Qonaq Kitabı
YEDDİ GÖZƏL

Torpaq nigarxana durduqca hər an

Qorxu hiss eyləməz kəhkaşanlardan.

Saxlar bina səni əziz can kimi,

Yerə hökm eyləyər asiman kimi.

İş belə göstərir, əmək çəkərəm,

Yeddi ülkər kimi günbəd tikərəm.

Hər günbəd bir rənglə həmahəng olar,

O, yüz bütxanadan gözəl rəng olar.

Şahın gətirdiyi yeddi nazənin

Bayrağını açar yeddi ölkənin.

Hər ölkə göydəki səyyarə sayaq

Nizama, əsasa malik olacaq.

Bəllidir, həftənin nə ki günü var,

Hər ulduza biri aşikar olar.

Yaşasın dünyada, gülsün ömrü çağ,

Hər gün olsun yeri, görüm, bir otaq.

Ev rəngində geysin paltar şahanə,

Evin gözəliylə sunsun peymanə.

Söylədiyim kimi edərsə hərgah,

Böyük şöhrətlərə yetər bizim şah.

Yaşasa beləcə əgər dünyada,

Çatar ömru boyu hər bir murada”.

Şah dedi: “Tutaq ki, etdim belə mən,

Evim zərdən oldu, qapım dəmirdən,

İnsan dedikləri gəlib-gedəndir,

Bu qədər əziyyət, əzab nədəndir?

Deyirsən günbədə bəzək vuraram,

Səyyarə misalı, bir ev quraram.

Havadır, həvəsdir bunlar, bəs hanı

Evlər yaradanın evi, eyvanı?

Hər şeyə deyirəm afərin, əhsən,

Harada axtarım yaradanı mən?

– Yox, – dedi, – səhv dedim mən bu sözləri,

Ulu Tanrımızın bilinməz yeri.

O görünməz gözə heç bir məkanda,

Sitayiş edilir ona hər yanda”.

Deyib bu sözləri sakit oldu şah,

Coşdu bu arzuyla o qəlbi gümrah.

Gözünün önündə durdu əlbəəl

Simnarın çəkdiyi yeddi şux gözəl.

Qalırdı orada o yeddi pəri,

Hər biri bir elin dürrü, gövhəri.

Şidənin sözündən fikrə getdi şah,

Gizlin hesablardan agahdı, agah,

Ustanın sözünü ancaq kəsmədi,

Cavab vermək üçün o tələsmədi.

Keçdi bu söhbətdən bir xeyli müddət,

Bir gün eyləyərək Şidəni dəvət,

Sözünün işini istədi Bəhram,

İşlərə birbəbir eylədi əncam.

Nə gərəksə bütün verdi Şidəyə,

Çalış, xəznə apar, əmək çək deyə.

Günlərin birində böyük sənətkar

Bəhramın əlindən aldı şirin bar[181].

O, ulduz tanıyan, bəxt görən kişi

Vaxt seçdi başlasın mübarək işi.

Seçdi, səadətli bir tale seçdi,

O, yeddi günbədi tikməyə keçdi.

İki il çalışdı, işlətdi sənət,

Bir saray tikdi ki, cənnətdi, cənnət.

Çalışdı, çarpışdı, göstərib hünər,

Yeddi günbəd tikdi – hər yanı gövhər.

Taleyi, görkəmi hər bir günbədin

Parlaq şahidiydi kəsilmiş şərtin.

Günbədi Bəhram şah gəlib gəzərək,

Bağladı binaya məhəbbət, ürək.

Gördü ki, nə edib Neman Simnara

Bir əfsanə kimi düşüb diyara.

Acıyır eşidən, qaralır qanı,

Nifrətlə yad edir zalım Nemanı.

Bəhram, razı qalsın qoy Şidə, deyə,

Amül şəhərini verdi hədiyyə.

Dedi ki: “Səhv etdi əgərçi Neman,

Əziyyət gördüsə sənətkar ondan,

Ədlim üzrxahdır edilmiş zülmə,

Onu həsəd, bunu səxavət bilmə”.

Dünyanın belədir hər işi, əlbət,

Biri zərər görər, biri mənfəət,

Bir dost susuz ölər, qəlbi xar gedər,

Başqa bir dost suda boğular gedər.

Hərə öz işinə qalmış xeyli mat,

Susmuş, çarə nədir, belədir həyat.

 

 

 

YEDDİ GÜNBƏDİN TƏRİFİ VƏ

BƏHRAMIN ORADA İŞRƏTƏ DALMASI

 

Nə zaman Keyqubad taclı, cəsur şah

Keyxosrovluq tacı qaldırdı, nagah

Yerdən bir Bisütun ucaldı göyə,

Fərhadın etdiyi döndü kölgəyə.

O yeddi sütunlu bir Bisütundan

Yeddi günbəd tikdi, sanki asiman.

Göylərlə birləşən imarətdə şah

Gördü ki, fələyi ötmüş bu dərgah.

Şah baxdı hasara, yeddi qülləyə,

Hər qüllə oxşardı bir səyyarəyə.

Ulduzlar tanıyan sənətkar Şidə

Ulduz rəngi vermiş hər bir günbədə.

Keyvan taleyində günbəd ki, vardı,

Qaraya bürünmüş müşkə oxşardı.

O ki, Müştəriylə həmahəng idi,

Bəzəyi, düzəyi, səndəl rəng idi.

O günbəd ki, Mərrix adını aldı,

İncə naxışlıydı, sərasər aldı.

O bürc ki, Günəşdən verirdi xəbər,

Saraltmışdı onu üstündəki zər,

Onu ki, şux etmiş göyün Zöhrəsi,

Ağdı Zöhrə kimi onun çöhrəsi.

Ona ki, Ütarid vermişdi nemət,

Firuzə rəngindən yetmişdi zinət.

O günbəd ki, ona ay yol salardı,

Şahın taleyindən yaşıl çalardı.

Dediyim bəzəkdə qalxdı göylərə,

Oxşayıb yeddisi yeddi ülkərə.

Yeddi el almışdı öz öhdəsinə,

Yeddi şah qızına açmışdı sinə.

Hər qız maraq saldı ev ahənginə,

Əşyanı döndərdi günbəd rənginə,



 
[ 1-15 ] [ 16-30 ] [31] [32] [33] [34] [35] [36] [37] [38] [39] [40] [41] [42] [43] [44] [45] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info