Qonaq Kitabı
YEDDİ GÖZƏL

Bu Tanrı lütfünə oluram bəndə.

Sevindirdin məni, yaşa sən də şad,

Ev-eşiyim oldu sayəndə abad”.

Əl öpdü sevinclə gəlib həycana,

Əlini uzatdı qoca bağbana.

Möhkəm əl sıxdılar qocayla Mahan,

Əhd ilə, and ilə bağlandı peyman.

Dedi: “Ayağa qalx” əziz qonağa,

Alıb soldan onu, apardı sağa.

Bir saray göstərdi ucadan-uca,

Döşətmişdi yerə ipəklər qoca.

Eyvan bəzəyirdi bu yaşıl bağı,

Dəlirdi göyləri ucalan tağı.

Bəzəkli-düzəkli divarı, daşı,

Gümüşlər işlədib sanki nəqqaşı.

Sahəsi genişdi, yuxarısı dar,

Qol-budaq atmışdı sərv, söyüd, cinar.

Qapının elə bir dəsgahı vardı,

Göy belindən öpüb heyran baxardı[243],

Kəyani eyvanın meydanında bir

Şax-budaqlı səndəl göyləri dəlir.

Budaq bəzək salıb budaq üstünə,

Yaraşıq əks edir torpaq üstünə.

Orada qiymətli taxtadan qoca

Qurmuşdu bir taxt ki, möhtəşəm, uca:

Fərşi pambıqdan da yupyumşaq kimi,

Gözəl ətir saçan göy yarpaq kimi.

Pir dedi: “Ağaca dırman olsan ac,

Yeməyə, içməyə duysan ehtiyac,

Asılmış budaqda sərin su, çörək,

İstədiyin qədər götür, al yemək.

Səninçin hazırlıq görməyə gedim,

Yaxşı bir otaqda sənə yer edim.

Gec gələrsəm əgər, yolumu gözlə,

Aşağıya enmə, gözlə dörd gözlə.

Kimdir ağacdakı soruşsa hər kəs,

Əsla vermə cavab, heç çıxarma səs.

Mən də gəlsəm əgər yoxla, yaxşı bax,

Tanıdıqdan sonra yaxına burax.

Baş tutsa əhdimiz bu yolda, əlbət,

Süd ilə bal kimi qovuşsa söhbət,

Bu ev öz evindir, bu bağ sənindir,

Yuvam səninkidir, öz məskənindir.

Bu gecə pis gözdən qorunsan əgər,

Rahatca yatarsan başqa gecələr”.

Qoca etdi ona öyüd, nəsihət,

And verdi çıxmasın sözündən əlbət.

Qayışdan bir uca nərdivan vardı,

Sandəl ağacına bağlı durardı.

Pir dedi: “Qayışa cila çəkincə,

Qayışbaldırlıq et, gəl, sən bu gecə.

Qaldır nərdivanı, yerdə qoyma, çək,

Başına açmasın bir nəfər kələk[244].

Belinə dolasan bu axşam ilan,

Səhər xəzinəylə oynarsan, inan.

Gecə yetişdisə halvamız əgər,

Baxma zəfəranı görünər səhər.

Gecə armud yesən boğazın göynər,

Gülərüzlü nara yetərsən səhər”.

Qoca deyib bunu hərəkət etdi,

Qonağına bir yer seçməyə getdi.

Dırmaşdı ağaca Mahan da birdən,

Uca nərdivanı qaldırdı yerdən.

Oturub ağacda ətrafa daldı,

Zirvələr ayağı altında qaldı.

Ənbərlərlə dolu köşkündə Mahan

Şimal nəsimitək saçırdı reyhan.

Açıb süfrəsini o yavaş-yavaş

Yedi sarı çörək, yedi ağ lavaş.

Şimalın yeliylə bəslənən sudan

Qaldırıb başına çəkərək, Mahan

Rumibəzək taxta oturub qaldı,

Çini döşəkçədə rahatlıq aldı.

Basdıqca oranı kafur qoxusu,

Ondan uzaqlaşdı sevda qorxusu.

Dirsəklənib baxdı, gözəldi axşam,

Gözünə göründü tez iyirmi şam.

Hər pəri əlində tutmuş bir işıq,

Mahan gəlinlərə kəsildi aşiq.

Bunlar pəri deyil, on yeddi soltan,

On yeddi oyunu çalmışlar aydan[245].

Özünə vermişdi bərbəzək hərə,

Bürünmüşdü gülə, şirin şəkərə.

Əllərində şamlar çatdılar bağa,

Üzləri bənzərdi nurlu çırağa.

Məclis düzəltdilər gözəl, şahana,

Süfrələr saldılar geniş meydana.

Şam şamın yanında, məclis gözəldi

Şahlıq sevinc ilə üz-üzə gəldi.

Onların başçısı bir gözəl pəri,

Qızıl taclarının parlaq gövhəri

Tez gəlib oturdu öz məkanında,

Gözəllər əyləşdi onun yanında.

Quş kimi ötdülər, şur salıb bağa,

Quşlar səslərinə endi torpağa.

Mahan da məst oldu, süzüb onları,

Ayın da qalmadı səbri, qərarı,

Mizrab vurmadaydı sanki ayaqlar,

Əl çalan əllər də xaniman talar.

Yel əsdi, düzəldi dastan əlüstü,

Turunc məmələrin açıldı üstü.

Sevda vurmuş gecə səpirdi şəkər,

Səndəli turunca qatırdı yeksər.

O şən turuncların qəmiylə Mahan

Səndəl sürtmədəydi baxıb uzaqdan.

Yüz tədbir tökdü ki, etsin bir çara,

Özunü yetirsin bəlkə onlara.

Huri saçlarını istədi hörsün,

Qiyamət görmədən cənnəti görsün.

Düşdü xatirinə nə demişsə pir,

Çəkdi çılğınlığın bağını bir-bir.

Gözəllərsə yenə süzür, süzürdü,

Hər oynayan pəri bir can üzürdü.

Belə şadlıq edib, deyib çaldılar,

Sonra məclis qurub, süfrə saldılar.

Ləl ilə dürr idi tamam o süfrə,

Dürr lələ qarışmış, ləl isə dürrə.

Su və od görməmiş dadlı yeməklər,

Müşkdən, gülabdan saçırdı ənbər.

Üstü zəfəranlı xoş zirə aşı[246],



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [61] [62] [63] [64] [65] [66] [67] [68] [69] [70] [71] [72] [73] [74] [75] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info