Qonaq Kitabı
YEDDİ GÖZƏL

Gözəl musiqiylə ayaqlaşdılar.

Söylədi baldodaq qızların şahı:

– O hərifçin gəzin bu seyrəngahı.

Gözəllər naz ilə gəzdilər yenə,

Yetirdilər məni böyüklərinə.

Görərkən o məni ayağa durdu:

– Sağ yanımda otur, – deyə buyurdu.

Mən təzim eylədim, təzim aldı yar,

Oyandı qəlbimdə keçən arzular.

Açıldı süfrələr yenə çiçəklə,

Yenə keçdi dəmim ləziz yeməklə.

Sonra nur saçmağa gəldi piyalə,

Mey sunan saqilər döndü hilalə.

Dərya ovçuları hey gəzə-gəzə

Dürr səpdilər sədəf camlarla bizə.

Mən yenə xumardım, yenə heyrandım,

Zülfünü ip kimi tutub dayandım.

Divlərim ip qırdı, baxın onlara.

Tutub mən yazığı saldılar dara.

Hörümçək eylədi əyləncə məni,

Canbaza döndərdi o gecə məni.

Döndüm arpa görən uzunqulağa,

Aygörən səritək durdum donmağa,

Xəznə düşən kimi oğru əlinə,

Titrək əllərimi atdım belinə.

Əlimi sürtdüyüm saya gümüşdü,

Özum bilməyirdim bu necə işdi?

Mən hey yumşaldıqca o döndü daşa;

Ay üzlü mehriban düşərək başa,

Uzatdı əlimə şümşad əlini,

Öpdü əllərimi göylər gəlini,

Çəkim bəlkə onun xəznəsindən əl;

– Bağlı bir xəznəyə, – dedi, – o gözəl –

Əl uzatmaqdan sən, gəl, çəkin bir az,

Əli uzun olan murada çatmaz.

Alınmaz mədəndir möhrüm, yaxşı bil,

Möhrü açmaq sənin qüdrətin deyil!

Səbr eyləyib, gözlə, sənindir xurma,

Ona çatmaq üçün tələsən olma!

Sən hələ şərab iç, kabab yetişər,

Günəş çıxanacan aya sal nəzər.

Dedim: – Səndən alır işıq gülşənim,

Ey gözümün nuru, günəşim mənim!

Üzün sübhü bənzər gül açmış bağa,

Mən necə sönməyim dönüb çırağa.

Göstərib susuza sən şirin çeşmə,

Sonra da deyirsən, amandır, içmə!

Üzündə cilvələr oynayan zaman

Pəri görmüş kimi huş getdi başdan.

Parladıqca sırğan qulaqlarında

Nalım yandı atəş ocaqlarında.

Ayın şəbxunuyla olarmı cidal,

Günəşi zərrəylə bürümək mahal!

Necə əl götürüm ki, əlimdəsən,

Sənin hüzürunda qəm çəkim nədən?

Sən torpaqdan olsan, mən torpaqdanam,

Sən pərisən əgər, mən də insanam.

Yedim dodağımı bu qədər, yetər,

Bəs deyil dişimi sorduğum məgər?

Əlac et, qəlbimə qəm salıb ləkə,

Yetişim arzuma bu gecə bəlkə.

Bəxtimə köməyin ancaq yar olar,

İnsan taleyilə bəxtiyar olar.

Deyirsən: qəm yemə, canan sənindir,

Calış, işində ol, bu can sənindir.

Yüküm ağır oldu, ayaq surüşdü,

Qurtar, qurtar, işim əngələ düşdü.

Ahu sağrılısan, ey saçı ənbər,

Dovşan yuxusuna verməyin yetər,

Qorxuram çox yaman bu qurd fələkdən,

Tülkülük etməyə başlaya birdən.

Qorxuram üstümə cuma şir kimi,

Didə pələng kimi, ləc bəbir kimi.

Arzuma çatmağa inayət eylə!

Məni kama yetir, ədalət eylə!

Arzu dərgahını bağlasan üzə,

Çıxmaram gecədən nurlu gündüzə.

Çək mənim nazımı, ey nazlı dilbər,

Qonağın nazını şahlar çəkərlər.

Gördü səbrim gedib, qərarsızam mən,

– Razıyam, əl götür, – dedi, – gülbədən, –

Nazını çəkərəm, naz çəkmək peşəm,

Sən Xəllux əhlisən, mənsə həbəşəm[194].

Qarşında, ey qonaq, ey sevimli yar,

Belə süfrələrin nə qiyməti var?

O murad ki, səni yandırır belə,

Onu tez axtarsan, gec gələr ələ.

Tikanlıq dönərsə əgər cənnətə,

Mən də meyl eylərəm belə sənətə.

Söyüd ud qoxusu yaysa dağ-daşa,

Məndən də belə bir iş gələr başa.

İstə məqsudunu, gözüm üstə, al,

Ancaq o istəyin xəyaldır, xəyal!

Üz sənin, döş sənin, dodaq sənindir,

Bir dürrü vermərəm, hər haqq sənindir.

Belə bir gecəylə etsən ixtilat,

Qabaqda var hələ min belə büsat.

Könül al şərabdan odlanan zaman,

Sənə bağışlaram ayüzlü canan.

Ondan arzunu al, nişanı tuşla,

Mənim ətəyimi ancaq ki boşla!

Məni azdırdığı yolla getmədim,

Qulaq asdımsa da, əməl etmədim.

Çalışdım ki, olum həyalı, həlim,

Qızğındı, kəskindi odum, dəmirim.

Baxtım söylədi: “Ey fərsiz, dərdmənd,

Abadandan uzaq tapılmaz bir kənd.

Mənisə aldatdı tamah, etdi xam,

Paydan məğmun olur çox uman adam”.

Dedim: “Ey işimi dolaşıq salan,

Qərarımı vurub könlümdən çalan,

Yüz minlər yönəldi xəznəyə sarı,

Aqibət bu yolda tapdı məzarı.

Ayağım xəznələr içində ikən,

Düşsəm də zillətə, əl çəkmərəm mən.

Əsla danışmaram belə əməldən,

Ölsəm də, vermərəm zülfünü əldən.

Taxtında şamımı yandır, ey mələk,

Ya da taxtın kimi, dur, çarmıxa çək!

Ya bu fərşdə oyna, ya al canımı,



 
[ 1-15 ] [ 16-30 ] [31] [32] [33] [34] [35] [36] [37] [38] [39] [40] [41] [42] [43] [44] [45] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info