Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Əlacsız dərd imiş bu dərd, sən demə!

Vəzirin yanına - Yunanıstana

Bir qasid göndərdi, söyləsin ona:

"Çaparaq yanıma gəlsən əgər sən

Son dəfə üzümü görə bilərsən.

Yaxşı işbacaran alimlərdən də

Yüz ya əlli nəfər gətir gələndə!"

O qasid yetişib dedi vəzirə,

Vəzir əl atsa da hər bir tədbirə,

Çarələr heç bir kara gəlmədi,

Bir ümid işığı görə bilmədi.

Yığıb alimləri Rumdan, Yunandan

Oldu hökmüdarın yanına rəvan.

Birbaşa o, şahın yanına gəldi,

Bu görüş heç də xoş görüş deyildi.

Gördü: şah taqətsiz uzanıb yerdə.

Əlac mümkün deyil düşdüyü dərdə.

Diz çökdü, üzündə qüssə, duman, çən,

Yoxladı nəbzini öpüb əlindən.

Nəbzin vurmasına elədi diqqət,

Tapdı xəstəlikdən neçə əlamət.

Buyurdu: nə qədər vardısa imkan

Axtarıb tapsınlar bu dərdə dərman.

Dərmanın olsa da lap abi-həyat,

Əcəlin çatanda yoxdur bir nicat!

Artıq hökmüdarın işi bitmişdi,

Əbədi dincəlmək vaxtı yetmişdi.

Əmanət aldığı mayəni yenə

Gərək qaytaraydı tələb edənə[231].

Onu əridirdi indi bu cahan

Ki, zəri ayırsın qara torpaqdan.

Daha can köhləni asta gedirdi,

Gedər-gəlməz yola səfər edirdi.

Şamtək tərk edirdi nurlu aləmi

Suda qənd, odda mum əriyən kimi.

Bir külək söndürdü yanan çırağı,

Bağda ağaclardan tökdü yarpağı,

Sərvdə yaşıl bir budaq qoymadı,

Sındı qırqovulun qolu, qanadı.

Müşk ətirli olan əlvan gül-çiçək

Solub səpələndi yerə xəzəltək.

Ayı yəhərləyən həmin İskəndər

Ölüm yatağına baş qoyub inlər...[232]

 

 

 

İSKƏNDƏRIN VƏSIYYƏTI

 

Müğənni, bir quşsan - vaxtı düz bilən,

De görək: nə qədər keçmiş gecədən?

Nədənsə gecikib quşların səsi,

Çal, suğdi quşunun gəlsin naləsi[233].

Əsdi xəzan yeli, payız yetişdi,

Bağların əhvalı tamam dəyişdi.

Küləklər taladı bağçanı, bağı,

Söndü al güllərin yanar çırağı.

Arxlar kənarında otlar sapsarı,

Töküldü reyhanın şux yarpaqları.

Sanki ağaclıqda odlar qalandı,

Əlvan yarpaqları alışdı, yandı.

Gördü bazarını kəndli pərişan,

Bağın qapısını bağladı bağban.

Şahlar hovuzuna axan saf sular

Soyuqdan, ayazdan tamam dondular.

Çeşməsiz, çiçəksiz bağ şad olarmı?

Hasarsız, barısız abad olarmı?

Hanı saqi, badə, o məclis hanı?

Bura vəhşilərin olmuş məkanı!

Kəsilmiş nəğməsi ötən quşların,

Dolaşır qıçına xəzəl ruzgarın.

Seyrə gələnlər də bağı tərk etmiş,

Müğlər də çəməndən ayrılıb getmiş.

Yeyəylə sürtülmüş günəşin tacı,

Yeyətək dən-dəndir suların saçı.

Bağı tərk eləyib getmiş gözəllər,

Nə bülbül səsi var, nə güldən əsər...

Tikanlar dağ çəkib gülün köksünə,

Bəzəksiz, cəh-cəhsiz qalıb bağ yenə.

Belə sərt bir xəzan çökəndə bağa

Başladı o Kəyan sərvi solmağa...

Şahlıqın şah sərvi-İskəndəri də

Axır saldı dövran sağalmaz dərdə.

Çovğuntək soyutdu şahın nəfəsi,

Çoxdu bu dünyada qəmi, qüssəsi.

Özülü çökərsə bəxtin, dövlətin,

Səhhətə zəiflik üz verər yəqin!

Illərlə dünyanı uçub seyr edən

Quşun qol-qanadı qırıldı birdən.

Uca sərv yıxıldı, şux lalə soldu,

Qırqovul şahinin şikarı oldu.

Ordu həkimləri, şəhər ə yanı

Aldılar araya o hökmüranı.

Bəlkə də bir əlac tapalar ona;

Şərbətlər qatıldı dava-dərmana.

Nəbzi, qarurəsi olundu təhlil[234],

Nə çarə, gedən can qayıdan deyil!

Əlac eləsə də təbib nə qədər,

Ömür tükənibsə, nə fayda verər?

Çox səy göstərdilər çarə etməkçün,

Gedəni qaytarmaq olmadı mümkün.

Tədbirlə gəlmədi o gövhər ələ,

Necə sədd çəkəsən əsən bir yelə?

Əcəl yetişəndə tapıb bəhanə

Insana min əzab verər zəmanə.

Ruzgardan o qədər inciyər insan

Özü ölümünü istər allahdan.

Əl atmadıqları tədbir qalmadı,

Rəylərdən bir fayda hasil olmadı.

Çırağın əcəli çatıbsa əgər,

Ona öz yağı da yetirər zərər.

Çürümüş bir meyvə ağacda durmaz,

Düşəcək, tərpənsə budaqda bir az.

Ən mahir, ən ustad təbib heç zaman

Tapa bilməmişdir ölümə dərman.

Göyün hesabına bələd olanlar

Saldılar hesaba göydə hər nə var.

Onun taleyini gördülər nursuz,

Ondan uzaqdaydı bəxt açan ulduz.

Heç elə bir ulduz yoxdu ki, onun

Göstərmiş olaydı ömrünü uzun.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [46] [47] [48] [49] [50] [51] [52] [53] [54] [55] [56] [57] [58] [59] [60] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info