Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

"Ey müdrik ilhamçı, ey mələk, - dedi, -

Dinləyib o böyük pərvərdigarı,

Gərək tərk eləyəm mən bu diyarı.

Məşriqdən məğribə hücum çəkərək

Xalqları yuxudan oyadam gərək!

Ellərin dilini əsla bilmədən,

Onlarla nə cürə danışım bəs mən?

Nə sayaq bilim ki, nə deyir onlar?

Qarşımda hələ çox maniələr var...

Birisi budur ki, bu çətin səfər

Orduda vahimə törədə bilər.

Bir də ki, qoşunla səfər edərkən

Dağları, çölləri necə keçim mən?

Bu qədər zillətə edərlərmi tab?

Nə cürə onlara mən verim əzab?

O korlar ardımca gəlməsə əgər,

Kar olub sözümü eşitməsələr,

Mən yad ölkələrdə o kar-korlara

Nə əlac eləyim, varmı bir çara?

Əgər peyğəmbərlik fikrinə düşsəm,

Xalqı cəlb etməkçin hanı möcüzəm?

Hanı bir möcüzə, eləsin kömək,

Mənə inansınlar onu görərək?

Əvvəl yeriməyi öyrədib mənə,

Sonra da getməyi tələb etsənə.

Elmi dərya kimi çox insanların,

Zəkayla, biliklə tox insanların

Sarsıtmaq mümkünmü heç vüqarını?

yox etmək olarmı iqtidarını?"

O vəhyi gətirən xeyirxah mələk

Dedi, İskəndərə xitab edərək:

"Rəvandır hər əmrin, hökmün cahana,

Həm gizli, həm aşkar, bil ki, hər yana.

Qərbdə bir tayfa var, özü köçəri,

Nasikdir adları, yoxdur dinləri.

Şərqdə bir tayfa var, xislətdə mələk,

Onlara layiqdir Mənsək ad vermək[161].

Dəryatək cənubda bir tayfa yaşar,

Habildən törəyib qalmışdır onlar.

Şimalda bir tayfa salmışdır məskən,

Mütilik onlara qalmış Qabildən.

Başlayan zamanda uzaq səfərin,

Düşəcək qaraya, ağa güzərin.

Nasikdən Mənsəkə çək qoşunları,

Keç sonra Habildən Qabilə sarı[162].

Hamısı hökmünə, yəqin, baş əyər,

Başından keçərlər baş əyməyənlər.

Hər başçı ayağın heç ola bilməz,

Səni əvəz etməz dünyada heç kəs!

Aytək, Müştəritək gecə nur saçan

Parlaq bəxtinlə sən bir şəbçıraqsan.

Ucadan düşəndə işığın sənin

Açılar qapısı hər xəzinənin.

Yola çıxanda ol hər şeydən agah,

Səni hifz edənə apar sən pənah.

Hansı bir niyyətlə minsən atına,

Köməklər köməyi çatsın dadına!

Dünyada özünə, orduna əsla

Nə bir zərər dəysin, nə də bir bəla.

Nabələd yollarda öndən, arxadan

Keşikçin olmalı sənin hər zaman.

Səni hara çəksə işıqlı niyyət,

Əmrində duracaq nur ilə zülmət.

Qaranlıq arxanda, nur önündə - sən

Özün görünməzsən, ancaq görərsən.

Kim sənə xoşluqla itaət etsə,

Işıq bəxş edərsən sən də o şəxsə[163].

Hər kim lovğalıqla çıxsa qarşına,

Sən də qaranlıqdan bir pay ver ona[164].

Qoy bir kölgə kimi zülmətdə qalsın!

Qorxuda, dəhşətdə, zillətdə qalsın!

Bir də ki, atını cilovlayaraq

Nə zaman istəsən bir ölkə almaq,

Qarşına yad tayfa çıxarsa əgər,

Səninlə yad dildə söhbət etsələr,

Qadir köməkçinin ilhamıyla sən

Hər qövmün dilində cavab verərsən.

Dilbilən olarsan hər bir ölkədə,

Sənə gizlin qalmaz tək bir kəlmə də.

Sən də Rum dilində hər nə danışsan,

Anlar tərcümansız orda hər insan.

Allah bu möcüzü bəxş etmiş sənə,

Qalibsən bununla sən hər düşmənə!"

Şah gördü bu sözdə böyük bir məna,

Söylədi: "Baş əyər bəndə fərmana!"

Qasiddən peyğamı qəbul eylədi:

"Allaha biz müti bəndəyik" dedi.

O gündən hazırlıq gördü səfərə,

Əsla baş qoşmadı başqa işlərə.

Kənar məşğələdən uzaq olaraq,

Səfərə tədarük görürdü ancaq.

Mələk gətirmişdi ona xoş xəbər,

Əlavə olaraq, yenə İskəndər

Tədbirlər öyrəndi hər bir alimdən,

Çatar məqsədinə çox tədbir bilən!

Səfərdə həmişə faydalı olan

Mənalı kəlamlar yığdı durmadan.

Allah tərəfindən gəlmiş mükəmməl

O "Sifri-əzəm"dən başqa üç gözəl

Nəsihətnamə də keçirdi ələ[165],

Yazdırdı ipəyə qara müşk ilə.

Ərəstu oldu ilk naməni yazan,

O xəbər verirdi yaxşı-yamandan.

Ikinci naməni bildiklərindən

Əflatun yazmışdı duyub dərindən.

Üçüncü xəzinə Sokratdan idi,

Qiymətli gövhərlə doluydu içi.

Sözlər bir-birinə rəbt edilərək,

Üç nəsihətnamə tamama yetcək,

Padşah möhürlədi bunları o dəm,

Səhmanla bağlayıb saxladı möhkəm.

Tədbirə ehtiyac duyduğu zaman

Açıb oxuyardı bir-bir onlardan.

O gövhərlə dolu xəzinələrdə

Dərman axtarardı düşdüyü dərdə.

Görsəydi çətindir bir qərar vermək,

Allahın feyzindən istərdi kömək.

O bir gün çıxaraq öz ac-təxtinə[166],

Firuzə rəngli tac qoyaraq yenə, -

Aqil vəzirinə buyurdu belə:



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info