Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

O yanda Qeysura gedən bir yol var.

Ordan Çinə sarı uzanır yollar,

Quru yol olsa da nə qədər uzaq,

Dənizlə getməkdən yaxşıdır ancaq."

Söylədi İskəndər orda bir məsəl:

"Uzaqlıq eyb etməz, sağ-salamat gəl!"

Sonra tələb etdi o, alimdən də:

"Müdrik bir insansan, fikir de sən də,

Qüdrətli əqlindən işıq saçılsın,

Gəmiyə qurtuluş yolu açılsın!"

Alim söylədi ki: "Bu yolda müdam

Mən şahın bəxtini rəhbər tutmuşam.

Şah əgər qalarsa burda bir qədər,

Mən qaya üstündə tilsim düzəldər,

Sonra da bir günbəz tikərəm ona,

Bir təbil asaram onun boynuna.

Günbəzin içində durub bir nəfər

Təbili şiddətlə döyərsə əgər,

Gəmi burulğandan çıxar səlamət,

Əvvəlki qaydayla yol gedər rahət!"

Şaha çox qəribə gəldi bu oyun,

Istədi fikrini öyrənsin onun.

Alimə buyurdu fikrində nə var,

Yerinə yetirib eləsin aşkar.

Hər nə lazım isə həmin iş üçün

Verildi alimə o şeylər bütün.

Hünərli alim də durmadan bir dəm

O çətin iş üçün çalışdı möhkəm.

Sarp daşdan bir günbəz tikdi çox yüksək.

Ona əfsunlarla vurdu min bəzək.

Misdən bir tilsim də elədi bina,

Asdı bir mis təbil onun boynuna.

Şaha söylədi ki: "Günbəz hazırdır,

Onun tilsimi də, təbli də vardır!

Indi burulğana gəmini salsan,

Salamat çıxacaq o təbli çalsan!"

Mahir gəmiçiyə şah verdi fərman,

Sürsün gəmisini ora qorxmadan.

Gəmi burulğana daxil olantək,

Coşaraq hərləndi bir burulğantək.

Təbil ağacını şah alıb ələ,

Yoxlamaq istəyib, endirdi təblə.

Elə bir dəhşətlə gurladı təbil,

Sanki qanad çaldı göydə Cəbrail.

Gəmi də girdabda qalmayıb bir an,

Tez çıxıb qurtuldu o burulğandan.

Bu sirli hikmətə çox sevinərək,

Şahın üzü güldü yaz günəşitək.

Xilaskar alimə, şad olsun deyə,

Çoxlu mal-xəzinə etdi hədiyyə.

Başqa bir katib də xəritələrdən

Yoxlayıb, danışır həmin o yerdən:

"Babil tərəfdədir həmin burulğan..."

Çətindir iki rəy söylənən zaman.

Iki çay bir yerə tökülsə əgər,

Səsi nəğmə kimi qulağa gələr.

Bunu bir alimdən sual elədim:

"Bu təblin səsində nə sirr var?" dedim.

Heyətşünas alim öz biliyilə

Dəlillər gətirib, şərh etdi belə:

"Gəmi burulğana çatdığı zaman

Heybətli bir balıq suyun altından

Bir dairə üzrə daim dövr edir,

Ağır gəmiləri suda hərlədir.

Gəmilər hərlənir dağılanadək,

Qərq olub batanı udur o nəhəng.

Gurlayanda təbil - o qurd dərisi,

Yetişir balığa sehirli səsi.

Balığı sarsıdır bu müdhiş nərə,

Baş vurub o qaçır dərinliklərə.

O balıq qaçanda suları yarır,

Ardınca gəmini çəkib aparır.

Çıxır burulğandan gəmi bu sayaq,

Allah özü bilir düzünü ancaq!"

Tilsimin sirrini bilib hökmüdar,

Dənizə çıxmağa verdi tez qərar.

O dağda dayanmaq istəməyərək,

Tələsik sahilə gəldi sevincək.

Gecənin hindusu bu göy çadırdan

Yeddi rud boyunca ip çəkən zaman[221]

O qorxunc sahildə xof etməyərək,

Ip üstə oynadı şah bir hindlitək[222].

Ancaq bilmirdi ki, o təbli çalan

Adamı nə sayaq götürsün ordan.

Yenə kömək oldu bu işdə allah,

Heç kəsi qoymadı qalsın orda şah.

Özgənin gözünə dərman eyləyən

Özünə istərmi dərman özgədən?

Kafur həbbi atar çox qızdırmalı,

Bunsuz yaxşılaşar təbibin halı.

Başqa dərdlilərə kim etsə dərman

Özü sağ-salamat olar hər zaman.

Hünərli gəmiçi cəld tərpənərək,

Atıldı gəmiyə sanki bir nəhəng.

Yelkənin ipini açdı bəndlərdən,

Dora altdan-üstdən bənd idi yelkən.

Yelkəni qaydayla açıb yüksəltdi,

Gəldiyi yollarla qayıdıb getdi.

Qara su üstüylə gəmiylə keçdi,

Əvvəlki sahilə gəlib yetişdi.

Hamı əqlə gəlməz bir sevinc ilə

Çıxdı sağ-səlamət həmin sahilə.

İskəndər dəhşətlə dolu o yoldan

Qayıdıb sahilə çıxdığı zaman

Çəkdiyi əzabdan artıq dincəldi,

Dərd-qəmi unudub özünə gəldi.

O, xeyli qul, dustaq eylədi azad,

Allaha şükr etdi, qəlbi oldu şad.

Çatanda bu xəbər Çin xaqanına

Gəldi gülər üzlə şahın yanına.

Allaha sidq ilə şükr edib yenə.

Səpdi ayağına bol-bol xəzinə.

Onu nəvazişlə qucaqladı şah,

Başına gələndən elədi agah.

Danışdı dəhşətli dəniz selindən,

Qurduğu tilsimin nicat əlindən.

Dənizdə yolunu azdığı zaman

Dəstənin düşdüyü o burulğandan.

Qaçdıqları dağdan, xilas təblindən...

Nəql etdi hər şeyi ona tamamən.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [46] [47] [48] [49] [50] [51] [52] [53] [54] [55] [56] [57] [58] [59] [60] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info