Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

FƏRFURIYUSUN RUZGARININ

SONU

 

Müğənni, çal, sənə heyran olum mən,

Ayrılım bu vaxtsız mürgüləməkdən!

Bəlkə nəğmələrin ola mənə yar,

Nə yatam, nə görəm qorxunc röyalar!

Fərfuriyus köçmək əmrini aldı,

Dəvəni yükləyib, təblini çaldı.

Dedi dostlarına: "Bu bəzəkli bağ

Reyhan ətirlidir, gözəldir, ancaq

Fanidir, o bir gün gedəcək bada.

Cəhənnəm olsa da, behişt olsa da!

Bizə bilikdəndir hər qorxu, bəla,

Yolbilən arxayın düzəlməz yola!

Qozbel olar bütün yay qayıranlar,

Dərzinin paltarı yamaqlı olar!

Yağ satanın qabı yağlı görünər,

Evində yağ olmaz bir zərrə qədər!

Xəzinə yükünü çəkərsə hər kəs,

Ömründə dərd-qəmdən dincələ bilməz!"

Pərgarı nəqşədən üzüldü, bu dəm

Onun da ömrünə çəkildi qələm...[254]

 

 

 

SOKRATIN RUZGARININ SONU

 

Müğənni, çal rudu, gəl, dadıma çat,

Məni bu amansız yuxudan oyat!

Bəlkə rudun səsi axar çay kimi

Soyutsun susamış yanar qəlbimi!

Vaxt çatdı, Sokrat da düzəldi yola,

Əcəlin önünə çapdı dördnala.

Deyirlər: gizlicə düzəldib zəhər,

Özündən xəbərsiz ona verdilər.

Bundan xəstələnib səfər edərkən

Bir şadlıq nərəsi çəkdi ürəkdən,

Dedi ki: "Çatarsa vaxtı ölümün,

Ona çarə etmək deyildir mümkün!

Bu solğun balışa dünyada bir-bir

Hamı baş qoyaraq, dincələcəkdir!"

Yüksəklik aşiqi o quş durmadan,

Gördülər, uçacaq indi bu tordan.

Dedilər Sokrata: "Canın bədəndən

Çıxanda, ey alim, bilirsən ki, sən

Gedəcək əlindən hər iqtidarın,

De, harda qazılsın sənin məzarın?"

Gülərək söylədi onlara ustad:

"Burdan gedənləri etməyin heç yad.

Mənimçün nə fərqi burdakı yerin?

Harda istəsəniz orda yer verin,

Ona da bir yuxu tufanı çatdı,

Bəxtinin yelkəni sularda batdı.

Ordakı zirəklər bildi o saat

Nə dedi onlara o böyük ustad.

 

 

 

NİZAMİNİN RUZGARININ SONU

 

Müğənni, çal görək bir "Ramişi-can"[255],

Açılsın ürəyim o xoş havadan!

Xosrov məclisində Barbət çalantək

Çal bir-bir nəğməni, birdən yüzədək!

Bu dastan yazılıb qurtaran kimi

Köçmək xəyalına düşdü Nizami.

Çox çəkməz, o çatar öz arzusuna,

Ömrünün kitabı yetişər sona.

Altmış üç yaşından altı ay qədər

Keçmişkən, istədi eləsin səfər.

Keçmiş alimlərdən danışdı bütün,

O da onlar kimi yatacaq bir gün.

Yığdı dostlarını edərkən səfər,

Verdi köçəcəyi yollardan xəbər.

Gülərək söylədi ki: "Ümidim var,

Keçər günahımdan o pərvərdigar!

Bizimçün çəkməyin boş yerə zəhmət,

Siz qalın, bizləri gözləyir cənnət!

Belə danışarkən getdi yuxuya,

Heç oyaq deyilmiş dünyada guya.

 

 

 

MƏLİK İZZƏDDİNİN MƏDHİ

 

Müğənni, o "Ramiş" havasını çal,

Şadlıq məqamıdır, qurtardı məlal!

Rudunla bir dəsgah çalasan gərək,

Çaldıqca uzana şahın ömrütək!

Aqil adamları aldı ruzigar,

Qaldı şahımıza ağıl yadigar.

Şaha kömək olsun həmişə xoş bəxt,

Onunla bəzənsin daim tacü təxt!

Məlik Izəddinə bu çərxi-dövran

Qüdrət kəməndini bəxş etmiş çoxdan.

Odur yeddi ulduz sirrini açan,

Odur səkkizinci qərana sultan[256].

Kəsra-Key bəzmində o tutub qərar,

Olub Firiduntək xoşbəxt hökmüdar!

Dodağı dünyanın həyat şərbəti,

Ondandır göylərin rəngi, ziynəti.

O qədər şirindir söz bulaqları,

Səsinin quludur öz qulaqları.

Hər səhər bəzəkli bir məclis qurar,

Orada Keyqubad kimi oturar.

Gələr ölkələrin bir çox alimi

Arılar pətəyə yığışan kimi.

Çox bilən alimlər göstərib hünər,

Biliyi azların dərsini verər.

Vardır hər guşədə gövhər tapanlar,

Oddan su almağı bacarar onlar.

Mələk xislətlidir şahın vəziri,

Behiştə açardır hər bir tədbiri.

Şah - Məlik şah kimi səxavətlidir.

Vəziri nizamtək ləyaqətlidir.

O, hökmran şahdır indi dövrana,

Vəzir də ikinci Nizamdır ona.

Alimlər gətirmiş hər bir diyardan,

Yaratmış onlara hər cürə imkan.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [61] [62] [63] [64] [65] [66] [67] [68] [69] [70] [71] [72] [73] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info