Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Göründü pərilər, elə bu zaman

Gün bayraq qaldırdı sanki dəryadan.

Saçlar ağ əndama səpələnibdir,

Sanki gümüş üstə müşk ələnibdir.

Təranə oxuyur şövq ilə onlar,

Hər səsdə, nəğmədə başqa ahəng var.

İskəndər eşidib o xoş səsləri,

Qanı cuşə gəldi, yandı ciyəri.

Bu həzin nəvadan ağladı bir az,

Sonra gülüb dedi: ağlamaq olmaz.

Bir səsdən gülə, həm ağlaya insan,

Onun qüdrətinə olmazmı heyran?

Şah bütün bunları seyr edib, yenə

Sahildən qayıtdı öz məskəninə.

Bəzədi göyləri ağ Çin ipəyi,

Yer açdı üzündən qara örpəyi[218].

Dedi gəmiçiyə böyük hökmüdar:

"Tez ol, bu dənizə bir gəmi çıxar.

Dalğalı suları seyr eləyim bir,

Var bu pərdələrdə ilahi bir sirr.

Bu iş qorxuludur, anlayıram mən,

Ancaq əl çəkmərəm öz niyyətimdən.

Bunu bir aqildən soruşsan əgər,

Fələk sövq eləyib bu işə, - deyər".

Gəmiçi dinlədi şahın əmrini,

Sahildən dənizə saldı gəmini.

Şah minib gəmiyə gedəndə ordan

Sahildə müntəzir dayandı xaqan.

Ona tapşırdı ki: "Mən qayıtmamış

Tərpənmə yerindən əsla bir qarış!

Geri döndərmərəm əsla yelkəni,

Bəlkə də əcəldir aparan məni...

Sağ dönsəm, çıxaram xəcalətindən,

Dönməsəm, işlərə əncam çəkərsən!"

Deyib, göz yaşını axıtdı seltək,

Yerdə qalanlara vida edərək,

Sürdü gəmisini Çin dənizinə.

Kim görüb ki, dəniz gəmiyə minə![219]

Yoldaşlarından da bir neçə nəfər

Götürdü, birlikdə etdilər səfər.

O Isa nəfəsli ustadlardan da

Bircə Bəlinasdı onun yanında...

Çəkildi sahildən ənginliklərə

Sahil görünməyən uzaq bir yerə.

Dəniz dünyasında bir dünya getdi[220],

Hünəri, şöhrəti dünyaya yetdi.

Bir xeyli yol getdi dənizdə gəmi,

Axıntı başladı birdən sel kimi.

Axırdı Mühitə dəniz bu yerdən,

Axırdı, axırdı geri dönmədən.

Mahir dənizçilər düşüb heyrətə,

Bu qorxunc sularda gəlib dəhşətə,

Axır rəhnümədən öyrənib sirri,

Gördülər ki, gərək dönsünlər geri.

Bu zaman uzaqda nurtək parlayan

Kiçik bir cəzirə göründü əyan.

Mühitin selindən qorxaraq onlar

Həmin cəzirədə tutdular qərar.

Bir qoca gəmiçi gələrək dilə

Müdrik padişaha söylədi belə:

"Çatmışıq ən qorxunc, çətin bir yerə,

Bura son mənzildir rəhnüma üzrə.

Gəl, inad eləmə, dəniz suları

Burdan axıb gedir Mühitə sarı.

Əgər bir mənzil də o yana getsək.

Daha mümkün olmaz geriyə dönmək!.."

İskəndər bunları eşidən zaman

Gördü qorxuludur bu yer, doğrudan.

Əmr etdi, burda bir tilsim düzəlsin,

Əliylə işarə eyləyə bilsin.

Görənlər bilsin ki, yol yoxdur burdan,

O yana keçməyib hələ bir insan.

O yerdə misdən bir tilsim tökərək.

Onu qaldırdılar adada yüksək.

Gəmilər gələndə bura uzaqdan,

Tilsim suyu verib əliylə nişan,

Bildirsin ki, burdan keçməyib heç kəs.

Kimsə cəhd etməsin o yana əbəs!

Şahın buyruğundan olub xəbərdar,

Bu yoldan geriyə qayıtsın onlar.

Tilsimə bir daha nəzər saldı şah,

Duydu ki, bu sirri buyurmuş Allah.

Alimə dedi ki: "Çəkilən zəhmət

Bu işin xatiri üçünmüş, əlbət!

Bu tilsim üstündə, buna sal nəzər,

Məni bu dənizin Xızrı etdilər".

Allahın əmrilə qadir hökmüran

Salamat qayıtdı o gur axından.

Dənizdə on gün də etdilər səfər,

Yol azdıqlarını sonra bildilər.

Uca bir dağ gördü onlar uzaqdan,

Önündə yol kəsən qorxunc burulğan.

Bir gəmi girdaba düşsəydi əgər,

Hərlənib qalardı hey uzun illər.

Sınıb dağılardı orda, nəhayət,

Ordan çıxmamışdı kimsə səlamət.

O mahir gəmiçi ora yetişcək

Xətt çəkdi gəmiylə suda pərgartək.

Bir dağ ətəyində saldı lövbəri,

Çıxardı sahilə sərnişinləri.

Baxıb burulğana, xəyala daldı,

Arvad-uşağını yadına saldı.

Şah sordu: "Nə var ki, qəmgin durubsan?

Üzübsən əlini sanki dünyadan."

Gəmiçi bilirdi iş nə yerdədir,

Bunları şaha da danışdı bir-bir:

"Gəmini bu yerə sürərsə hər kəs

Bu qorxunc girdabdan qurtara bilməz!

"Şir ağzı" deyərlər bu burulğana,

Çünki şir ağzıtək hərisdir qana.

Doğrudur, çox qorxu çəkdik biz müdam,

Ancaq bu təhlükə başqadır tamam.

Bu ona bənzər ki, qızdıra xəstə,

Bir yara da çıxa yaranın üstə.

Qorxuyla keçdiksə o yolu əgər,

Öndəydi təhlükə, öndəydi xətər.

Ölüm ayağıdır indisə bura,

Yağışdan qurtarıb düşdük yağmura.

Bu dağ qılıncından xilas olaq biz,

Quruyla getməkdir ancaq çarəmiz.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [46] [47] [48] [49] [50] [51] [52] [53] [54] [55] [56] [57] [58] [59] [60] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info