Qonaq Kitabı
YEDDİ GÖZƏL

Belə gündən-günə xoşbəxt olan şah

Hər gündə bir evi etdi qərargah.

Gündə bir gözəllə söhbət edərdi,

Gündə bir günbədə varıb gedərdi.

Gündə bir otaqda o sahibkamal

Məclis düzəldərək qurdu cah-calal.

Harada keyf edib, içib yeyərdi,

Haman ev rəngində paltar geyərdi.

Otağın xanımı vuraraq bəzək,

Bəhramın önündə oturardı tək

Ki, füsun eyləsin şahın könlünə,

Yesin halvasını şah dönə-dönə,

Eylərdi məhəbbət açan söhbəti,

İstərdi qızdıra qızğın şəhvəti.

Belə hasar çəkdi adil hökmüran,

Əcəlsə əlini çəkmədi ondan.

Tərk et, ey Nizami, gəl bu cənnəti

Ki, gülu tikandır, tikanı iti.

Beşgünlük dünyada, gəl düşün bunu,

Gör necə oldu bir Bəhramın sonu.

Yeddi gözəlin yeddi hekayə söyləməsi

 

 

 

BƏHRAMIN ŞƏNBƏ GÜNÜ QARA

GÜNBƏDƏ GETMƏSİ VƏ BİRİNCİ İQLİM

PADŞAHI QIZININ HEKAYƏ SÖYLƏMƏSİ

 

Elə ki, büsatla coşdu, çağladı,

Yeddi nazəninə könül bağladı,

Şəmmas məbədindən çıxıb kənara,

Abbasilər kimi geyinib qara[182],

Müşki günbəd – deyə yönəldi Bəhram

Ki, hind banusuna yetirsin salam.

Keçirdi gününü orda keyf ilə,

Ud yandırıb ətir gətirdi ələ.

Şahlar qaydasınca, qalxaraq gecə,

Ağ ipək üzünə müşkü səpincə,

Kəşmir biharından, Bəhram Gur – o şir

İstədi nəsimi andıran ətir:

Gövhər sandığından qıfıl açılsın,

İncələrə məxsus inci saçılsın,

Desin bir nağıl ki, sulansın ağız,

Sərxoşu yuxuya aparsın o qız.

O türk gözlü, hindu nəsilli ceyran

Açdı xəznəsini müşkünün haman:

“Şahın beş növbəti, – söylədi gəlin, –

Dörd balışı üstdə ayın səslənsin[183].

Bu dünya durduqca canı sağ olsun,

Başlar kandarında bir torpaq olsun.

Könlündən nə qədər keçsə arzu, kam,

Uğurlu taleyi yetirsin müdam”.

Qapandı səcdəyə sevimli birdən,

Sonra ud ləzzəti saçdı şəkərdən.

 

 

 

HEKAYƏ

 

Həyadan dikildi yerə gözləri,

Saçdı deyilməmiş bakir sözləri:

– Uşaqdım, kamallı, incə düşünən

Qohumlarımızdan eşitdim ki, mən,

Behişt sarayının xanımlarından

Varmış bir zahidə, lətif bir insan.

O hər ay gələrmiş bizim saraya

Başdan-ayağadək girib qaraya.

Ondan soruşublar: ey gümüş heykəl,

Bu qara geyməyin sirrini aç, gəl.

Kədərmi, qorxumu əzir ruhunu?

Bizə yardım eylə, öyrənək bunu.

Qoy ağarsın qara, gəl, imdada yet,

Ey xeyirxah qadın, bizə yardım et!

Bu qara geydiyin əbəs deyildir,

Aç bu əlaməti, sən bizə bildir.

Qadın doğruluğun minib atını,

Danışdı qaranın əhvalatını,

Dedi ki: – Dinməsəm əl çəkməzsiniz,

Deyim, sözlərimə inansanız siz.

Mən bir kənizəm ki, padşahım filan,

O ölübsə də, mən razıyam ondan.

Bəxtiyar yaşardı şahım cahanda,

Qoyunu saxlardı qurddan amanda.

Çalışıb, qatlaşıb o əzablara,

Zülmlər əlindən geymişdi qara.

Fələk taleyini görüb də bərbad,

Qara geyənlərin şahı vermiş ad.

Onun vardı əvvəl bəzək paltarı,

Bəzən al geyərdi, bəzən də sarı.

Bağ qönçəsi kimi qonaq sevəndi,

Yanağı gül kimi gülürdü, şəndi.

Vardı işrət üçün mehman otağı,

Göydə Sürəyyaya dəyərdi tağı.

Süfrələr salmışdı, döşənmiş yerə,

Ədəb öyrətmişdi xidmətçilərə.

Gəlsəydi bir nəfər uzaqdan əgər,

Cilov tutub, qonaq eyləyərdilər.

Süfrə salardılar otağa layiq,

Yemək verərdilər qonağa layiq.

Sorardı şah onun hekayətini,

Buraxıb gəldiyi vilayətini.

Qonaq bildiyindən edərdi agah,

Söylədikcə onu dinləyərdi şah.

Ömrü beləliklə keçərdi gözəl,

Əsla götürməzdi əməlindən əl,

Günlərin birində o qaçdı bizdən,

Simürğ quşu kimi yox oldu gözdən,

Xeyli zaman keçdi bu hadisədən,

Ondan tapılmadı bir xəbər verən.

Kömək oldu ona taleyi nagah,

Qayıtdı taxtına yenə bizim şah.

Baxsaydı əynində hər kim paltara

Başdan ayağadək qaraydı, qara.

Şahlıq eylədikcə göstərdi hünər,

Qaralar geyindi duymadan kədər.

Yaşardı zülmətdə həyat suyutək,

Sormadılar: “Nədir bu qara geymək?”

Bir gecə sərf edib mən öz şahıma,

Qulluq eyləyirdim qibləgahıma.

Dizimin üstünə o qoyub ayaq,



 
[ 1-15 ] [ 16-30 ] [31] [32] [33] [34] [35] [36] [37] [38] [39] [40] [41] [42] [43] [44] [45] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info