Qonaq Kitabı
YEDDİ GÖZƏL

Meyvələr, şərablar edildikcə nuş,

Daim xumarlanır, könül olur xoş.

Səndəl, ud atəşi ucalır göyə,

Tüstüsü hindlitək durur səcdəyə.

Alovdur nəşənin, keyfin dayağı,

Zərdüştün qırmızı kükürd ocağı[170].

O, qandır, od kimi gəlir meydana,

Ya da bir ipəkdir batmış al qana.

Fındığa innabı rəngini verir,

Civəsini onun ala döndərir.

Qəlbi qoparılmış bir almaydı san,

İçinə dolmuşdu gilələr nardan.

Ya qırla rənglənən xoş kəhrəbaydı,

Ənbər yaşmaqlı bir günəşə taydı.

Bir zülmətdi, sanki nurdan boğulur,

Ya lalə bitirmiş saçlarında hur.

Bir türkdü, rumluydu əsil-nəsəbi,

Hindlilər göz nuru vermiş ləqəbi[171],

Yunisin məşəli, kəlim çırağı,

İsanın bəzmidir, İbrahim bağı[172].

Töküldükcə kömür parçası oda,

Bənzərdi ləkəyə parlaq aynada.

O qara rəng idi, bu əqiqtəhər,

Zülmət içindəki yaquta bənzər.

Nəzər sal gövhəri qızaran közə,

Al, sarı, göy rəngli nur verir gözə[173].

Qığılcımdan qızıl bəzəkləri var,

Qara həmailli gəlinə oxşar.

Zərlə işlənilib gəlin otağı,

Bir tağı ud rəngli, gülnar bir tağı.

Xəzəlin tüstüsü sarı şölələr

İlan altındakı xəznəyə bənzər.

Odun vətənidir, cəhənnəm, cənnət

Ondan işıq alıb, bundan hərarət[174].

O bir cəhənnəmdir atəşpərəstə,

Günahsızlar üçün yoldur behiştə[175].

Zərdüşt “Zəndi” ona nəğmələr saçar,

Muğlar pərvanətək xirqələr açar[176].

Od buzu su eylər, iqtidarı var,

Niyə atəş deyir ona adamlar?

Alabaxta xasdı, hörməti vardı,

Oynar od üstündə, qanad çalardı.

İpək od üstündə verib əl-ələ

Turac ilə kəklik qurmuşdu halə.

Ev nəşəli, sərvin kölgəsi misal,

Şərab qırqovulun qanından da al.

Alabaxta rəngli olan asiman

Tökmüşdü qan yerə alabaxtadan.

Qırmızı şərabla dolu büllur cam

Quru su içində yaş oddu tamam[177].

Yeyir gurgözlülər, içirdi şərab[178],

Çəkilir şişlərə gur budu kabab.

Bəhram Gur öz yaxın dostlarıyla hey

Şahlar qaydasınca nuş edirdi mey.

Şən söhbət, mey-məzə, ürək sevən yar,

Hamı mey içəndi, hamı qəmküsar.

Al şərab, gül şəkər cülüşlər incə,

O məclis qızındı, bişdi deyincə.

Dimaqlar nəğmədən coşdu, çağ oldu,

Könüllər mum kimi yupyumşaq oldu.

Hünər sahibləri söhbət açıb hey,

Danışdı özünə yararlı bir şey.

Söz-sözə bağlandı cavahirmisal,

Belə nitqə gəldi bir sahib kamal:

“Nura qərq eyləyər şahımız yeri,

Əks edər bu qədər incəlikləri.

Çox dünya şahını var görüb gedən,

Olmamış belə bir calal seyr edən.

Mübarək qədəmi, tacı, izzəti

Vermiş ömrümüzə bütün neməti.

Cansağlığı da var, əmniyyət də var,

Biz genişlikdəyik, düşmən qəlbi dar.

Bolluq, çansağlığı, bir də əmniyyət;

Başqa hər nə varsa, boş sözdür əlbət.

Mədə dolu olsa, geyim mükəmməl,

Dürr nəyə lazımdır, nəyə gərək ləl?

Bizə ki, sən oldun ulu tacidar,

Demək, hər şeyimiz, hər şeyimiz var,

Dünyada olaydı kaş çarə, dərman,

Dəyməyəydi bizə nəzər heç zaman.

Gərdişi ulduzun, dövrü sipehrin[179],

Kaş hər zaman belə, xoş üz göstərsin.

Çıxmasın şadlığın taleyi izdən,

Bizi ayırmasın bu eyşimizdən.

Olaydı şahımız şad ildən-ilə,

Verilməsin işrət xırmanı yelə.

Şadlıqla dolanıb gəzsin hər yanı,

Layiqdir biz olaq onun qurbanı”.

Natiq öz nitqini yetirdi sona,

Sözləri yağ kimi yayıldı cana.

Qışı unutdurdu bu isti sözlər,

Bəyəndi ürəklər, parladı gözlər.

Məclisdə bir kişi vardı azadə,

Alicənab idi, o əsilzadə

Gün kimi parlaqdı, Şidə şöhrəti[180],

Vurardı qaraya, ağa zinəti.

Rəssamdı, mötəbər bir sənətkardı,

Mühəndisdi, böyük hünəri vardı.

Tibb elmi, həndəsə, asiman, nücum,

Şidənin əlində sanki mumdu, mum.

İncə memar idi, bəzək vurandı,

Nəqşlər çəkərək, surət qurandı.

Tişəylə, qələmlə çəkərsə əmək,

Manidən can alar, Fərhaddan ürək.

Ağlın şagirdiydi Şidə hər zaman,

O təlim almışdı usta Simnardan.

Simnar Xəvərnəqdə çəkəndə əmək,

Şidə eyləmişdi ona çox kömək.

Elə ki, məclisdə şahı gördü şən,

Saçır su dilindən, od ürəyindən,

Yer öpdü, Bəhrama həmən əydi baş,

Oturdu, sözunə başladı yavaş.

Dedi ki: “Qovaram pis gözü, hərgah

Lütf edib icazə versə mənə şah.

Göy ölçmək işində çox pərgaram mən,

Ulduzlar elmindən xəbərdaram mən.

Memaram, bəzərəm bütün dünyanı,

Rəssamam, sənətin məndədir canı,

Göylərdən alaram bir elə nisbət

Ki, dəyməz padşaha xətər, əziyyət.



 
[ 1-15 ] [ 16-30 ] [31] [32] [33] [34] [35] [36] [37] [38] [39] [40] [41] [42] [43] [44] [45] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info