Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Ətirlər saçanda sübhün reyhanı

Yüksəldi dənizin yenə fəğanı.

Sanki dünən düşən teştdir bu təhər

Belə guruldayır indi bu səhər.

Bu qorxunc səsdən şah hövlə gələrək,

Dilləndi gurlayan döyüş təblitək.

Əmr etdi: hərəkət eləsin ordu,

Hər yandan təbillər saldı gurultu.

Onların səsləri dəhşətlər saçdı,

Xoruzun boynundan zəngləri açdı[225].

Bu səslər bürüdü səmanı, yeri,

Bu səslər batırdı başqa səsləri.

Təbillər dünyaya hay-küy salaraq

Gurladı nahara qədər bu sayaq.

Səsdən bütün şəhər cuşə gələrək

Dəydi bir-birinə məhşər günütək.

Axışdı buraya həm pir, həm cavan,

Dəccalın təbliydi sanki çalınan[226].

Dənizin səsini batırdı bu səs,

Buna çox təəccüb elədi hər kəs.

Gün qalxıb olanda günorta çağı,

Şah yenə qaldırdı səfər bayrağı.

Şaha təzim edən ərlər, qadınlar

Ona dedilər ki: "Bir arzumuz var:

Bəlkə qorxunc səsli bu təbildən sən

Birini burada qoyub gedəsən?

Ta ki, ucaldıqca onun gur səsi

Boğula dənizin qorxunc nərəsi!"

Vida eyləyəndə böyük hökmüdar,

Bəxş etdi bir neçə təbil yadigar.

O gündən şəhərdə, tezdən hər səhər,

Təbil çaldırmağı adət etdilər.

Şah da bu adəti etdirib davam

Təbil çaldırardı sübh çağı müdam.

Onlar yol getdilər bir aya qədər,

Abad Çin mülkünə gəlib yetdilər.

Gəlib ordugaha çatdı hökmüdar,

Fələyi görəndə yenə xoşrəftar,

Çəkildi düz bir ay istirahətə,

Başladı ləzzətlə eyşə, işrətə...

 

 

 

İSKƏNDƏRİN ŞİMALA ÇATMASI VƏ

YƏCUC SƏDDİNİ BAĞLAMASI

 

Müğənni, ürəyim düşübdür dara,

Bu dərdə sazınla sən eylə çara!

Könlüm cuşə gəlib qəmdən, qüssədən,

Sazının telilə ram et onu sən!

Günəş öz evinə edəndə şitab

İstidən aslanlar oldular kabab[227].

Gücü, hərarəti artdı anbaan,

Çirki, rütubəti sildi havadan.

Qarsıldı bitkinin yaşıl yarpağı,

Saraldı lalənin qızıl yarpağı.

Bürkü səhralara od-alov saldı.

Meyvələrin ağzı açıla qaldı.

Bülbül çöldən dağa eylədi səfər,

Səsləndi qürbətdə qərib nəğmələr.

Qızdı yay gününün isti nəfəsi,

Çalı quşlarının kəsildi səsi.

Günəşi göylərdə dolanan zaman

Sancıb saraltmadı əqrəbtək xəzan.

Tüstülənən bir teşt vardı əlində,

Gəzib od saçırdı o, Zəngdə, Çində.

Yırtırdı aslantək iti caynağı

Gah öküz sağrısı, gah gur dırnağı[228].

Yayın ən şiddətli, isti çağında,

Daş muma dönəndə gün qabağında

İskəndər gözündən qovub yuxunu,

Istədi Xırxıza çəksin qoşunu.

Şah vida eylədi Çin xaqanına,

Xəzinə, var-dövlət bəxş etdi ona.

Yola rəvan oldu, Çini tərk etdi,

Qoşunu səhraya doğru yönəltdi.

Bəxtinin təblini çaldırıb yenə,

Yetişdi Məşriqdən Şimal həddinə.

Keçdi o, çöllərdən, axan qumlardan,

Nə uçan quş gördü, nə də bir insan.

Qarşıda parlayan düzənlik vardı,

Qumları nur saçar, par-par yanardı.

Bələdçi dedi ki: "Burda gördüyün

Qumlar başdan-başa gümüşdür bütün.

Burdan sən o qədər götür xəzinə,

Qoşunu salmasın yolda çətinə.

Qoşundan bilməsin bunu bir nəfər.

Ağır yük götürüb əldən düşərlər."

Şahınsa çox idi saf qızılları,

Odur ki, baxmadı gümüşə sarı.

Ancaq ki neyləsin, güc gəldi tamah,

Bir neçə dəvəni yüklətdi padşah.

Yel kimi keçsə də yolu çaparaq,

Qalxmırdı havaya nə toz, nə torpaq.

Bir həftə qonmadı toz paltarlara.

Çünki başdan-başa gümüşdü ora.

Deyərdin bu yerlər iki hissəydi:

Torpağı gümüşdü, suyu civəydi.

Nə gümüş üstündə dincəlmək olar,

Nə civə su kimi içməyə yarar.

O yer tutulmuşdu belə bir dərdə,

Çökmüşdü torpağa qara bir pərdə.

Harda ki, içməli bir çeşmə vardı,

Içində su ilə civə qaynardı.

Su civə üstündə tutmuşdu qərar,

Ordan cürətlə su içirdi onlar.

Çalxalanmasaydı əgər çeşmələr

Civədən görməzdi heç kimsə zərər.

Çeşmələr bulanıb qaynaşan zaman

Heç kimsə əyilib içməzdi ondan.

Bilməyib içsəydi bir adam əgər,

Onu öldürərdi sudakı zəhər.

Şah bunu biləndə, tez verdi fərman:

Hamı ayıq olsun su içən zaman!

Hər kim axar sudan istəsə içmək

Onu ehtiyatla durultsun gərək.

Bir ay yol getdilər onlar bu sayaq,

Öldü susuzluqdan bir çoxu ancaq.

Gümüşlü çöllərdən keçərək yenə

Gəlib yetişdilər vətənlərinə.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [46] [47] [48] [49] [50] [51] [52] [53] [54] [55] [56] [57] [58] [59] [60] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info