Qonaq Kitabı
YEDDİ GÖZƏL

Bir az dincələrəm yol zəhmətindən,

Yenə əmr eyləsə qayıdaram mən.

Yox, razı olmasa nə qədər varam,

Şahın nökəriyəm, itaətkaram”.

Şah dedi: “Xəznəni xəznədar açsın,

Bacardıqca əli cavahir saçsın.

Misir, Məğrib, Ümman məhsulu – nə var.

Durmasın, gətirsin, gəlsin xəznədar”.

Yükçülər gətirdi tökdü ortaya,

Yük yükün üstündən vuruldu taya;

Xalvar-xalvar qızıl, müşkü müşk üstə,

Qullar, qaravaşlar dəstəbədəstə;

Tərifə sığmayan şahanə mallar,

Bahalı paltarlar, ipəklər, şallar;

Aşan dənizləri, uca qatları,

İranda bəslənən ərəb atları,

Qılınc – Hindustani, geyim – Davudi,

Səxa gəmisinə yer oldu Cudi[160].

Olsa da hünərli sərrafın əli,

Saya bilməz idi bu dürrü, ləli.

Bir tac ki, gövhərdən almışdı zinət,

Şüştər[161] gəlirindən üstün bir xələt.

Baxdı bu sovqata, sevindi Neman,

Yəmən, Ədən oldu ona ərməğan,

Bəhram şah o qədər verdi ona pay,

Elə bil Zöhrəni yola saldı ay.

Döyüşdən, vuruşdan gələrək cana,

Yenə də işrəti çəkdi meydana.

Hamının işinə eylədi əncam,

Sonra öz işinə başladı Bəhram.

 

 

 

YEDDİ GÜNBƏDİN TİKİLMƏSİ

BƏHRAMIN YEDDİ İQLİMİN QIZINI İSTƏMƏSİ

 

Əyləndi, başladı keyfə asudə,

Ayağında düşmən, əlində badə.

Usta hekayəti duşdü yadına,

Təriflər yazmışdıq əvvəldən ona,

Saray ki, yurduydu o yeddi yarın,

Sanki Ərtəngiydi yeddi diyarın.

Şahın ürəyinə saldı məhəbbət

Ustanın çəkdiyi o yeddi surət.

Qaynadı yeddi yol, qəlbi duruldu,

Ta ki, yeddi kimya özünün oldu.

Kəyan nəslindəndi o birinci qız,

Atası ölmüşdü, yalnızdı, yalnız!

Min xəznə yolladı o pərizada,

Tapdı gövhəritək gövhər dünyada.

Sonra da xaqana elçi göndərdi,

Bir az qorxu gəldi, ümid də verdi.

Xaqandan qız, xəznə və tac istədi,

Bir də yeddi illik xərac istədi.

O, qızıyla birgə çoxlu şey verdi,

Bol mirvari verdi, gövhər hey verdi.

Bəhram sonra Ruma yönəldi, axdı,

O yurdu ordusu yandırdı-yaxdı.

Qorxub nəfəsini çəkmədi Qeysər,

Üzr ilə qız verdi, üstəlik də zər.

Məğrib padşahına göndərib adam,

Çoxlu xəznə aldı, tac aldı Bəhram.

Onun da qızını aldı, götürdü,

Cəsarətə bax ki, necə iş gördü.

Aldı o sərvi də girib bostana,

Oradan yeridi tez Hindistana.

Racənin gözəli qəlbinə yatdı,

Ağılla, tədbirlə murada çatdı.

Oradan qasidi Xarəzmə keçdi,

Şah üçün gülüzlü bir pəri seçdi.

Slavyan şahına yazdı kağızı,

İstədi ondan da o dilbər qızı.

Yeddi el şahından bu qayda ilə

Bəhram sahib oldu yeddi gözələ.

Daldı işrətlərə, könlü oldu şad,

Həyatdan gəncliyi aldı nəşə, dad.

 

 

 

BƏHRAMIN QIŞ MƏCLİSİNİN TƏRİFİ

VƏ YEDDİ GÜNBƏD TİKDİRİLMƏSİ

 

Bir gün zəfər çaldı sübhün nur çağı,

Açıqdı, aydındı günün qabağı,

Nura qərq olmuşdu o səhər cahan,

Ah, o gün çıxmasın yaddan heç zaman.

Şah gözəl bir üzə bənzər ziyafət

Verib, aqilləri eylədi dəvət.

Qışın ilk günüydü o səhər, o çağ,

İşə ev yarardı, deyil baxça-bağ.

Bağların sönmüşdü şamı, çırağı,

Tərk edib getmişdi bağbanlar bağı.

Qarğa oğurlayıb bülbül səsini,

Oxurdu “oğru var” nəşidəsini[162].

O hindu cinslidir, bunu yaxşı bil,

Hindlidə oğurluq təəccüb deyil[163].

Səhər nəsiminin mahir nəqqaşı

Suda halqa çəkir hər addım başı.

Sərt soyuq atəşi tabdan salırdı,

Su qılınc, qılınc su şəkli alırdı[164].

Əlində suvanmış ox tutan boran

Olmuşdu göz deşən, çeşmə bağlayan.

Süd ocaq üstündə dönür pendirə,

Şaxta vurur, donur qan birdən-birə.

Həvasil qanadı taxmışdı torpaq,

Fələk sincab, qaqum bürünmüşdü dağ[165].

Girərək pusquya vəhşi heyvanlar

Hər yerdə mal-qara edirdi şikar.

Bitkilər başını çəkib torpağa,

Boyatma qüvvəsi düşüb duzağa[166].

Öz kimyası ilə iki rəng cahan

Daşda od ləlini eyləmiş nihan[167].

Qızılgül kürəni etmişdi otaq,

Hikmət palçığından çəkmişdi suvaq[168].

Büllur bulaqları döydükcə şaxta,

Olur gümüş kimi su laxta-laxta.

Şahın tabxanası[169] belə bir zaman,

Dörd fəsli andırır; qalxır otaqdan

Ətirlər bürüyür, basır hər yanı,

Mötədil eyləyir qarlı havanı.



 
[ 1-15 ] [ 16-30 ] [31] [32] [33] [34] [35] [36] [37] [38] [39] [40] [41] [42] [43] [44] [45] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info