Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Atama nə verdi o güc, o qüdrət

Ki, ola məndə də mənsəbə rəğbət?

Bu yeddi qatlı çərx tüğyan eylədi,

Atamın təxtini viran eylədi.

Mən də təxtü tacı ataraq oda,

Kəyanlar təxtini qoydum tabuta!

Sadə adamları azad görüncə,

Çəkildim özüm də azad bir küncə.

Çoxunu aldatmış gümüş həvəsi,

Axırda yırtılıb zərdən kisəsi!

Dolmuş bir qədəhi doldursan yenə.

Içəndə dağılar o, üz-gözünə.

Bir yer ki, deyildir əbədi məskən,

Gərək "Get!" deməmiş özün gedəsən.

Şahlıq arzusundan uzaqdır könlüm,

Çünki qarşımdadır amansız ölüm.

Bu dar mağarada hörümçəklərtək

Nə qədər ovlayım qarışqa, milçək?

Qayalar içində məbəd taparam,

Orda keçirərəm ömrümü müdam.

Dünyanın çirkini təmizlərəm mən

Gözümün yaşilə öz ürəyimdən.

Dünya işlərindən əl çəkib bütün,

Tədarük görərəm axirət üçün.

Quşlartək az dənə edib qənaət,

Edərəm allaha dağda ibadət.

Köçməyin növbəsi yetişən zaman

Div girsən pərinin qoy qapısından!

Axirət xovfundan qorxum var məgər?

Asan ömr eləyən çətin can verər.

Atamtək məni də məzara atın,

Bir ovuc torpağı torpağa qatın!

Düşünsən əcəlin nə olduğunu

Daha cəsarətlə gözlərsən onu.

Ölüm əzabını dərk eləməsən

Çox çətin açarsan o qapını sən..."

Gedib bir kahada o tutdu məqam,

Dünya işlərini unutdu tamam.

Yalnız eyləyirdi haqqa ibadət,

Ölümə yaxındı bu yol, bu adət.

Bundan ibrət götür sən də, ey cavan,

Məbada çıxasan ata yolundan!

Çünki bu dünyada hiyləgər fələk

Çox işlər görür ki, çətindir demək,

Quyuya nahaqdan çox Yusif salmış,

Çox mənəm deyəndən intiqam almış!

 

 

 

ƏRƏSTUNUN RUZGARININ SONU

 

Müğənni, yorubdur bəm səslər məni,

Zil üstə qaldır sən indi naləni!

Bəlkə o zil səsin ucalan zaman

Qurtara ürəyim bu ahü zardan.

Açdı ayağından İskəndər bəndi,

Göylər qalasına atdı kəməndi.

Onun sarayının filosofları

Üz tutdu o gedən mənzilə sarı.

Ərəstu görəndə batıb afitab,

Bağladı üzünə buluddan niqab,

Qaralar geyindi, matəm saxladı,

Səfər boxçasını o da bağladı.

Onun uca sərvi soldu, saraldı,

Başının üstünü xəstəlik aldı.

Eşidib ustadlı, şagirdli - kim var.

Yığıldı başına o yunanlılar.

Gördülər ki, yolu yaxşı tanıyan

Ərəstu yoluna tək olur rəvan.

O huş sahibinə sual verdilər,

Göyün sirlərindən tutdular xəbər:

"De, nədən yaranıb uca asiman

Ki, bəşər xəyalı uzaqdır ondan?"

Səfərə tələsən xəstə Ərəstu:

"Allah yaxşı bilir, - söylədi - bunu.

Şərh edib bir xeyli zamandan bəri,

Sanırdım, bilirəm mən bu sirləri.

Indi acizliklə burdan köçərkən

Gördüm ki, heç bir şey bilmirmişəm mən.

Dünya filosofu adlandıraraq,

Məni rəsədbilən sayırlar nahaq.

Yazdım bildiyimi "Cahanmədxəl"ə[252],

Bəzədim, süslədim onu elm ilə.

Göyün, ulduzların sirri haqqında

Çox şeylər kəşf edib göstərdim onda.

İndi, doğrusunu söyləsəm əgər,

Boş şeydir o köhnə rəsədnamələr.

And olsun allaha, mən də bilmərrə

Bilmirəm doludur, boşdur bu süfrə!"

Ərəstu bu qədər söyləyə bildi,

Söz bura çatanda nitqi kəsildi.

Yağ tamam qurtardı yanar çırağdan,

Əmr etdi bir alma dərsinlər bağdan.

O gözəl almanı qoxlar-qoxlamaz

Canı rahatlandı, dincəldi bir az.

Fələyin hökmüylə gəlib zamanı,

Nəfəsi tutulub çıxanda canı,

Gülərək dedi ki: "Siz olun agah,

Köçürəm, qarşımda açılır sabah.

Bu canı pak allah vermişdi mənə.

Pak olan allaha qaytardım yenə..."

Bunu deyib susdu bir ah çəkərək,

Onun da tozunu sovurdu fələk.

Atdı o almanı yoldaşlarına.

Göz yumdu bu əzab, qəm dəryasına...

 

 

 

HÜRMÜZÜN RUZGARININ SONU

 

Müğənni, ruh verən sazını bir al,

Bizə ürək açan xoş bir hava çal!

Bülbültək naləndən sərxoş olaraq,

Bəlkə bu nalədən, qəmdən qurtaraq!..

Hürmüz də bu dərin dəryaya çatdı,

Ovun da gəmisi ümmanda batdı.

Dənizə qərq olcaq fəryad elədi:

"Yükü yüngül olan xoşbəxtdir,- dedi, -

Gəmidə artıq yük nəyə gərəkdir?

O ki, bir gün suya töküləcəkdir!



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [46] [47] [48] [49] [50] [51] [52] [53] [54] [55] [56] [57] [58] [59] [60] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info