Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Taleyi səmada bəd görən zaman

Münəccim özü də əsdi qorxudan.

Önündə aynaya baxdı İskəndər.

Baxdı, vücuduna yetirdi nəzər,

Gördü ki, bədəni tüktək incəlib,

Qaçmaq istəyən can dodağa gəlib.

Nə qəlbdə qüvvə var, nə canda taqət,

Əyilmiş əvvəlki o sərv qamət.

O öz ölümünü gözüylə görcək,

Özü öz halına ağladı şamtək.

Yaxın dostlarını dəvət elədi,

Ürək sözlərini onlara dedi:

"Gəmim dar girdaba düşdü, a dostlar,

Ölüm ağzı açıq nəhəngtək durar.

Köçmək vaxtı gəldi bu düşərgədən,

Başqa bir ovlağa getməliyəm mən.

Bu fələk mənimlə xoşrəftar oldu,

Dağda, daşda mənə pərəstar oldu.

Indi düşmən oldu o haqq-sayda,

Dəyişdi rəftarı Günəş də, Ay da.

Ruzgar gözlərimdə çənə bürünür,

Bu dardan çıxmağım müşkül görünür,

Nə çarə qılım ki, oldum dərdmənd,

Bu fələk tacıma atıbdır kəmənd.

Hardadır, çatdırın xəzinədara,

Bəlkə rüşvət verib məni qurtara.

Mənim od qılınclı qoşunum hanı?

Qovsun canımdakı bu qızdırmanı.

Ən qorxunc divləri tutub ram edən,

Təxti-tac sahibi İskəndərəm mən!

Qılınca qurşandım, kəmər bağladım,

Bütün qulaqlara çatmışdır adım.

Zəhərli qılıncla tufan edib mən

Tozlar qaldırmışam Bəhri-Qülzümdən[235].

Böyüdüb çoxunu etdim hökmüran,

Çox qoyun almışam qurdlar ağzından.

Çox-çox sınıqları mən calamışam,

Çox-çox bütövləri parçalamışam.

Zülmü ədalətlə eyləyib əvəz,

Müşküllər həll edim hesaba gəlməz.

Qünnücdən Qülzümə oldum hökmüran,

Şimşək qılıncımı gördü Qiyrəvan[236].

O qılınc dönübdür indi zəncirə,

Ömrümü tor kimi salıbdır girə.

Çox dağlar, dənizlər keçmişəm, heç kəs

Dünyanı mənimtək seyr edə bilməz.

Hökmüdar Daraya qarşı çıxıb mən

Başını torpağa sərdim bəxtimdən.

Mən o qatil Furun boynunu vurdum,

Çipalın yerində Çində oturdum,

Qabildən, Habildən alıb intiqam,

Nasikdən Mənsəkə yollar açmışam.

Yudum məcusluğu dünya üzündən,

Rus dənizində də od qaladım mən[237].

Cəmşidtək təxtlərə çıxdım - ucaldım,

Firidun xəzinə yığdı, mən aldım.

Yıxdım daxmasını - evini Adın,

Qəsrini hünərlə açdım Şəddadın.

Hətta Sərəndibə gedib çıxaraq,

Adəmin izinə basdım mən ayaq[238].

Rüstəmin bəxtindən mən soraq verdim,

Keyxosrov təxtindən xəbər gətirdim.

Məşriqdən Məğribə at səyirdərək

Yəcuclar səddini ucaltdım dağtək.

Adəmtək Qüdsüdə elədim məskən,

Kəbə həlqəsinə əl yetirdim mən.

Bir məşəl ucaltdım qatı zülmətdən.

Zülmün qapısını taxtalatdım mən!

Aldığım adları nahaq almadım,

Atmadım qəflətdə tək bircə addım.

Mən hansı bir yerə etdimsə səfər

Ədalətlə bilik qazandı ellər.

Sarp daşı əridən isti havalar

Sağlam bədənimlə etdi xoş rəftar.

Indisə bu pərqu yataqda bitab

Yatıram, xəstəlik verir min əzab.

Balınca baş qoydum zəifliyimdən,

Yatağa düşərmi sağlam bir bədən?

Dünyanı qapqara gördüm gəzərək -

Qara qumdan tutmuş qara suyadək.

"Nə gördün?" deyərək sorsalar əgər,

Deyərəm: sanki heç etmədim səfər.

Dünyanı görmədən torpağa girən

Birgünlük körpəyə bənzəyirəm mən.

Dünyanı başabaş gəzmişəm özüm,

Hələ ki, dünyadan doymayıb gözüm...

Otuz altı deyil, lap otuz min il

Yaşasam, cavabım bu olardı, bil!

Mənə sirlərini açdı asiman,

Çox şeylər söylədim Günəşdən, Aydan.

Qədr-qiymət qoydum müdrik insana,

Şükürlər eylədim mən yaradana.

Ömrümü qəflətlə vurmadım başa,

Ağılla, hünərlə mən doldum yaşa.

Bütün biliklərdən dərsimi aldım,

Ölümün əlində, heyf aciz qaldım.

Çox azğın zalimi çəksəm də dara,

Bu namərd ölümə tapmadım çara.

Bir ölümdən başqa hər bir müşkülə

Mümkündür birtəhər çarə edilə.

Hanı yollarına qızıl səpdiyim

Dərin düşüncəli yüzlərcə həkim?

Torpağı qızıla çevirin yenə,

Gəlin, əlac edin şahın dərdinə.

Hardadır Ərəstu - tapa bir dərman,

Məni biliyilə qurtara dardan?

Hanı əfsun bilən həkim Bəlinas?

Gəlib İskəndəri eləyə xilas.

Hanı bəs Əflatun, o təmiz insan?

Mənim bu dərdimə eləyə dərman.

Hardadır o böyük bilici Valis?

Desin bu mərəzə nə oldu bais.

Çağırın Sokratı, bəlkə əql ilə

Bu bağlı qapını o aça bilə.

Hürmüzə göndərin durmadan xəbər.

Bəlkə ürək verə şaha birtəhər.

Gedin, Fərfuryusu edin xəbərdar,

Bəlkə bu dərdimə o əlac tapar.

Bu sözü bir daha eylədi təkrar:

"Etsə, əlac edər tək pərvərdigar!



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [46] [47] [48] [49] [50] [51] [52] [53] [54] [55] [56] [57] [58] [59] [60] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info