Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Tək bircə fətirə gəl qane ol sən,

Düşün, günəşdən ki, artıq deyilsən[189].

Allahlıq edərsən nəfsi saxlasan,

Acgözdür öküzlə eşşək hər zaman.

Kimin km, yeməkdə heyvan nəfsi var.

Heyvan sifətində qəbirdən çıxar.

Qiyamət gələndə, əldə tərəzi,

Öküztək, eşşəktək baxar hərəsi.

Insan sağlam olar az-az yeməkdən,

Uzun ömr eləməz əsla çoxyeyən.

Həddindən ziyadə yesə bir insan,

Gəyirər, pis qoxu gələr ağzından.

Aslantək sən də az yeməyə alış,

Çünki qorxaq olar çox yeyən camış.

Dartıb sürüyərlər tənbəl eşşəyi,

Çünki ölçüsüzdür yeyib içməyi.

Buludtək damcıyla su al dənizdən,

Verəndə bol-bol ver, səxavətlə sən.

Suçu tuluğundan tez-tez su paylar,

Tuluq gah boşalar, gah da ki, dolar.

Yağlıdan, yavandan elə ye ki, sən

Onu asanlıqla həzmə verəsən.

Saxla əndazəni qədərlə, sayla,

Bir az ye, bir az yığ, bir az da payla!

Bu cür yeyib, yığıb paylasan əgər,

Sənə bu dünyada xoşbəxt deyərlər.

Yeməkdə əsasdır cana nuş olmaq,

Onun dadına yox, faydasına bax!

Sirkəni yeyəndə süddən et həzər,

Sirkəylə süd içmək azar törədər.

Uyma eyş-işrətə həddindən artıq,

Yola tədarük gör, bir səfərə çıx!..

Bu nə tənbəllikdir? Giriş bir işə,

Bekarlıq insanı sıxar həmişə!

Özgənin əliylə qazdırma mədən,

Özün bir əl tərpət, əgər dirisən.

Əl-ayaq qulundur, işlətsən, yəqin,

Çıxmazlar heç zaman əmrindən sənin.

Minlərlə xidmətçin olsa da, hökmən,

Özün əl-qolunu heç qoyma işdən.

Sənin əl-ayağın səlamətdirsə,

Onların işini xadimlər görsə,

Bunlar da əlindən çıxsa bir zaman,

Sən əlsiz, ayaqsız qalmış olarsan!

Şirinsə birinin dili, söhbəti,

Başqa şey istəmə, bəsdir ülfəti!

Köməyi dəyməyən şirindil insan

Yaxşıdır acıdil əltutanlardan.

Daim şirin dillə yaxşılıq elə,

Nə fayda eləsən acı dil ilə?

Həyalı söz danış, öyrənib səndən

Həyalı danışsın səni dinləyən.

Ağıllı bir işdir yumşaq danışmaq,

Kobudluq axmağa yaraşar ancaq!

Söz özü nə qədər gözəl olsa da,

Onu gözəllikdən salar pis əda!

Sükut çox yaxşıdır pis danışmaqdan,

Sükutdan olmayıb heç kəs peşiman.

Hər kim qol qoyarsa nalayiq işə,

Dünyada xar olar özü həmişə.

Bir şeyi tapmasan, çalış, səbr elə,

Aldat sən özünü bir ümid ilə!

Yeməkdən yaxşıdır ümid min kərə,

Ümidlə, vədəylə bəslənər zirə.

Quraqlıq olanda, bilmirsən bunu,

Zirəyə verərlər zirə suyunu?[190]

Zirə öz suyuyla yaşayar ancaq,

Dolan qismətinlə sən də o sayaq.

Bulud çiskinindən yatarsa güllər,

Yağış şiddətlənsə, aparar sellər.

Zalimə heç zaman eləmə kömək,

Bir gün sorğu-sual günü gələcək!

Çox da qoşun çəkib susama qana,

Bu, bir kündə olar öz ayağına.

Bu qədər baş kəsib atmaqdan usan,

Bu topla nə qədər oynayacaqsan?

Sənin buludunda çox göz yaşı var,

Daim qılncından nahaq qan axar.

Qorx ki, boyun vuran qılıncın bir gün

Vurar öz boynunu nahaq qan üçün.

Elə sür kəcavə çəkən dəvəni,

Filin ayağına salmasın səni[191].

Bir gör nə qədər qan tökübsən hədər,

Başlar kəsdiribsən nahaq, nə qədər,

Nə qədər ölkələr edibsən xərab,

Sorsalar, nolacaq verdiyin cavab?

Güllərə dağ çəkmək olmasın peşən,

Yetirməz onları bir də bu gülşən.

Bu harın göy atdan daim et həzər,

O bir əjdahadır, gəlinə bənzər[192].

Qəlbi ülfətsizdir, köksü boşluqdur,

Özünün özündən xəbəri yoxdur.

Bağla torpaq kimi dinclik kəməri[193].

Qoy fələk tələssin, sən asta yeri!

Şahsan, şahin kimi iti uçma sən,

Şiri-pər kimi ol, vüqarlı tərpən!

Iti düşüncənin cilovunu çək,

Meşə yollarında çoxdur daş-kəsək.

Dərdə əlac etmək istəsən əgər,

Ləngiyib vaxtını eyləmə hədər.

Günahsızla dava fikrinə düşsən,

Səbr elə, bu işdə tələsmə heç sən.

Canini, oğrunu bağışlama heç,

Başqa təqsirlərdən, günahlardan keç!

Çəkin aşnalıqdan hər bir alçaqla,

Onları özündən uzaqda saxla,

Şah əgər xalq ilə etsə ədavət,

Ağ olar üzünə xalq da, nəhayət!

Etmə tabəənlə çox yumşaq rəftar,

Məlumdur almazı qalay sındırar.

Heç salma altına özgə kilimi,

Öz dərin üstündə yat aslan kimi!

Özündən özünə baramaqurdu

Həm kəfən toxudu, həm də ev qurdu.

Məhrəm olmayandan gözlə özünü,

Dinləmə onların əsla sözünü.

Ömrünü ah-vayla vermə sən bada,

Acizlər ah-vayla yaşar dünyada.

Bu cürə sözlərim çoxdur, ancaq mən,

Demirəm: tapılmaz məndən çox bilən,



 
[ 1-15 ] [ 16-30 ] [31] [32] [33] [34] [35] [36] [37] [38] [39] [40] [41] [42] [43] [44] [45] [ 46-60 ] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info