Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Bəlkə rəhm eləyib qurtara məni,

Qurtara bu dərdli, yazıq bədəni.

Əlimdən tutan yox, yox salan yada,

Heç kəs tək qalmasın məntək dünyada!

Mənə belə cəza verərkən fələk,

Nə lazım səs salıb fəryad eləmək?

Içindən çıxdığım torpağın yenə

Axtarıb baş qoyum pak sinəsinə.

Ölüm girdabına düşməmiş, gərək

Suya qalxan tutam ləngiməyərək[239].

Çılpaq doğulmuşam çünki anadan,

Məni soyundurun dəfn edən zaman.

Yüküm yüngül idi doğulanda mən,

Yenə yüngül gedim burdan gedərkən.

Bir quş dağa qonub qalxarsa əgər,

Dağa nə artırıb-əksildə bilər?

Mən də bir quş idim, ölkəmsə - bir dağ.

Gedərsəm, bu dünya yasa batacaq?

Məntək çoxun doğub öldürmüş dünya.

Nifrətə layiqdir bu qozbel dayə[240].

Çoxuna mərhəmət, lütf eyləmişəm,

Görən də olubdur əlimdən sitəm.

Zalim olmuşamsa, əfv edin məni,

Mən də öldürmüşəm çox zülm edəni!

Tabutum torpağa olanda təslim,

Pak ruhum paklara qovuşar mənim.

Başa kül sovurmaq əvəzində siz

Mənimçün allaha dua ediniz!.."

Bunları söyləyib, almadı cavab,

Yenə yatağına sərildi bitab...

 

 

 

İSKƏNDƏRİN ANASINA

MƏKTUB YAZMASI

 

Müğənni, rudunu bir dindir barı,

Yada sal nəğmənlə o yatmışları!

Mənim dərdimə qal, sazımı sazla,

Bəlkə rahat yatım o xoş avazla!..

Gülə hücum etsə payız ruzgarı

Körpəykən quruyar tər budaqları.

Ölüm bir bəladır, çarə edilməz,

Onun çarəsini tapmayıb heç kəs.

Əcəl qızdırması yetişən zaman

Qalar həkimdən də əlacı pünhan.

Gecə köçüb getdi, ağladı şəbnəm,

Günəş şəfəq saçıb güləndə aləm

Artdı İskəndərin ahü naləsi,

Ucaldı çalınan zənglərin səsi.

Hər dərdə yüz çarə bilən Ərəstu

Bu dərdin önündə çarəsiz durdu.

Şahın sağaltmağa tapmayıb əlac,

Özünü görərək əlaca möhtac,

Şaha söylədi ki: "Ey şəfəqli şam,

Şahlar nur alıbdır şöləndən müdam!

Qalıbdır dərdinə həkimlər naçar,

Üzünü allaha çevirib yalvar.

Hələ haqlamamış coşğun sel bizi,

Niyə dəyişmədik öz yerimizi?

Bu şərab qədəhdən aşıb daşmadan,

Nə üçün ölmədim, çıxmadı bu can?

Dilərəm: bir tükün əsməsin sənin,

Bir tükün əskilsə ölərəm, yəqin!

Ancaq bir şərbətdir bu ölüm, gərək

Qoca da, cavan da, - hamımız içək!

Nə deyə bilərəm: iç bu badəni!

Çünki bihuş edər içəndə səni;

Nə də almaq olar qədəhi səndən,

Çünki şah bəzmində ədəbliyəm mən!

Əfsuslar olsun ki, bu nurlu çıraq,-

Qurtarıbdır yağı, - xamuş olacaq.

Ancaq yağsızlığın qalma dərdinə,

Bəlkə yağ yetişdi, oyandı yenə..."

İskəndər dedi ki: "Bu sözdən əl çək,

Əcəli yetəndə insan öləcək!

Əmrimdə deyildir dövr edən göylər,

Əlimdə deyildir Günəş, Ay, Ülkər...

Bir ovuc torpaqla bir qətrə suyam,

Bunlardan yoğrulub əzəldən mayam.

Haqqın sayəsində böyüdüm, artdım,

Nəhayət, elə bir rütbəyə çatdım

Ki, Şərqdən Qərbədək gəzdim hər yanı,

Keçirdim əlimə bütün dünyanı.

O zaman cahana bir şah idim mən,

Canımda can vardı, sağlamdı bədən.

Indi ki, zəiflik üz verdi cana,

Gərək səfər edəm başqa cahana.

Məğrurluq meylinə uyma ki, heyhat,

Dolmaz bu quyuya o abi-həyat!

Susuza eyləməz cəhənnəm əlac,

Sən o dörd çeşməli behiştdən söz aç[241].

Yalvarıb allaha, eylə ibadət,

Bəlkə o eyləyə mənə mərhəmət..."

Günəş köçüb getdi, qaraldı dünya,

O şahlar şahı da getdi yuxuya.

Qorxunc əjdahatək gecə qapqara,

Qatı bir qaranlıq çökdü yollara.

Daş qəlbli bir gecə, dəhşətli zülmət,

Zülmətdə kim görmüş şəfqət, mərhəmət?

Işləri düyünə salan ulduzlar

Sanki dodağına vurmuşdu mismar.

Bu oğru fələk də, oğrular tutan

Ay da qır küpünə düşmüşdü çoxdan.

Qapqara tüstüyə bürünmüş dünya,

Tüklə cəhənnəmdən asılmış guya.

Sanki ərimişdi şah səhərədək

Iyirmi yeddinci gecəki aytək[242].

Anası yadına düşdü, İskəndər

Sarsıldı, ürəkdən oldu mükəddər.

Buyurdu, hüzura ağıllı, zirək

Rumlu katiblərdən biri gələrək,

Qələmi qapqara hislə doldurub,

Əziz anasına yazsın bir məktub.

Ana dili kimi şirin dil ilə

Ona and verərək başlasın belə:

"Anacan, sən məni eyləyəndə yad

Sıxma ürəyini, qoparma fəryad!"

Hər kim oxusaydı bu yazılanı

Qapqara görərdi bütün dünyanı.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [46] [47] [48] [49] [50] [51] [52] [53] [54] [55] [56] [57] [58] [59] [60] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info