Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Düşdülər torpağa yorğun, natəvan,

Torpaqda dincələr torpaqdan olan.

Gördülər qarşıda bir düşərgə var,

Zülmətdə günəştək par-par parıldar.

Qabaq-qarşı duran dağda bir qala

Tutmuşdu başını göyə vüqarla.

Qala arxasında bir dağ da vardı,

Belində kəməri sarp qayalardı.

Orda peyğəmbərə etməyib beyət,

Bir tayfa yaşardı sakit, səlamət.

Onlar ilham alıb böyük tanrıdan.

Özləri olmuşdu allahtanıyan.

Onlar İskəndəri pak sifət görcək

Qəbul elədilər bir peyğəmbərtək.

Bilikli, adil bir hökmdar kimi

Qəlbləri bəzədi onun təlimi.

İskəndər onlara haqqı göstərdi,

Din, bilik, mərifət, - çox şeylər verdi.

Şahı mərhəmətli, qayğıkeş görcək

Açıb dərdlərini umdular kömək:

"Ey qəlbi şəfqətli aqil hökmüran.

Müti qullarına, gəl, ol pasiban!

Bu dağdan o yana vardır bir diyar,

Sonsuz bir səhradır, sərt qayalıqlar.

Oranı yəcuclar etmişlər məskən,

Insana bənzərlər, divdirlər əslən!

Şirtək almazcaynaq, sərt, dəmirürək.

Hamısı xaindir yırtıcı qurdtək.

Təpədən dırnağa tükləri biz-biz,

Yoxdur üzlərində burundan bir iz,

Boyları bir qarış, yeməkləri çox.

Istidən, soyuqdan qorxuları yox;

Dişdən, dırnaqdan da - yırtıcı heyvan.

Qana hərisdirlər onlar hər zaman.

Yeyinlikdə üstün gələrlər yelə,

Poladı deşərlər dırnaqlar ilə.

Yeməkdə, içməkdə naşükürdürlər,

Allahı tanımaz orda bir nəfər.

Dünyada bu qədər yeməli şey var,

Ancaq ki, ot-ələf yeyərlər-onlar.

Yeyərlər, yatarlar, iş-güc bilməzlər,

Mini doğulanda bircəsi ölər.

Onların yerində bir cür ot bitər,

Verər istiottək çox tünd danələr.

Hər gecə-gündüzdə ondan bir azca

Yeyərək yatarlar elə ordaca.

Bir xırman başqa ot versən də əgər,

Yeyərlər, yenə də doymaq bilməzlər.

Ayla Gün səmada üz-üzə gəlcək

Onlar qaynaşarlar xırda qurdlartək.

Nə düşsə, qorxusuz tutub yeyərlər

Bu sayaq, Ay yarı olana qədər.

Göydə Ay kiçilib olanda yarı

Azalar bir qədər iştahaları.

Qara buludlardan ildə bir kərə

Böyük bir əjdaha düşər o yerə;

Yaman yekə olur həmin o heyvan.

Yəcuclar doyunca yeyərlər ondan.

Yıxılıb qalarlar, bir aya qədər

Sərxoştək yatarlar, heç nə yeməzlər.

Köklə otdan başqa bilməzlər yemək.

Xəstəlik görməzlər ölən günədək.

Bir nəfər ölərsə onlardan əgər,

Hamısı yığışıb ölünü yeyər,

Şoran torpaqlarda nə murdar qalar.

Nə də ölülərə qazılar məzar.

Yaxşı cəhəti də budur: o torpaq

Məzardan xalidir, murdardan uzaq!

Arabir hücumla talayıb bizi,

Xaraba qoyarlar evlərimizi.

Qoyun-quzumuzu aparıb onlar.

Yeyərlər nə qədər azuqəmiz var.

Bu itsifətlərdən qorxduğu qədər

Canavardan qorxmaz bizim sürülər.

Bizləri qırmaqçın edərlər qovğa,

Didərgin salarlar yurddan uzağa.

Biz uca dağlara qaçıb qorxudan

Quştək ağaclarda salarıq məkan.

Ancaq ayaqları süstdür bir qədər,

Ardımızca dağa çıxa bilməzlər.

Bu böyük bəlanı bizdən əgər sən

Dəf etsən, çox böyük səvab edərsən!"

İskəndər bildi ki, zordur yəcuclar,

Yəqin hər birində bir fil gücü var.

Bir sədd ucaltdı ki, orda poladdan,

Olmaz həşrə qədər onu dağıdan.

Ona uca bəxti köməklik etdi.

Tikilib qurtardı İskəndər səddi.

Dönüb bir şəhərə gəldi şah ordan,

Axtarıb tapmadı orda bir insan.

Yenə səfərinə davam etdi şah,

Köçməyə başladı ordan qərargah.

Bu işdən keçəndə bir xeyli müddət,

Bir ay dağlar, çöllər aşıb, nəhayət,

Gözəl bir mənzildə məskən saldılar,

Bu yerdən hamısı məmnun qaldılar.

Bir yol töhfəsitək böyük hökmüran

Göstərdi qoşuna şəhri uzaqdan.

Başqa cürə idi burda təbiət,

Su ilə, əkinlə tapmışdı ziynət.

Hasarsız, divarsız bağlardı hər yan,

Bol-bol sürü vardı, yoxdu bir çoban.

Qoşundan birisi tər meyvələrə

Əlini uzadıb istədi dərə,

Həmin meyvələrdən birini dərcək

Bədəni qıc olub qaldı kamantək.

Başqa bir atlı da qoyun tutanda

Onu bərk qızdırma tutdu bir anda.

İskəndər: "Bax, bunlar ibrətdir", deyə,

Əlini vurmadı orda heç nəyə.

Qoşuna əmr edib şah dedi: "Heç kəs

Özgənin bağına toxuna bilməz!"

Tələsik gedərək ordan bir qədər,

O axar-baxarlı yerdən keçdilər,

Cənnəttək, neməti bol-bol, firavan

Bir şəhər gördülər onlar uzaqdan.

Gəlib darvazaya çatdı İskəndər,

Gördü ki, qapıdan yoxdur bir əsər.

Müdrik qocalarla girdi şəhərə,

Baş vurdu onlarla burda hər yerə,



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [46] [47] [48] [49] [50] [51] [52] [53] [54] [55] [56] [57] [58] [59] [60] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info