Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Balıqtək dünyadan sən uzaq olsan,

Qurtarar zirehin səni qılıncdan!

Tufan başlayarsa almağa qisas

Balıqtək üzənlər əsla qərq olmaz.

İpək karxanası bil bu dünyanı,

Bir yanı sudursa, oddur bir yanı[249].

Orada hərlənən çox tağalaq var,

Biri boşalanda o biri dolar.

Dünyanın sirrini boşdur axtarmaq,

Üstü tüstü-duman, altı toz-torpaq.

Bu tozdan, tüstüdən görünür hər an

Çarpışır, vuruşur yerlə asiman!

Sazişə gəlsəydi göylə yer əgər,

Bizi yer üzündən süpürməzdilər...

Nizami, gəl qurtar axır sözünü,

Qorxutma özgəni, nə də özünü.

Sultanın bəzminə gedəndə mehman

Yolun yarısında olma peşiman.

Eşit sözlərini huşu-guş ilə,

Acı badəsini alıb nuş elə!

İskəndər bu camdan murada çatıb,

Içib o badəni, əbədi yatıb.

Sultan sağlığına kim içsə şərab,

Nuş olsun, içənlər olsun feyziyab!

 

 

 

İSKƏNDƏRİN MƏKTUBUNUN

ANASINA ÇATMASI

 

Müğənni, bu gecə çəngini saz et,

Məni bu dar yolda qəmdən xilas et!

Bəlkə genişlənsin, açılsın yolum,

Köçüm bu daşlıqdan, asudə olum...

Fəsillər içində qış gələn zaman

Narın yağış səpər yerə buluddan

Tozdan xəstələnmiş dünyaya fələk

Sanki dərman verər rəhmə gələrək!

Geniş səmaların sərin şəbnəmi

Qurtarar istidən bütün aləmi.

Susamış otlara bağçada, bağda

Xırdaca buzlardan pay verər şaxta.

Hamıya bəxşişlər paylayan bağlar

Tamam müflis olub möhnətdə qalar.

Dünən reyhan suyu satanlar bütün

Şərab doldurarlar küplərə bu gün.

Qaynayır kəndlinin evində küplər,

Kəndlilər kətan yox, yun paltar geyər.

Ceyran göbəyindən müşk saçılar,

Kabablı, noğullu süfrə açılar.

Şahlar kef məclisi qurub bu zaman

Içərlər İskəndər içən şərabdan.

Gör, qəlbdə nə vardı, dilim nə dedi,

Bu çərxi-fələyin oyunu nədi?

Ruma gəlib çatdı bu qara xəbər:

"Getdi bu dünyadan böyük İskəndər".

Tayfa başçıları yığılıb dedi:

Cahan sahibsizdir, başsızdır indi.

Hər kim barigaha töhfə yollasa,

Gərək təqdim etsin İskəndərusa.

Örtdü qara qanad Rumu sərasər,

Bürüdü ölkəni sanki zəncilər[250].

Çatanda hamını batırdı qəmə,

Şahın anasına yazdığı namə.

Oxuyub məktubu ana ağladı,

Matəmə büründü, qara bağladı,

Baxdıqca oğlunun bu məktubuna,

Tumartək qıvrılıb açıldı ana[251].

Qəlbi yas tutsa da bu möhnətindən,

Çıxmadı o şahın vəsiyyətindən;

"Oğlumun qoy ruhu şad olsun!" dedi.

Onun andlarına əməl elədi...

Bir an kəsilmədi ahı, fəryadı,

Tez getdi dünyadan, o da qalmadı!

Qara taleyinə əlvida etdi,

Onun da həyatı bu cürə bitdi.

 

 

 

ATASININ VƏFATINDA

İSKƏNDƏRUSUN NALƏ ETMƏSI

 

Müğənni, qəlb açan o sazın ilə

Bu odlu dərdimə bir əlac eylə!

O nurlu nəğmənlə könlümü bəzə,

Bu qəmli gecədən çıxar gündüzə!..

İskəndərdən sonra İskəndərus da

Qovğa eləmədi taxtü-tac üstə.

Şahların içində heç onun qədər

Yoxdu şah olmağa layiq bir nəfər.

Beş günlük dünyaya tamah salmadı,

O uca mənsəbə mayil olmadı.

Güldən ayrı düşmüş şeyda bülbültək

Ahü zar eylədi gecə sübhədək.

Sanki anasını bir bala ceyran

Kabab olmuş gördü oyanan zaman.

Ordu böyükləri çox etdilər cəhd,

Bəlkə qəbul etsin tacı vəliəhd.

Açsınlar önündə xəzinələri,

Tutsun atasının tutduğu yeri.

Yoxdu şahzadənin şahlıq məqsədi,

O, ancaq ibadət etmək istədi.

Üzr ilə onlara dedi ki: "Gedin,

Təxti başqasına həvalə edin.

Atamın yerində məclis qurmaram,

Badəni etmişəm özümə haram.

Dünya işlərindən əl çəkmişəm mən.

Yoxdur bu kələfin ucunu görən.

İnana bilməzdim, böyük hökmüran

Belə gənc yaşında gedə dünyadan.

Tərk edib sarayı, keçə təxtindən,

Darısqal daxmanı eyləyə məskən.

Bu dünya əhlini tərk edib daha

Mən üz tutacağam yalnız allaha.

Sütunu sarsılmış titrək körpünün

Üstündə bərk durmaq olarmı mümkün?

Atamdan artıq ki, olmayacağam,

Ölüb-getmədimi elə bir adam?

Onuntək tədbirli ola bilmərəm,

Cahanı fəth edib ala bilmərəm.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [46] [47] [48] [49] [50] [51] [52] [53] [54] [55] [56] [57] [58] [59] [60] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info