza meyl etdikcə könlü oldu şən,

Sərv ilə çiçəkdi belə birləşən.

Xacə qucaqladı ayı, əlbəəl

Ayaq gücdən düşdü, işə girdi əl.

Xanalar alırdı xacənin daşı,

Yol tapa bilmədi qaçsın yoldaşı.

Qələnin düşüncə xacə qəsdinə

İstədi su tökə odun üstünə.

Demə, çöl siçanı baxıb uzaqdan,

Neçə kudu görmüş asılı tağdan.

Qalxdı, qanadlandı quş kimi yerdən,

Dişlədi kudunun bəndini birdən

Hər kudu təbilə döndü, sürüşdü,

Sapından üzülüb torpağa düşdü.

Səsləndi kudular, səs getdi mil-mil,

Elə bil köçməyə çalındı təbil.

Büründü səslərə hər tərəf, hər yan,

Aslan pəncəsindən qurtardı ceyran.

Xacə elə bildi, gəlir təlaşla,

Darğa nağarayla, möhtəsib daşla[280],

Qoydu başmağını, düzəldi yola,

Qaçdı çevrilərək baxmayıb dala.

Min qorxuyla pəri yenə düzəldi,

Gözəl dostlarının yanına gəldi.

İlkin nəfəs dərdi, o dilbər gözəl,



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [61] [62] [63] [64] [65] [66] [67] [68] [69] [70] [71] [72] [73] [74] [75] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info