Qonaq Kitabı
YEDDİ GÖZƏL

Aldı Cəmşid kimi qızıl cam ələ,

Tacı günəş kimi nur saçdı elə.

Üzüyü sarı bir gültək qəşəngdi,

İşıldayan qaşı kəhrəba rəngdi.

Yollara zər səpib, günbədə getdi,

Könül şadlığını birə yüz etdi.

Büsatla otağa şah etdi dəmsaz,

Nəşə, mey içində eylədi pərvaz.

Gecə ev çevrildi naz otağına,

Aşiqlər büründü sirr duvağına.

Şah o şəkər saçan şama söylədi:

“Sevişdir bir yerdə ləl ilə qəndi.

Oxu, nəşə duyum oxumağından,

Xoş səsin eyləsin günbədi heyran”.

Şahın fərmanına qarşı durulmaz,

Qəbulə keçməzdi bəhanəylə naz.

Dil açdı söhbəti, sözü məzəli,

Dedi Çin bəzəkli o Rum gözəli:

“Ey Tərazın, Rumun, Çinin padşahı,

Soltanlar ümidi, şahlar pənahı.

Hakimlər izzəti, ağasan, ağa,

Çoxları çan atar qulun olmağa.

Hər kim eyləyərsə başqa bir xəyal,

Görər öz başını yerlərdə dərhal!”

Elə ki duası axıra yetdi,

Ağzını ətirli bir məcmər etdi.

 

 

 

KƏNİZ SATAN PADŞAHIN HEKAYƏSİ

 

Dedi ki: “İraqda bir şəhər vardı,

Orada şöhrətli bir şah yaşardı.

Nura qərq edərdi günəştək yeri,

İlk bahar gününə vardı bənzəri.

Hünəri daş çapar, dağlar dələrdi,

Əlindən nə desən onun gələrdi.

Bunca məharətlə, bunca qüdrətlə,

Keçərdi günləri eyşü-işrətlə.

Bəxtini ulduzla etmiş-imtahan,

Bəla çəkəcəkdir o, qadınlardan.

Odur ki, qorxudan almazdı arvad,

Ta ki, bu qayğıdan olsun sərazad.

Belə bir üsulu şah sevib seçdi,

Odur ki, həyatı tək-tənha keçdi.

İş gəldi bir yerə çatdı nəhayət,

O axtarıb durdu bir incə xilqət.

Gözəl kənizləri pul verdi, aldı,

Ləyaqət görmədi, heyrətdə qaldı.

Çünki hər aldığı çəkmədi bir az,

Aşdı öz həddini, oldu yaramaz.

– Mən xanımam, xanım, – deyib söylədi,

Qarun xəznəsini tələb eylədi.

O sarayda qozbel bir qarı vardı,

Əbləhdi, əbləhlər tora salardı.

Şah alsaydı satın bir saçı sünbül,

Aldadardı qarı töküb yağlı dil,

O: – Rumun xanımı, Təraz gözəli –

Deyə, təriflərdi hər incə beli.

Alınan kənizlər belə hörməti

Görüb, unudardı rəsmi xidməti.

Özünü dost tutan lağlağılar var,

Onlar kənizlərdə qürur doğurar.

O dost ki, hər işi yalnız duzaqdır,

Bəzəkli-düzəkli bir mancanaqdır.

Şah nə qədər həlim, mehriban oldu,

Kənizlər o qədər qudurğan oldu.

Kimə mehribanlıq paltarı tikdi,

Namehriban görüb əlini çəkdi.

Şah çox kəniz aldı, çox kəniz satdı,

Bu yolda bir böyük şöhrətə çatdı.

Zahirdə hərə bir böhtan deyərdi,

Batində anlayan yoxdu bu dərdi.

Məqsədə çatmadı kimə vuruldu,

Dolandı, axtardı, axır yoruldu.

“Talesizəm” deyib almazdı əyal,

Yaxşı kəniz tapmaq olmuşdu mahal.

Üzdü saf olmayan qadınlardan əl,

Gəzib arayırdı sadə bir gözəl,

Bir gün cariyələr satan bir nəfər

Kəniz alan şaha yetirdi xəbər:

“Bir xacə Çindəki nigarxanədən

Yığıb gətirmişdir min gümüş bədən.

Onun gətirdiyi qul yox, pəridir,

Xətanın, Xəlluxun gözəlləridir.

Üzləri dünyanı işıqlandırar,

Mehribanlıq edər, aşiq yandırar.

İçlərində gözəl, bir şux pəri var,

Səhər ulduzunun nurunu alar.

Deşilməmiş dürrə bənzər o kəniz,

Dürr satan yanında o candan əziz.

Mərcan dodaqları mirvari bənddir,

Cavabı acıdır, gülüşü qənddir.

Şirin təbəssümlə saçarkən şəkər,

Uzun illər boyu yer şəkər yeyər.

Əgərçi şəkəri nemət olubdur,

Xalqa ciyər yemək qismət olubdur.

Özüm ki, çoxdandır kəniz satanam,

Bu üzə, bu xala, saça heyranam.

Padşah əgər ona bir nəzər sala,

Vurular yəqin ki, o mahcamala”.

Şah fərman verdi ki: “Ey dəllal, yeri,

Gətir hüzuruma o kənizləri!”

Qoca, kənizləri gedib gətirdi,

Padşah dürr uğrunda sövdaya girdi.

Əgərçi hər biri aya oxşardı,

Lakin çox şahanə birisi vardı.

Ondan etmişdilər padşahı agah,

Bəyənərək sevdi görən kimi şah.

Dedi sövdəgərə: “Söylə, görüm sən

Bu kəniz qızcığın xasiyyətindən.

Əgər xoşlayarsam ürəkdən onu,

Artıq pul verərəm, yaxşı bil bunu”.

Açdı öz dilini Çin sövdəgəri,

Dedi: “Şəkərdodaq bu dilbər pəri

İncədir, sevimli, şux, əhli-haldır,

Bütün yaxşılığa canlı misaldır.

Bircə şakəri var ancaq, bu gözəl

Kişi arzusuna eyləmir əməl.

Yüz minnətlə onu kim alsa hərgah,



 
[ 1-15 ] [ 16-30 ] [31] [32] [33] [34] [35] [36] [37] [38] [39] [40] [41] [42] [43] [44] [45] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info