Qonaq Kitabı
YEDDİ GÖZƏL

BƏHRAMIN CÜMƏ GÜNÜ AĞ GÜNBƏDƏ

GETMƏSİ VƏ YEDDİNCİ İQLİM PADŞAHI

QIZININ HEKAYƏ SÖYLƏMƏSİ

 

Cümə günü səhər bu yamyaşıl tağ

Evini günəşdən etdi ağappaq.

Şah da ağ geyinib yola düzəldi,

Həmən ağ günbədin üstünə gəldi.

Yurd idi Zöhrəyə beşinci iqlim,

Beş növbə çaldırıb oldu o təslim.

Zəncilər Xötənə qoşun çəkmədən

Şənlik meydanını şah etmişdi gen[265].

Ayın, ulduzların, qalxaraq gecə,

Əl atıb gözünə sürmə çəkincə,

Şah rica eylədi o dildadədən,

Gecə həmdəmindən, səhərzadədən,

Uysun günbədinin xoş ahənginə,

Ərğənun rəngini qatsın rənginə.

Qız səna söylədi şahın baxtına,

Bir də ki, o gözəl tacü-taxtına,

Dualar oxudu, afərin dedi,

Bu dövlət artıran bir dua idi.

 

 

 

HEKAYƏ

 

Dedi: – Şah istəyir gözəl hekayət,

Dilim bacaranı deyərəm əlbət.

Bir anam vardı ki, evin duzuydu,

Qarılar qurd olar, o bir quzuydu.

Nağıl edirdi ki, tanış bir nəfər

Qonaq eyləmişdi məni bir səfər,

Bəzəkli-düzəkli süfrə düzəldi,

Az-çox nəyi varsa ortaya gəldi:

Quzular, toyuqlar, plov mala-mal,

Çörəklər, yuxalar, cürbəcür qoğal,

Muxtəlif halvalar könül istədən,

Bəzisi badamdan, bəzi püstədən.

Ürək aldadıcı lətif meyvələr:

İsfahan alması, Rey üzümü tər.

Çoxlu nar, hamısı meyxoş, yeməli,

Vardı o məclisdə çox narməməli.

Əvvəlcə başladıq nahar yeməyə,

Sonra meyl eylədik ruh açan meyə.

Qarışdıq, uyuşduq üzügülər, şən

Mən kimi bir neçə xoş nağıl deyən.

Dedi öz dərdini hər gözəl pəri,

Təkdən-tükdən oldu bütün sözləri.

Açdı gül ağzını bir şux mahcamal,

Elə bil əridi süd içində bal.

Onun ürək açan bir səsi vardı,

Sözündən balıqlar, quşlar yatardı.

Əqiqindən ləziz çeşməni açdı,

Coşdu, aşiq kimi kükrədi, daşdı.

Dedi: – Bir gənc vardı şirin danışan,

Şəkər qamışına oxşar bir cavan.

İsaya bənzərdi əqli, kamalı,

Yusifdi məclisdə yalnız misalı.

Elmi dərya kimi, cürəti vardı,

Bir də ki o cavan çox pəhrizkardı.

İrəm bağı kimi vardı bir bağı,

Bağ deyil, bağların nurlu çırağı.

Ətirlə yoğrulub sanki hər yeri,

Cənnət meyvəsinə oxşar bəhəri.

Ürəklə doluydu nar içi sayaq,

Tikansız güllərdi başdan-başa bağ.

Varsa da güllərin əgər tikanı,

Qorumaq üçündür yalnız bostanı.

Sərvlər altında sular axardı,

Hər tərəf yaşıldı, axar-baxardı.

Tutmuşdu hər yanı quşların səsi,

Ərğəvan bağlarda göyün qübbəsi.

Sərvlər dibini basmış gül-çiçək,

Ruhlular mahnıya vermişdi ürək.

Pərgar işləmişdi baxsan hər yerə,

Dörd qalın divara çəkmiş dörd möhrə[266],

Eyvan ucalmışdı ulduza, aya,

Bədnəzərin yolu yoxdu oraya.

Çəkib varlılara o səfalı bağ

Əzəl gündən bəri çalın-çarpaz dağ.

O kişi hər həftə bağa gedərdi,

Zövq alar, qəlbini rahat edərdi.

Sərvi bəzəyərdi, səmən əkərdi,

Müşk səpər hər yana, ənbər çəkərdi.

Nərgizə əliylə verər təzə cam,

Yollar bənövşədən səbzəyə salam.

Dolanaraq bağı başlardı seyrə,

Sonra da yollanıb gedərdi şəhrə.

Günlərin birində, o səhərçağı

Getmişdi gəzməyə bu gülzar bağı.

Gördü ki, qapılar bağlıdır yaman,

Musiqi səsinə yatmışdı bağban.

Çulğalayır bağı xoş səs, xoş avaz,

Orda can bəsləyən olmuşdur canbaz.

Birər rəqqasədir yaşıl ağaclar,

Yarpaq həyat verir, canlar alır bar.

O gözəl səsləri xacə eşitdi,

Canı uzaqdaydı, yaxanı diddi.

Nə baş çevirməyə qərarı vardı,

Nə qapı açmağa açarı vardı.

Döydü, cavab almaq müşküldü, müşkül!

Sərvlər oynayır, yuxlayırdı gül.

Bağın ətrafını dolandı, gəzdi,

Sanma ki, girməyə bir qapı sezdi,

Yol tapa bilmədi, durub döyükdü,

Sonra hasarının dibini sökdü.

Tamaşa etməyə girdi içəri,

Sərvtək pay almaq oldu şakəri[267]:

Bir bəhanə olsun ondan ötrü bağ,

Assın – könül verib – çalğıya qulaq,

Görsün kim qoparıb bağda tufanı,

Bağça nə haldadır, hanı bağbanı?

Bostanı parladan qızıl güllərdən,

Bağçada keyf edən incəbellərdən,

İki gümüş baldır, döşləri səmən

Dayanıb qapıda keşik çəkir şən.

O huribədənli qızlara, düzü,

Dəyməsin bir nəfər naməhrəm gözü.

Xacə eyləyincə dəlikdən güzər,



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [61] [62] [63] [64] [65] [66] [67] [68] [69] [70] [71] [72] [73] [74] [75] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info