Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Dedi ki, padşahdan üzr istəməkçin

Tez onun yanına qasid göndərsin.

İşbilən Mariyə alıb xəbəri,

Açdı qızıl dolu xəzinələri.

Qasidə hazırlıq əmrini verdi,

Şaha misilsiz bir xəznə göndərdi.

Xəzinə görənlər hələ bu qədər

Bir yerdə xəzinə görməmişdilər.

Bəxşişlə rəf oldu - getdi nəhayət

Mariyədən kədər, şahdan ədavət.

Bəxşişlə ədavət, kin sönüb gedər,

Kini, küdurəti bəxşiş məhv edər!

 

 

 

FAĞIR ÇÖRƏKÇİNİN HEKAYƏSİ

VƏ ONUN VARLANMASI

 

Müğənni, öt yenə, o lətif səsin

Bülbülün səsini batil eyləsin.

Nəvalar nəvası olsun bu nəva,

Dərdlərin dəvası olsun bu nəva.

Belə deyirlər ki, Ruma bir zaman

Bir yoxsul gəlibmiş başqa diyardan.

Az vaxtda qazanmış o çoxlu dövlət,

Yığmış karvan-karvan xəzinə, sərvət.

Ancaq bilən yoxmuş dərya xəzinə

Dağdan, ya dənizdən çıxıb bəxtinə?

Kimisi deyirdi: mədən tapıbdır,

Kimisi deyirdi: yox, ev çapıbdır.

Əlqərəz, yazıqdan əl çəkmədilər,

Axır ki, padşaha verdilər xəbər.

Dedilər: "Yad eldən bura bir adam

Gəlmişdi, əvvəllər yoxsuldu tamam.

Keçməmiş aradan bircə il müddət,

O qədər qazanmış qızıl, mal, sərvət

Ki, padşah on katib ayırsa əgər,

Onun dövlətini saya bilməzlər.

O bir çörəkçiydi əvvəl, yoxsul, ac,

Quru çörəyə də, suya da möhtac.

Indi alıb-satır ləl ilə gövhər,

Ağıl bu barədə heç susa bilər?

Peşə yox, alver yox, əkin də əkməz,

Bu qədər dövləti hardan tapıb bəs?"

Yığılıb gördülər belə məsləhət:

Şah ondan bu sirri soruşsun xəlvət.

Əmr etdi padşah ki, o kişi bir gün

Üstündən şübhəni götürmək üçün

Xəlvəti padşahın yanına getsin,

Bu sirri xoşluqla ona nəql etsin.

Varlanmış çörəkçi gedib bargaha,

Ədəblə baş əydi ulu padşaha.

Diz çökdü, bir daha təzim eylədi,

Torpağa düşərək səna söylədi.

Şah onu görəndə bəxtəvər, xoşbəxt,

Təxtinin yanına eylədi dəvət.

Gahdan hədələdi, gah xoş danışdı,

Sonra xəzinədən söz-söhbət açdı.

Dedi ki: "Sən xoşbəxt adamsan, yəqin.

Fələk də xoş baxmış üzünə sənin.

Eşitdim buraya köçüb gələndə

Bir günlük azuqə yox imiş səndə.

Indisə, deyirlər, çox sərvətin var,

Acizdir çəkməyə onu karvanlar.

Dövlət qazanmaqçın çəkərlər zəhmət,

Padşaha yetişər tapılma dövlət.

Bu işin sirrini doğru söyləsən,

Canından, malından arxayın ol sən.

Yox, əgər sözündə duysam bir yalan

Əmrimlə ən ağır cəza alarsan!.."

Çörəkçi gördü ki, qəzəblənib şah,

Bildi ki, düzlüyə qalıbdır pənah.

Təzim eləyərək şaha yenidən,

Söylədi: "Ey padşah, eşitmişəm mən,

Zülmünü görməyib kimsə dünyada,

Yaxşılıq yaraşır səndəki ada.

Xoş rəftar edibsən sən rəiyyətlə,

Yolunda can qoyar hamı minnətlə.

Sənin torpağında qazandım nemət,

Sənin sayəndədir məndəki dövlət.

Əgər qəbul edib buyuruq versən,

Tamam əl çəkərəm var-dövlətimdən.

Ən axmaq quluna bəxş edib, əlan,

Torpağı öpərək gedim qapından.

Əgər soruşursan, budur doğrusu,

Nəql edim nə cürə gəldi arxa su:

Ey şahım, mən bura gəldiyim zaman

Əliboş bir quldum, yoxsul bir insan.

Möhnət içindəydi ömrüm, həyatım,

Dedim, çörək satıb, çörəyə çatım.

Peşəmdən dərdimə olmadı dəva,

Doğrusu, bundan da görmədim səfa.

Şahı səxavətli bir məmləkətdə

Çörəkçi varlana bilməz, əlbəttə.

Karıxıb hər yerə baş vururdum mən,

Təsəlli tapırdım bu əlləşmədən.

Mənim bir arvadım vardır, çox zirək,

O, hamilə idi... qaldıq neyləyək?...

Çox çətin vururduq başa hər günü,

Günəş də kəsmişdi bizdən lütfünü.

Müşkün ətrindən də safdı o mələk,

Yeyirdik onunla biz yavan çörək.

Yetişdi arvadın doğum möhləti,

Məndən bir az isti quymaq istədi.

Evdə yemək üçün - ürək qanından

Başqa heç şey yoxdu, ey şahım, inan!

Evdə ikimizdik - bir mən, bir arvad,

Dedi ki: "Ay kişi, bir dadıma çat,

Ölürəm, bir azca şorba düzəltsən

Ölümdən canımı qurtararsan sən.

Yoxsa ki, ölmüş bil məni, həmdəmim,

Əcəl küləyindən batacaq gəmim."

Bu halda görəndə əziz yarı mən

Ağlaya-ağlaya tez çıxdım evdən.

Ona bir yeməli şey tapmaq üçün

Gəzdim küçə-küçə şəhəri bütün.

Bağlıydı üzümə qapılar - hər yan,

Bədlik bərk tutmuşdu mənim yaxamdan.

Baş alıb şəhərdən çıxdım kənara,

Rast gəldim köhnə bir xarabazara.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info