Qonaq Kitabı
YEDDİ GÖZƏL

– Ədəbsiz, – deyərək onu döydülər.

Kənizlər qoydular ömrünü darda,

Oğru güman edib bağladılar da.

Xacə qəbul etdi zülmü, təhqiri,

Nə üçün? Var idi çünki təqsiri.

Yumruqla vurdular durub qəsdinə,

Sonra çığırdılar bərk-bərk üstünə:

– Gəlmisən ki, bağa vurasan zərər,

Heyiflər ki, bağban tutmamış xəbər.

Oğrunu bağında tutarsa bağban,

Əl atar kötəyə, döyər bu zaman.

Biz ki bu kötəklə səni dağladıq,

Demək ki, layiqsən, tutub bağladıq.

Bir də çəpər boyu gizli dolaşma,

Darvaza yerinə divardan aşma.

Kişi söylədi ki: “Bu bağ mənimdir,

Bu tüstülər yayan çıraq mənimdir.

Qapım şir ağzına bənzər xeyli gen,

Girdim tülkü kimi nədən dəlikdən.

Kim belə girərsə əgər mülkünə,

Keçər mülkü onun yerin təkinə”.

Kənizlər bu zaman donub durdular,

Bağın nişanını ondan sordular.

Gördülər, doğrudur bütün şəhadət,

Coşdu məhəbbətlər, söndü ədavət.

Bağın ağasıdır, onlar inandı,

Eşqiylə canları yandı, nə yandı,

O çox şirindildi, gözəldən gözəl,

Gözəl kişi görən arvaddan üz əl!

Gördülər var onun xoş təbiəti,

Barışıb etdilər ona hörməti.

Qurtardılar onu zülmün bağından,

Açdılar, öpdülər əl-ayağından.

Üzr ilə dedilər: “Əfv et bizi sən”.

Hər ikisi uydu ona könüldən.

Əgər dost olarsa üzr ilə düşman

Bağdakı rəxnədən qalmaz bir nişan.

Bağın uçuğunu gedib hördülər,

Xacəni dostluğa rəva gördülər.

Əyləşdilər nazla önündə sonra,

Nəql etdilər ona uzun macəra:

– Bahar kimi açan gözəl bağçada,

Çatsın söylədilər xacə murada.

Kim ki, ürəkalan almayanaqdır,

Bu gün bu bağçada əziz qonaqdır.

Gəzsən qarış-qarış bütün şəhəri,

Gözlərə nur verən hər gözəl pəri,

Görərsən yığılıb bağa bu axşam

Damğasız bir naxış, tüstüsüz bir şam[268].

Söylədilər: “Sənə əl uzatdıq biz,

Öz su qabımıza torpaq atdıq biz;

Dur bizimlə gəziş, dolan bir saat,

Hər kimi istəsən muradına çat,

Çəkil bir guşəyə, çəkil bir yana,

Şadlıq nəzəriylə bax gülüstana,

Hansı gözəl əgər qəlbinə yatsa,

Sevib xoşladığın hansı nabatsa,

Sən olan otağa gələr o canan,

Olar fərmanında hər saat, hər an”.

Xacə eşidincə belə söhbəti,

Həmən cuşa gəldi yatmış şəhvəti.

Əgər ki, xilqətən o pəhrizkardı,

Lakin şəhvətlə də dostluğu vardı.

Kişiydi, çoxaldı eşqi, həvəsi,

Aldı qərarını qadın nəfəsi.

Yasəmən sinəli gözəl qızlarla,

Ürəyində ümid, düzəldi yola.

İş gəldi nəhayət bir yerə çatdı

Ki, ürək dözməyi kənara atdı.

Bağın ortasında vardı bir eyvan,

Görünürdü gözə oradan hər yan.

Xacə gedib ora cəftəni çəkdi,

Qızlar döndü geri, xacəmiz təkdi.

Haman bu eyvanda bir dəlik vardı,

Oradan aşiyan işıqlanardı.

Yönəlib dəliyə baxdı, doğrusu,

Nə gördü, dar çeşmə, dərya qədər su.

Gördü ki, ətrafda gül səpib gülər

Gümüş baldırlılar, nar məməlilər.

Hamısı çıraqtək par-par yanardı,

Hamısı yetişmiş, ləzzətli bardı.

Hər gözəl bir ürək etmək üçün bənd

Alıb öz gülünə səpələrdi qənd.

Hər xəznə üstündə bir əjdər yatmış,

Narınc turunc olub, kamala çatmış[269].

Gördü nar məmələr, alma tək çənə,

Adları yazılmış buzlar üstünə[270].

Bağbanlar olmasa əgər zülümkar,

O bağda yetişər bollu alma, nar.

O bağın güllüyü sərindi, sərin,

Çəmənlikdi yanı sərvliklərin.

Orada mərmərdən hovuz doluydu,

Abi-kövsər belə onun quluydu.

Hovuza gözyaşı sular süzürdü,

İçində balıqlar sərbəst üzürdü.

Onun dörd bir yanı gözəl bir çəmən,

Ətrafında bitir nərgiz, yasəmən.

Pərdə gözəlləri gəldilər, sərin

Bir hovuz gördülər dərindən-dərin[271].

Günəş eyləmişdi onları bitab,

Su onları gülşən eylədi hesab.

Qızlar yaxın gəldi işvə-naz saçıb,

Bütün düymələri birbəbir açıb,

Sinələr meydanda, özləri çılpaq,

Dürr kimi hovuza daxil olaraq,

Murad gümüşünü suya saldılar[272],

Ləpələr altında gizli qaldılar.

Ay balıqla qoşa suda gəzirdi[273],

Hilal tabdan düşür, bunu sezirdi.

Nə zamankı suya ay dirəm atar,

Gələr hərəkətə balıq harda var.

Bu aylar o qədər şəndi, gözəldi,

Xacənin balığı həycana gəldi.

Bir saat süzdülər verib əl-ələ,

Oynatdılar bağda səməni belə.

Gah qucaqlaşdılar, gah da durdular,

Nardan, narınclardan qayıq qurdular.

Saçını oynadır ilandır deyə,

Salır yoldaşını biri ürküyə.

Bisütunlar sütun qaldırmışdılar,



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [61] [62] [63] [64] [65] [66] [67] [68] [69] [70] [71] [72] [73] [74] [75] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info