Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Çünki belə şeyi nə görmüş, nə də

Oxumuş idi bir xosrovnamədə...

Öz-özünə dedi: "Arifsən əgər,

Qoy sənə bir ibrət olsun bu sirlər.

Dünyanı gəzmərəm mən, daha bəsdir,

Hər ovlaqda bir tor qurmaq əbəsdir.

Bütün bildiklərim qalsın bir yana,

Bunların söhbəti bəs elər mana.

Elə bil dünyanı o pərvərdigar

Bu mərd insanlarçün etmiş bərqərar.

Bunlar şövkət vermiş aləmə, yəqin

Sütunu bunlardır bütün aləmin.

Düz yaşayış yolu budursa əgər,

Insan bunlardırsa, bəs nəyik bizlər?

Bizi haqq göndərib çölə, dənizə,

Qəsdi göstərməkmiş bunları bizə.

Vəhşi adətlərə eyləyib nifrət,

Öyrənək bunlardan ayin, mərifət,

Bunları əvvəldən görsəydim əgər,

Dünyanı bu qədər gəzməzdim hədər.

Tapardım özümə dağda bir kaha,

Ibadət eylərdim orda Allaha.

Bunlartək asudə ömr edərdim mən,

Dinim də olardı həmin bu dindən!.."

İskəndər görəndə onları dindar,

Peyğəmbərliyini etmədi izhar.

Görəndə onları əməlisaleh,

Xəzinə bəxş etdi o böyük fateh.

Qayıtdı geriyə ordan fərəhlə,

Qoşunu dəniztək yönəltdi çölə.

Bayraqlar qaldırdı rum ipəyindən,

Al6 xara geyindi sanki çöl-çəmən!

Tutdu qarışqatək qoşun hər yanı -

Dərəni. təpəni, düzü, ormanı...

Hara iz saldısa atının nalı

Sildi o yerlərdən dərdi, məlalı.

 

 

 

İSKƏNDƏRİN RUMA QAYITMASI

 

Müğənni, şövqlə ucalt səsini,

Aç yenə gövhərlər xəzinəsini!

Bu bağlı qapıya kim salsa açar,

Gizlin xəzinədə dürr, gövhər tapar.

Meyvənin xoş ətri basanda bağı

Kəndlilər unudar evi, otağı.

Meyvələr çoxalar, bağlar varlanar,

Belə bir bolluqdan yer vüqarlanar.

Fərəhdən sevinib güləndə püstə

Xurma baxıb ondan bir busə istər.

Ləl ilə bəzənmiş bir tac kimi nar,

Uzaqdan çıraqtək alışıb yanar.

Göz vurub qızarmış alma edər naz,

Çəkər gərdənin turunc işvəbaz.

Tənəklər şərabdan nəşələnərək

Sarmaşar almaya, nara sərxoştək.

Bürüyüb bağları var ağacları,

Cüt məmələr kimi görünür barı.

Əncir yeyən quşlar oğrutək pünhan

Asılar ağacın budaqlarından.

Badam sevən torpaq yağ almaq üçün

Soyar qabığını badamın bütün.

Istəyər, innab da gəlib həvəsə,

O dilsiz-ağızsız fındıqdan busə.

Ağaclar şənliklə qaldıraraq baş

Innabdan, fındıqdan verərlər şabaş.

Qarapapaq üzüm sərxoşluğundan

Dolar barmağına saçını nihan.

Qabaqlar sazlarlar şadlıqçün rudu,

Heyva boğazından tutar armudu.

Daşınar şərabçın dolu səbətlər,

Səbət daşıyanın üzü-gözü tər.

Salxımlar sıxılar bağda başabaş,

Axışar küplərə şirəsi birbaş.

Südəmər körpələr necə qığıldar,

Küplər də dolduqca elə uğuldar.

Toy-bayram edirkən dünya bu zaman

İskəndər uzaqdı bu toy-bayramdan.

Qatıb bir-birinə gecə-gündüzü,

Üzürdü dənizi, keçirdi düzü,

O, bir çox ölkəni xoşluqla, zorla

Dardan çıxarmışdı geniş bir yola.

Ömrün piyaləsi artıq dolmuşdu,

Onun özünə də yol dar olmuşdu.

Dünyada hamıya iki qapı var,

Birindən girənlər birindən çıxar.

Bu yeddi budaqlı, altı cəhətli,

Dövrəsi, meydanı, yeri vüsətli

Sərvdən ucaldı bir qiyabi səs:

"Daha fatehlikdən əl çək, bəsdir, bəs![229]

Bəsdir, bu dünyanı gəzməkdən əl çək.

Daha ilk mənzilə dönəsən gərək!

İskəndər sözünü yazanda katib

Yalnız beşcə hərflə ifadə edib.

Beş hərfə müvafiq etdin beş səfər[230],

Suları, dağları keçdiyin yetər!

Pəncəni bu dünya işlərindən çək.

Qayıt öz evinə, get, beş ayadək

Yunan torpağına dönməlisən sən!"

Ayıldı İskəndər sanki məstlikdən.

Qorxuyla, dəhşətlə dinlədi bunu,

Çəkdi öz atının tez cilovunu.

Məhrəm dostlarına açıb bu sirri,

Ordan Ruma sarı qayıtdı geri.

Dərədən, təpədən, dənizdən, dağdan

Keçərək, yol getdi daha durmadan.

Yerin o başından Kirmana yetdi,

Ordan Kirmanşaha yol aldı getdi.

Sonra da Babilə gəlib, İskəndər

Ordan Ruma tərəf elədi səfər.

Yolda Zur şəhrinə gəlib çatanda

Pozuldu səhhəti şahın bir anda.

Onun can köhləni daha yoruldu,

Taqətdən düşərək yolgetməz oldu.

Ruma çatmaq üçün xeyli can atdı,

Əl-ayaq süstləşdi, qalmadı imkan.

Sandı ki, içibdir zəhərlənmiş su,

Həmin o zəhərin təsiridir bu.

Onu əldən saldı qorxu, vahimə,



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [46] [47] [48] [49] [50] [51] [52] [53] [54] [55] [56] [57] [58] [59] [60] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info