Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Katib qələmini çərtdi qurtardı,

Ucuyla fələyin bağrını yardı.

Vərəqə əbiri yaydıqca qəşəng,

Kağız dönüb oldu müşkin bir ipək[243].

Yazanda o zərif mənalı sözü

Katibin heyrətdən qaraldı gözü

Insanın gözünə işıq bəxş edən

Tanrının adına o yazdı əhsən:

"Bir olan allaha hamı möhtacdır,

Hamının dərdinə tək o əlacdır!"

Böyük yaradanı gətirib dilə

Katib məktubunu başladı belə:

"Məndən - İskəndərdən bu namə getsin,

Dörd yox, bircə olan anama yetsin[244].

Anacan, qətrəyə döndüsə çeşmə,

Su qabı suda da sınar, qəm çəkmə!

Ağacdan düşdüsə bir qızıl alma,

Narınctək rövnəqdən düşüb saralma!

Soldu, sarı-gülün getdi növrağı,

Qalsın qızıl gülün yaşıl budağı.

Anacan, bu sözə inanmıram mən:

Məhəbbət könüldə çox olur dildən.

Eşidib od tutar sinəndə ürək

Ki, şahlar gülünü aparıb külək.

Yanma, bəslədiyin balan qayıtmaz,

Əlini o yanan ürəyinə bas!

Zaman etsin səni bu oddan kənar,

Sənə səbir versin o pərvərdigar!

Səni and verirəm əmdiyim südə,

O şirin laylaya, o ilk öyüdə,

Dünyadan gənc getmiş bir övladına,

Ağlayan ananın o fəryadına,

Dinə əməl edən pak insanlara,

Dünyanı yaradan pərvərdigara,

Qanun-qayda qoyan hər peyğəmbərə,

Cənnətdə əbədi ömr edənlərə,

Torpağın altında həbs olanlara,

Behişt gülzarından zövq alanlara.

Bütün canlılara can verən cana,

Qəmdən nicat verən, can qurtarana,

Səxa dənizinin coşğunluğuna,

Vücudu yaradan haqq buyruğuna,

Adların fövqündə dayanan ada,

O nəqşə ki, ziynət verir vücuda,

Yeddi qat ucalan göy pərgarına.

Yeddi ulduzun da pak adlarına,

Allahı sevənin mərifətinə,

Şüur sahibinin fərasətinə,

Elmdən nurlanıb yanan hər şama,

Mərhəmət sahibi fazil adama,

Elə bir başa ki, bəxtə nur saçıb,

Elə ayağa ki, düz yollar açıb,

Pakizə fikirli, o saf ərənə,

Müşküllər açana, nicat verənə.

Darda qalanların pak niyyətinə.

Azad insanların xoş adətinə,

Yoxsulları sevən comərd sultana.

Sultantək gözü tox, yoxsul insana,

Sübhün gül-çiçəklə gülüşməsinə,

Gözlənməz təamın xoş düşməsinə,

Bidarın munisi səhər çağına,

Ağlar qəriblərin pak torpağına,

Yazıq məhbusların dərdi-dilinə,

Müqəddəs mehrabın nur qəndilinə,

Təşnə bir tifilin süd həsrətinə,

Naümid qocanın zəlalətinə,

Xəstə qəriblərin intizarına,

Döyülmüş yetimin göz yaşlarına,

Dərd-qəmdən guşəyə çəkilənlərə,

Şaxtadan dırnağı tökülənlərə,

Dərdlinin çarəsiz oyaqlığına,

Çarəsiz qalanın yazıqlığına,

Əzabdan sonrakı asudəliyə,

Pak, təmiz sevgiyə - aludəliyə,

Əqlin zəfərinə, ülviyyətinə,

Gizli ibadətin qüdsiyyətinə,

Şüura yol açan sözə, dastana,

Bəşər karvanını çəkən sarvana,

Insanı içindən yeyən dərdlərə,

Qəddini pünhanı əyən dərdlərə,

Dözümsüz adamda səbrə, qüdrətə,

Gözəlin üzündə həya, ismətə,

Ümidsiz çəkilən son fəqanlara,

Dadına heç kimsə çatmayanlara,

Dinpərvər adamda olan inama,

Peyğəmbərə gələn vəhyə, ilhama,

Bütün insanların o son yoluna,

Hamıya əl tutub kömək olana,

Insanı son yola salan qapıya,

Bizi ağuşuna alan qapıya,

Üzünü axtaran baxışlarıma,

Səsini eşitmək intizarıma,

Mənə bəslədiyin sonsuz həsrətə.

Düşdüyüm bu dərdə, bu fəlakətə,

Həmişə, hər yerdə dada çatana,

Can verib can alan o yaradana...

Anacan, bu məktub gəlib çatarkən

Çatıb qaşlarını kədərlənmə sən!

Bu dünya fanidir, əbəs ağlama,

Mənimçün yas tutma, qara bağlama!

Dünyanın əzəldən axırı budur,

Əyilmə ələmdən, mətanətlə dur!

Dünya bir kimsəyə qalmışsa əgər,

Səni də qoy üzsün bu dərd, bu kədər.

Ancaq bu dünyanı fani görəndə

Başqaları kimi toxtaq ol sən də!

Yox, əgər bunlara baxmayaraq sən

Mənimçün yasxana qurmaq istəsən,

Əvvəlcə şahanə bir məclis düzəlt,

Gözəl yeməklərdən bir süfrə bəzət,

Çağır qonaqlığa xalqı hər nə var,

Bütün gələnləri elə xəbərdar:

Təbrdə adamı yoxsa hər kəsin,

Buyursun süfrəyə, doyunca yesin!..

Əgər yemiş olsa onlardan biri,

Sən də ye dünyada acı qəmləri.

Heç kim o süfrəyə əl uzatmasa,

Sən də unut qəmi, heç batma yasa!

- Oğlum ölüb, - deyə çəkmə heç məlal.

Gəl, öz işlərinin qeydinəcə qal.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [46] [47] [48] [49] [50] [51] [52] [53] [54] [55] [56] [57] [58] [59] [60] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info