Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Gördü çox bəzəkli, dolu dükanlar,

Ancaq nə qapısı, nə qıfılı var.

Nəcib şəhər əhli onu görəntək

Çıxdı qarşısına təzim edərək.

Gətirdilər qəsrə bir mehman kimi,

Saray ziynətliydi asiman kimi.

Süfrə bəzədilər, büsat qurdular,

Özləri xidmətdə hazır durdular.

Pərəstiş etdilər o mehmanlara,

Əhsən qonaqsevən bu insanlara!

Süfrəni bəyəndi böyük hökmüdar,

Onlar fərəhlənib çox şad oldular.

İskəndər soruşdu: "Nə üçün sizlər

Qorxu bilməzsiniz heç zərrə qədər?

Neçün burda belə arxayınlıq var?

Neçün qıfılsızdır burda qapılar?

Yoxdur heç bir bağda keşikçi, bağban,

Neçin sürünüzü güdməz bir çoban?

Çobansız sürülər nədir bir belə,

Baxdıqca yayılıb düzənə, çölə?

Belə arxayınlıq, laqeydlik nədir?

Sizin inamınız, deyin, kimədir?"

Ədalət yurdunun ağsaqqalları

Bir də mədh eləyib o hökmüdarı

Dedilər: "Başına tac qoyan Allah

Ömrünü payidar eləsin, ey şah!

İşində haqq sənə havadar olsun,

Şöhrətli adına hünər yar olsun!

Bizim güzəranı sordu hökmüran,

Buyurub dinləsin, biz edək bəyan:

Doğrusu budur ki, bizlər qədimdən

Bu dağı, bu çölü etmişik məskən.

Fağır bir tayfayıq, həm də dinpərvər,

Düzlükdən keçmərik əsla tük qədər.

Əyri dolanmaqla yoxdur işimiz,

Düzlükdən başqa yol tanımırıq biz.

Əyrilik yoluna çəkmişik hasar,

Düzlüklə olmuşuq əzabdan kənar.

Yalan gətirmərik biz dilimizə,

Əyri yuxular da görünməz bizə.

Faydasız etmərik heç sorğu-sual.

Çünki allaha da xoş getməz bu hal.

Allahdan nə gəlsə, edərik şükür,

Çünki narazılıq naşükürlükdür.

Biz razı qalarıq nə gəlsə həqdən,

Düşmənlik edərmi pərəstiş edən?

Acizin dərdinə edərik çara,

Xilas eyləyərik düşərsə dara.

Bizim aramızda, bilsək ki, əgər,

Birinə bir işdə yetişib zərər,

Biz öz kisəmizdən onu ödərik,

Verib mayasını təmin edərik.

Bizdə bərabərdir hamının varı,

Bərabər bölərik bütün malları.

Bizdə artıq deyil heç kəsdən heç kəs,

Bizdə ağlayana heç kimsə gülməz.

Oğrudan qorxmarıq, biz nə şəhərdə

Keşikçi qoyarıq, nə də çöllərdə.

Oğurluq eləməz bizdə bir nəfər,

Oğurlaya bilməz bizdən özgələr.

Nə zəncir, nə qıfıl görər qapılar,

Gözətçisiz otlar bizim mal-davar.

Bizim uşaqları böyüdər Allah,

Naxıra şir, pələng toxunmaz əsla.

Bizim bir qoyuna dəysə canavar,

Ordaca gəbərib yerində qalar.

Kim dərsə bir sünbül bizim əkindən,

Qəfil bir ox dəyər düz ürəyindən.

Biz əkin zamanı səpərək dəni,

Haqqa tapşırarıq sonra əkini.

Altı ay olarıq əkindən uzaq,

Bir də biçin vaxtı gələrik ancaq.

Bizim bərəkətli münbit zəmilər

Düz birə yeddi yüz məhsul yetirər.

Bir, yaxud yüz belə işi bacarsaq,

Allaha təvəkkül elərik ancaq.

Bizi hifz eləyən allahdır, Allah,

Biz yalnız allaha gətirrik pənah

Xəbərçilik bilməz bir nəfərimiz,

Özgənin eyvana göz yumarıq biz.

Birini qəzəbli, acıqlı görsək,

Ona məsləhətlə elərik kömək.

Heç kəsi pis yola əsla çəkmərik,

Fitnə axtarmarıq, qan da tökmərik.

Dərdlinin dərdinə olarıq şərik,

Şad olsa, onunla şadlıq eylərik.

Qızıla, gümüşə aldanmaz heç kəs,

Bunlar bizim yerdə bir şeyə dəyməz.

Xəsislik bilmərik dünyada bizlər,

Zorla şey almarıq bir arpa qədər.

Bizdən qaçmaz əsla vəhşi heyvanlar,

Vermərik onlara əziyyət, azar.

Ehtiyac olanda gur, cüyür, ceyran

Özləri axışıb girər qapıdan.

Ovlamaq istəsək onlardan əgər,

Ovlarıq ehtiyac duyulan qədər.

Lazım olmayanı biz nahaq yerə

Qırmarıq, ziynətdir onlar çöllərə.

Nə öküz, nə eşşək kimi yeyərik,

Nə də ağzımızı möhürləyərik.

Süfrəyə hər cürə nemət düzsələr,

Yeyərik, gözümüz qalana qədər.

Bizdə cavanlardan ölüm uzaqdır,

Ölüm çox yaşamış qocaya haqdır.

Ölüyə biz əsla saxlamarıq yas,

Bilirik bu, dərdə bir çarə olmaz.

Üzə deyilməyən bir sözü heç kəs.

Bizlərdə qaydadır, daldada deməz.

Kim nə cür dolanır, danışmarıq biz,

Kimsənin işinə qarışmarıq biz.

Naşükür deyilik qismətimizə,

Razıyıq qəzadan nə gəlsə bizə.

Allahın lütf edib verdiyi şeyə

Demərik: "Bu hardan? Bu belə niyə?"

Bizimlə birlikdə o adam yaşar

Ki, ola bizimtək təmiz, pəhrizkar.

Tutduğumuz yoldan çıxsa bir insan.

Kim olsa, qovarıq öz aramızdan..."

İskəndər bu qayda-qanunu görcək

Duruxub dayandı divanələrtək.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [46] [47] [48] [49] [50] [51] [52] [53] [54] [55] [56] [57] [58] [59] [60] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info