Qonaq Kitabı
YEDDİ GÖZƏL

Qum səp, fərş üstünə, axıt qanımı[195].

Gözümün nurusan, bir özgə cansan,

Hicri dözülməyən sərvi-rəvansan.

Səntək bir huridən məqsədə yetsəm,

Müftədir, canımı qurban da etsəm.

Müftə bir xəznəni kimdir almayan?

Canını bu yolda oda salmayan?

Gəl, parlat bu gecə məni şam kimi,

Çıraqtək yandırır qəmin qəlbimi.

Yansam çıraq kimi, canım sağ qalar,

Sönərsəm sinəmdə, bil ki, dağ qalar.

Günəş yandırmasa bizi odlara,

Ruzimiz az olar, günümüz qara.

Bir arzu deyildir istəyim səndən,

Sadə bir yuxudur, söyləyirəm mən.

Dimağım bir dərin yuxuya batmış,

Ölüdən seçilməz, inan ki, yatmış.

Görsəydi gözlərim səni dunyada,

Görməzdim üzünü şirin röyada.

Əgər can almaqsa xəyalın sənin.

Öldür, olsun qanım həlalın sənin”.

Deyib bu sözləri coşduqca coşdum,

O gözəl çiçəyin üstünə qoşdum.

Xəznə qapısını gətirdim ələ,

İstədim yetirəm əqiqi lələ.

Görmədən arzumdan hələ bir səmər,

Yalvardı, yaxardı, etmədi əsər.

O: – Səbr eylə, – dedi, hörmət istədi,

Vüsala yetməyə möhlət istədi:

“Sənindir xəzinə, xam xəyalı at,

Sakit ol bu gecə, sabah kama çat.

Başqa fikirlərə qapılma hələ,

Sabah gecə xəznə alarsan ələ.

Birgecəlik dözüm çətin deyildir,

Axı bir gecə ki, bir il deyildir”.

Çox dedi, baxmadım, döndüm xəncərə,

Əlimi kor kimi atdım kəmərə.

Xahişi, niyazı artdıqca onun,

Həvəsim birə yüz olurdu əfzun.

İş gəldi elə bir məqama çatdı,

Səyim haman bağlı bəndi boşaltdı.

İnadkar görüncə nazlı yar məni,

Əsəbi, səbirsiz, biqərar məni,

Dedi: “Yum gözünü, nə danış, nə din,

Açım qapısını qənd xəznəsinin.

Aman ver, qoy açım sən istəyəni,

Gözlərini açıb, qucarsan məni.

Aldanıb şəkərli bəhanəsinə,

Yumdum gözlərimi bal xəznəsinə.

Bir dəqiqə onu sakit buraxdım,

Sonra, “Aç gözünü”, deyincə baxdım

Ki, vurum caynağa yağlı şikarı,

Alım qucağıma o gözəl yarı.

Çevirincə ona dərhal üzümü,

Səbətin içində gördüm özümü.

Nə bir kişi vardı, nə qadın, eyvah,

Munisim soyuq yel, dostum qızğın ah.

Kölgəydim, işığın yolundan azdım,

Türkünazdan iraq bir Türkütazdım.

Dəhşətlə sarsıldı qəlbim dərindən,

Bu zaman səbətim qopdu yerindən.

Köhnə dostum gəlib eylədi imdad,

Etdi səbətimi iplərdən azad.

Taleyim çıxınca hər bir oyundan,

Səbətim aşağı gəldi sütundan.

Bir zaman o məni tərk edib qaçan,

Oldu üzr istəyən, hörmətlər saçan,

Dedi: “Söyləsəydim əgər mən yüz il,

Deyərdin ki, bu iş həqiqət deyil.

O şey ki, gizlindi gördün göz ilə,

Bu sirr deyilməzdi əsla söz ilə.

Onunla dönmüşəm mən də qaynara,

Zülmlər görmüşəm, geymişəm qara”.

Dedim ki: “Ey başı bəlalar çəkən,

Rəyini olduqca bəyənmişəm mən.

Çəkdim o qədər ki, qəmdən ahü-zar,

Qismətim kəsildi bu qara paltar.

Qara ipək gətir”. O, durdu, getdi,

Qaranlıq gecədə tədarük etdi.

O qara paltarı alıb geyincə,

Hazırlıq görərək mən haman gecə

Məmləkətim deyə yola düzəldim,

Qaralar içində evimə gəldim.

Qara geyənlərə şaham, sərdaram,

Qara bulud kimi coşub gurlaram.

Püxtə arzu-kamdan gəldim tüğyana,

Ömrü xam arzular saldı hicrana.

Elə ki, sahibim bu hekayəni

Danışıb eylədi xəbərdar məni,

Şahımın yanında kənizdim, heçdim,

Onun seçdiyini mən dəxi seçdim.

Yetmək məqsədilə abi-həyata

İskəndərlə birgə getdim zülmata.

Zülmat gecə ayı çırağban eylər,

Soltanlar çətrini qaradan eylər.

Rənglərin yaxşısı qaradır, qara,

Balıq beli hara, sümüyu hara?[196]

Qara tükdür verən gənclikdən nişan,

Qaranlıq göstərər ağ üzü cavan.

Göz qarası ilə görər cahanı,

Kim görmüş ləkələr örtsün qaranı?

Gecə örtməsəydi qara ipəklər

Ayın beşiyinə yarardı məgər?

Yeddi rəng tanıyır geniş asiman,

Qaradır rənglərə üstün hər zaman.

Nə zaman ki, hindin gözəl xilqəti

Söyləyib qurtardı bu hekayəti,

Şah “afərin!” deyib baş-başa çatdı,

Alıb qucağına gözəli, yatdı...

 

 

 

BƏHRAMIN YEKŞƏNBƏ GÜNÜ SARI

GÜNBƏDƏ GETMƏSİ VƏ İKİNCİ İQLİM

PADŞAHI QIZININ HEKAYƏ SÖYLƏMƏSİ

 

Dan yeri ağarıb şəfəq sökəndə,

Sübhün tərəzisi qızıl tökəndə,

Yekşənbə günü şah, dünya çırağı,

Qızıldan özünə verib novrağı,



 
[ 1-15 ] [ 16-30 ] [31] [32] [33] [34] [35] [36] [37] [38] [39] [40] [41] [42] [43] [44] [45] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info