Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Müti qələmini alaraq ələ,

Elm ilə zəkaya edib riayət,

Yazsın bir faydalı, gözəl nəsihət.

Elə nəsihət ki, dinləsə onu,

Dost bilsin özünə qurd da qoyunu,

Fərmanı dinləyib vəzir hörmətlə,

Təzim edib şaha çıxdı rüxsətlə,

Mədəndən gövhərlər çıxarmaq üçün[167]

Fikrini başına yığaraq bütün,

Diltək itiləyib qələmi, yenə

Qamışdan qənd səpdi kağız üstünə[168].

 

 

 

ƏRƏSTUNUN NƏSİHƏTNAMƏSİ

 

Allahın mədhini edib ifadə,

Ərəstu yazmışdı rəhbərnamədə:

"Ey şah, elmə, fənnə sən daim yar ol,

Nadandan, cahildən daim kənar ol!

Bağlı bir qapıya açar axtarsan,

Ancaq alimlərdə axtar, taparsan.

Əgər sahib olsan dövlətə, vara,

Şükr elə bununçün pərvərdigara.

Zəfərlər çalanda, yetəndə kama

Allahın xovfunu yaddan çıxarma.

Allahdan qorxana bəxti yar olar,

Ondan qorxmayanlar daim xar olar.

Səlamət yaşamaq istəsən əgər,

Oda üzərrik at hər gün, hər səhər.

Pis gözə inanma, ondan gəz kənar,

Heç öz gözünə də etmə etibar.

Demiş müdrik qoca belə bir məsəl:

"Gərək yaman gözdən qorunsun gözəl!"

Bir ağac çox uca qalxmasa, inan,

Şiddətli küləkdən görməz bir ziyan.

Ovlaqda ovçular ox atsa əgər,

Dikbaş təkələrə daha çox dəyər.

Hər kəsi ötməkçün çıxanda yola,

Tələsmə, həsədə yol vermə əsla!

Həsəd dərdə salar daim insanı,

Insana yad edər dostu, aşnanı.

Heç kəsi qaldırma kinlə yerindən.

Qaldırdın, yerə sər arxasını sən!

Biriylə köhnədən olarsa kinin,

Kökünü qazıma onun nəslinin.

Ata intiqamın alma oğuldan,

Çalışıb onunla dost ol hər zaman.

Günəşlə kölgədə çox azdır ara,

Biri işıqlıdır, biri qapqara.

Tikan xurma ilə bir yerdə bitər,

Biri zəhərlidir, biri qənd-şəkər.

Naqqaya qonşudur sədəf dəryada,

Qılınc yox, dürr verir şaha dünyada[169].

Qardaşın qanını alma qardaşdan,

Tamam ayrı şeydir çünki südlə qan[170].

Bir kəsçün özgəni incitmək olmaz,

Qoyunu qoyunun ayağından as!

İstəsən allahdan mərhəmət, kömək,

Pisliyi kökündən atasan gərək!

Pislərlə fələk də elər pis rəftar,

Yaxşılıq görərlər daim yaxşılar.

Həmişə dünyada yaxşılıq axtar,

Yaxşı ad almaqda əbədiyyət var!

Yaxşı adlananla yaxşı ol müdam,

Yoxsa sən özün də olarsan bədnam.

Zatı pis olana üz göstərmə sən,

Qurdu bəsləməkdən ziyan çəkərsən.

Bədgövhər adamla heç addım atma,

Öz təmiz kimyanı küllərə qatma.

Bədəsil olarsa əgər bir adam

Qırmızı gövhəri saraldar tamam.

Ağıllı adamla dost olsan əgər,

Elmi, mərifəti sənə də keçər.

Çox pul qazanmağı eləsən niyyət,

Pulsuz adamlarla etmə məsləhət.

Ciddiyyət gözləmək yüngül adamdan -

Gövhər istəməkdir arpa satandan.

Gur, öküz, ya pələng, - bütün heyvanlar

Ancaq həmcinsiylə gəzər, dolanar.

Nacins olar isə əgər bir nəfər,

Ondan görəcəkdir çoxları zərər.

Iki saf güzgünü qoysan üz-üzə,

Onlarda bir ləkə görünməz gözə.

Qorxma acizlərə zülm edənlərdən.

Yoxsa qəm-qüssəyə batarsan hökmən.

Insana ram olsa aslanlar əgər,

Bunu insafdan yox, qorxudan edər.

Həyasız adama qarşı sərt rəftar

Yumşaq davranmaqdan faydalı olar,

İşini bərk tutan düşməni yoxla.

Yumşaq-yumşaq çağır, tutdun, bərk saxla!

Başı fitnə dolu olarsa hər kəs,

Şirinliklə çağır, itiliklə kəs.

Iki xam bədxahın birsə qərarı,

Fənd ilə, tədbirlə ayır onları!

Qurd ilə pələngi sal bir-birinə.

Sənin istədiyin yetsin yerinə.

Şah və ya əkinçi,- gözləmə nəsəb,

Özünə görə ver hər kəsə mənsəb.

Güclünün yanına güclünü göndər,

Alimin üzünü alimə döndər.

Göndərdiyin adam işbilən olsa,

Heç öyüd-nəsihət istəməz əsla!

Paslanıb kəsməsə qılıncın əgər,

Qızıl ver, daşları dəmirə döndər[171].

Xəzinə qızılı yığmaq üçündür,

Qızıl da düşməni yıxmaq üçündür.

Quyruqla mümkündür tülkünü tutmaq.

Şirniyə aldanar həmişə uşaq.

Xalqın məclisində mütrübtək şad ol,

Sərvsən, kibrdən, çalış, azad ol[172].

Dünyanı sübH kimi nurunla bəzə,

Camalın səhərtək görünsün gözə.

Bəzəmə özünü sən reyhansayaq,

Özgənin əlində ol nurlu çıraq[173].

Səninçün bir yükdür daim xəzinə,

Dincəlmək istəsən, ver özgəsinə,

Zər atəş deyil ki, daim yığılsın,

Qığılcım kimidir, gərək dağılsın.



 
[ 1-15 ] [ 16-30 ] [31] [32] [33] [34] [35] [36] [37] [38] [39] [40] [41] [42] [43] [44] [45] [ 46-60 ] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info