Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Səadət gətirən humay quşutək

Qondular üstünə günbəzi görcək.

Şəhər əhli buna təəccüb etdi.

Quşları tədbirlə tutmağa getdi.

Tədbir baş tutmadı, keçdi bir qədər,

Quşlar gövhərləri atıb getdilər.

Şəhər böyükləri düşdülər işə,

Gövhərlər onları saldı təşvişə.

Fikir, mübahisə artdı, çoxaldı,

Ağıllı məsləhət qələbə çaldı.

Qət etdi şəhərin başbilənləri:

Məbədə versinlər o cüt gövhəri.

Bir büt düzəltdilər, bədəni zərdən,

Hər iki gözü də parlaq gövhərdən.

Quşların bəxşişi - o gövhərləri

Gərək şah da bizdən almasın geri!

Nur alır gözümüz gündən, gündüzdən,

Rəvamı gözləri gün ala bizdən?[215]

Korları şad edən bir şamı əbəs

Gözü işıqlılar əsla söndürməz.

Qəlbinə dağ çəkmə dul qadınların,

Söndürmə şamını sən də onların".

O şirin dilli büt belə söylədi.

Şah da dilsiz bütü azad eylədi.

Yazıldı o bütün üstə bu sözlər:

"Bura öz möhrünü vurmuş İskəndər".

Qız gördü qoruyur padşah bütləri,

Bundan xoşhal olub o gözəl pəri,

Şaha bir xəzinə göstərdi pünhan.

Onu kim görsəydi qalardı heyran.

Xəznə açarını şah ondan aldı,

Bir qədər payladı. bir qədər qaldı.

Sonra o cənnətdən çıxıb İskəndər

Yenə qoşunuyla eylədi səfər.

Keçərək şoranlıq, daşlıq yerlərdən

Çöllərdə, dağlarda salırdı məskən.

Yollarda təsadüf etdikcə insan,

Başlardı söhbətə o hər bir yandan.

Danışıb onlara allahdan, dindən,

Tutiya verərdi din hikmətindən.

Getmişdi bütün Şərq ölkələrinə,

Yenidən bir daha yönəldi Çinə.

Onun gəlişini eşidən zaman

Layiqli bir büsat bəzədi xaqan.

Şahı dəbdəbəylə etdi istiqbal,

Bürüdü dünyanı dövlət, cah-cəlal.

Təzimlə çıxdı o, şah hüzuruna,

Şah da mehribanlıq göstərdi ona.

Göy küpdə batan gün, sapsarı ipək

Rəngini dəyişib, alanda göy rəng.

Üz-üzə əyləşib iki hökmüdar

Hər yerdən, hər şeydən söhbət açdılar.

Xeyli uzun çəkdi xoş söhbətləri,

Onlar təzələdi köhnə əhdləri.

Padşahın dinini bəyəndi xaqan.

Qanunlar, qaydalar öyrəndi ondan.

Sabah öz möhrünü göstərən zaman

Atəşpərəst oldu hindli Qaraxan[216].

Burdan köç edəydi gərək İskəndər,

Bunu o xaqana elədi xəbər:

Burda xoş keçsə də mənimçün, yenə

Böyük həvəsim var dəniz seyrinə.

Səyahət eləyib yenə dəryanı,

Görüm orda olan yaxşı-yamanı.

Dərin dənizlərdə bir görüm nə var,

Nə sirlər söyləyir qorxunc dalğalar?

Səfərdə yoldaş ol, dayaq ol mənə,

Yoluma nur saçan çıraq ol mənə".

Xaqan bu təklifi qəbul elədi:

"Belə səyahətə çox şadam!" dedi.

Sonra qərar verdi iki hökmüdar:

Əvvəl bir bələdçi yola salsınlar.

Uğurlu talelə üfüq gülüncə

Səhərin başına tac qoydu gecə.

Belə qərar verdi böyük tacidar,

Dostlarla bir yerdə yola çıxsınlar.

Seçdi ordusundan düz on min nəfər

Hər biri şahlığa layiq bir əsgər.

Sonra ehtiyaca nəzər yetirdi,

Nə qədər lazımsa sursat götürdü.

Qoşundan, xəznədən bir hissə qaldı,

Özüsə dəstəylə köç təbli çaldı.

O xanlar xanı da bir bələdçitək

Şaha xidmət etmək, yoldaşlıq etmək

Fikriylə, azuqə alıb bir qədər

Götürdü ox, qılınc və başqa şeylər.

Yanında on min də əsgəri vardı,

Onlar həm ağıllı, həm işgüzardı.

Başlandı bu sayaq Məşriqə səfər,

Yolda saf qızıllar sərf edirdilər.

Sonrasa Cənuba dönüb yenə də,

Çoxlu ov etdilər yol gedə-gedə.

Belə yol getdilər onlar düz qırx gün,

Bir yer tapmadılar dincəlmək üçün.

Göy su kənarına çatdıqda onlar,

Enərək sahildə tutdular qərar.

Ordaca yığılıb məclis quraraq,

Yenə ucaltdılar göylərə bayraq.

Orda eşitdilər bir xoş hekayət.

O sahil haqqında xoş bir rəvayət:

"Günüzlü, ayüzlü pərilər gecə

Çıxırlar dəstəylə ora gizlicə,

Ucadan oxuyub dadlı nəğmələr,

Çalıb oynayırlar səhərə qədər.

O qədər lətifdir, incədir o səs,

Huşunu itirər eşitsə hər kəs.

Beytlər yayılır bəhrdən çölə,

Heç kəs bu bəhrdə yazmayıb hələ[217].

Dağın ətəyində bir neçə saat

Hər gecə qururlar pərilər büsat.

Sübhün nəfəsini onlar duyanda

Batırlar qapqara suya bir anda..."

Şah bunu eşidib belə buyurdu,

Iki mil uzağa çəkilsin ordu.

Müşktək ətirli bir gecə, göydən

Ulduzlar gövhərtək nur səpələrkən

Şahın əmri ilə bir gəmi gəldi,

Şah burdan qoşunsuz yola düzəldi.

Sahildə bir xeymə qurdu o sultan,

Gövhər nur saçmağa başladı sudan.



 
[ 1-15 ] [ 16-30 ] [31] [32] [33] [34] [35] [36] [37] [38] [39] [40] [41] [42] [43] [44] [45] [ 46-60 ] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info