Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Bu dünya əzəldən vəhşətxanədir,

Göyərən hər otun işi nalədir.

Dağların damını örtüb qalın qar,

Dəniz quyusuna dolub yağışlar.

Yarandı ceyranlar ovlayan insan.

Qulanlar, ceyranlar qaçdılar ondan.

Mən də bir ahuyam, düşmüşəm bu gün

Amansız toruna zalım ölümün.

Bu yolda köməkçim olacaq allah,

Yoxdur ondan başqa heç kimə pənah!

Bu fani dünyadan köçən zaman siz,

Ancaq bir allaha üz döndəriniz".

Deyərək bir şirin yuxuya getdi,

Sözü nə uzadaq, o, vəfat etdi...

 

 

 

ƏFLATUNUN RUZGARININ SONU

 

Müğənni bir şirin nəğmə söylə sən,

Bu ki, ilk ricamız deyildir səndən!

Sübh çağı dinləyib sənin səsini,

Unudaq dünyanın ah-naləsini!

Əflatun söylədi köçüb gedərkən:

"Olacaq hamıya torpaq son məskən.

Deyirlər: mən uzun ömür sürmüşəm.

Rumda ən yaşlı bir dünya görmüşəm.

Ölüm pərdəsinə mən yol tapanda

Başqa pərdələrdən döndüm cahanda.

Bir körpə uşağa bənzərəm mən də

Ki, qaçar beşiyə yuxu gələndə.

Vücudu yatmağa sövq edər onu,

Yuxu necə-gəlir, heç bilməz bunu.

Su ilə torpaqdan, od ilə yeldən.

Bu zidd ünsürlərdən əmələ gələn

Dünyada düzlükdən olarmı nişan,

Belə kəc bir yerdə qalarmı insan?

Bünövrəsi əyri qoyulan evin

Bir gün dörd divarı uçacaq, yəqin!

Yaşım yüz on üçü keçmişsə əgər,

Halım on yaşlı bir uşağa bənzər.

Qocayam, ancaq ki, o gənc yaşımda

Olan arzularım oynar başımda..."

Bu xoş arzulardan bir az keçəntək

Onun da fərşini yığdırdı fələk...

 

 

 

VALİSİN RUZGARININ SONU

 

Müğənni, bir nəğmə de, qəşəng olsun,

Mənim fəryadımla həmahəng olsun!

Bəlkə də ruhlanıb sənin nəğməndən

Yeddi çay üstündən keçə bilim mən...

Valisin gözünü yuxu tutanda

Ömrünün gəmisi qaldı tufanda.

Dostları eşidib gəldi haraya,

Fələktək aldılar onu araya.

Xəstəlik getdikcə elədi şiddət,

Zəiflik qoymadı bədəndə taqət.

Bəxtini göylərdə yoxlayan zaman

Gördü bəxt ulduzu uzaqdır ondan.

Ulduz ədalətdən çıxmışdı kənar.

Ona zülm etməyə vermişdi qərar.

Ordakı dostlara eyləyib xitab,

O da öz ömründən verdi haqq-hesab:

"Xatircəm olmayın, - deyirəm ki, mən -

Qara zınqırovlu yeddi hindlidən[253].

Bizə xoş bəxt verən bu ulduzlardır,

Ancaq pislikdə də əlləri vardır.

Nəhs dövrə başlasa ulduzlar əgər,

Bu dövrə zalimlik dövrü gətirər.

Zülmün zəmanəsi olmamış tamam

Dünyada yetişməz adil bir adam.

Qayıtsa yenidən o yeddi ülkər.

Şad olar o zaman yenə xoşbəxtlər.

Dönüş nöqtəsinə gedib çatmadan

Yazdı yazımızı amansız zaman..."

Allahın adıyla bitirdi sözü,

Yumuldu dodağı, yumuldu gözü...

 

 

 

BƏLİNASIN RUZGARININ SONU

 

Müğənni, bu köhnə pərdədə yekə

Hüzünlü, qəmli bir hava çal mənə!

Qəlbim də səs versin o nalələrə,

Şəbnəmtək göz yaşım çilənsin yerə!

Dövrü Bəlinasın axıra yetdi,

O da ariflərə belə ərz etdi:

"Vaxt çatıb, köçümü mən çatım gərək.

Başqa bir aləmi arzular ürək.

Bu palçıq daxmada yaşardım əvvəl,

Mən getdim, yerimdə qaldı bir heykəl.

Yeddi heykəlinə bu fələyin mən

Əsla baş əymərəm səmimi qəlbdən!

Mən göydən də uca bir hökmüdaram,

Istəsəm hər evə girib-çıxaram.

Budaqda gül olub açaram bəzən,

Istəsəm tovuztək uçaram bəzən.

Pəritək kimsəyə olmadan əyan,

Istəsəm uçaram hər yerə nihan.

Mənim uçuşlarım sığmaz zamana,

Öpərəm mən onu getsəm hər yana.

Istəsəm göyləri ayaqlaram mən,

Daşın içini də eylərəm məskən.

Səhralar, dənizlər qarşımı almaz,

Çöldə Xızr olaram, dənizdə İlyas.

Gəlib mənzilimə əgər baxsanız,

Hər şey yerindədir, mən yoxam yalnız.

Uçaram göylərə - o son məskənə,

Yerdə nə qalarsa dəxli yox mənə!..."

Bunları astaca tərənnüm etdi,

O da gedənlərin ardınca getdi.

Son qoydu dünyanın əzablarına,

Dostlarla bir ölmək xoşdur insana...

 

 

 



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [46] [47] [48] [49] [50] [51] [52] [53] [54] [55] [56] [57] [58] [59] [60] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info