Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Bütün əhvalatı xaqan dinlədi,

Şahın iqbalına mədhlər dedi:

"Şahların şahına tanrı yar oldu,

Bu xanlar xanı da bəxtiyar oldu.

Buraya gəlməkdə sirr varmış yəqin,

Fələk qüdrətini bilirmiş sənin!

Qarşına yaxşı da çıxsa, yaman da,

Yaxşı bax, bir məqsəd gizlənib onda...

Bu üstüörtülü sirləri isə

Görməz huş sahibi olmayan kimsə.

Ora getməsəydi hökmüdar əgər,

Necə düzələrdi bütün bu işlər?

Əlimə müşküllər açır bu cahan,

Cahanda əbədi qərar tutasan!"

İskəndər dincəlib orda yeddi gün

Yolun əzabını unutdu bütün.

Dünya səfərini yad edib yenə

Keçmişi almadı əsla vecinə.

Ucaldı o gecə yenə köç səsi,

Yollandı qoşunun önçü dəstəsi.

Qlavuz birinci düşdü qabağa[223],

Nallar naxış vurdu daşa, torpağa.

Gövhərlə bəzənmiş əlvan bayraqlar

Çölləri bahartək etdi laləzar.

Qılınclar bəzəkli, qalxanlar qəşəng,

Bəzədi çölləri gültək, çiçəktək.

Sıçradı o dünya şahı yəhərə,

Dünyanın tozunu saçdı göylərə.

Üz qoydu səhraya, gəlib çatantək

Payladı qoşuna mal-dövlət, yemək.

Dünya səfərinə qızışdığından

Qızışmış çöllərlə çapdı durmadan.

On gün biyabanla çapıb getdilər,

Göründü əkinli, abad bir şəhər.

Ağ rəngdə gördülər onlar şəhəri,

Sanki kafurdandı bütün evləri.

Şah sordu: "Kimindir, xaqan, bu şəhər?

Bura xəritədə nə ad vermişlər?"

Bilici bu cürə elədi bəyan:

"Məhrumdur bu şəhər məhsuldan, bardan.

Burda hökm eləyir elə bir padşah

Ki, onu qüdrətdə sanırlar allah.

Qəriblər çəkinir bu məmləkətdən,

Ürəyi nurlular qaçar zülmətdən.

Ancaq qızıl-gümüş burda bol olar,

Başqa şeylərdənsə kasaddır bazar.

Günəş dan yerinə sancanda bayraq

Başlanır dənizdə taraqqataraq.

O dəhşətli nərə, o gurultular

Insanın qəlbinə vahimə salar.

Dəhşətə gəlməsin deyə, bu yerdə

Körpələr saxlanır zirzəmilərdə.

Səsdən qulağını tutar böyüklər,

Yoxsa onların da ürəyi gedər!"

Bu sözlər şaha çox elədi təsir,

Soruşdu alimdən buna bir tədbir.

Alim cavabında dedi ki: "Ey şah.

Əmr elə, gözünü açanda sabah,

Xoruz banlamamış, qoy səhər erkən

Təbillər vurulsun düşərgələrdən.

Təbil çala-çala təbil oyunu

Oynayıb boğsunlar o gurultunu.

Bu sayaq gün doğub qalxana qədər

Təbil səslərini əksiltməsinlər.

Bu halda dənizdən qopan qorxunc səs

Heç kəsə vahimə, dəhşət gətirməz!"

Şah dedi alimə: "Bu səslər nədən

Eşidəni edir başdan, beyindən.

Ondakı fəryadın nədir səbəbi?

Külək də dinləyir... Aç bu mətləbi!"

Alim cavab verdi: "Bir xatirəm var,

Ustadımdan qalıb mənə yadigar.

Sular qızaranda səhər günəşdən,

Dalğalar od alır sanki atəşdən.

Döş-döşə gələndə dağtək dalğalar

Dənizdə dəhşətli nərələr qopar.

Dərya təndir kimi zəbanə çəkər,

Gurlayıb ətrafa qığılcım tökər!

Başqa bir alim də deyir ki, guya

Civə qarışmışdır həmin o suya.

Günəş suya düşüb qızdıran zaman

hərarət civəni qaldırır sudan.

Günəş ki, axşamlar batıb yox olar,

Dincələr o coşğun civəli sular.

Çırpınan dənizdə, qarışanda şər

Qopar dalğalardan qorxulu səslər!.."

Dünyanın hakimi belə buyurdu:

Şəhərə çatmamış dayansın ordu.

Düşüb dincəlməyə o, qərar verdi,

Burdan da yoluna tədarük gördü.

Şəhər əhalisi tutanda xəbər,

Alver etmək üçün axıb gəldilər.

Burda şəhər üçün hər cür mətah var,

Acıdan, şirindən baxıb aldılar.

Oldu bu alverdən bütün şəhər şad,

Artdı əhalinin qazancı qat-qat.

Şah da öz malından hər müştəriyə

Əvəzsiz, minnətsiz etdi hədiyyə.

Bir az da ayırıb puldan, qızıldan

Başçıya göndərdi sovqat, ərməğan.

Şəhərin başçısı bunu görəntək

Şahın ənamından vəcdə gələrək,

Göndərdi şövqlə o da hər cürə

Xuruşlarla dolu zəngin bir süfrə.

Bişmişdi xuruşlar balıqdan, ətdən.

Vardı o süfrədə hər bir nemətdən.

Gəlib üzr istədi: "Əfv elə bizi.

Verə bilmədik yol azuqənizi.

Azuqə tapılmaz bizim çöllərdə.

İsti havalar var ancaq bu yerdə.

Şah ona şərh etdi öz ayinini,

Zəngin biliyini, doğru dinini.

O da qəbul edib oldu minnətdar,

Haqqı nişan verdi ona hökmüdar.

Şah da bu əməldən çox razı qaldı.

Ona xələt verdi, şad yola saldı...

Qırmızı pərdəni göy yığan zaman

Düşdü qızıl teşti uca damından[224].

Şah öz yoldaşları ilə bərabər

Yatıb dincəldilər səhərə qədər.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [46] [47] [48] [49] [50] [51] [52] [53] [54] [55] [56] [57] [58] [59] [60] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info