Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Əndazəylə yeyər ruzunu hər kəs.

Fəqət var dünyada elə insan da

Zəri yerdə saxlar, həsədi canda.

Qızılı torpaqda basdırsan əgər,

Taleyin başına sənin kül ələr.

Yesə çörəyini dostlarla insan,

Onundur var-dövlət, onundur cahan.

Açıb kisəsini rəhmə gələrək,

Bir neçə yoxsula o edər kömək.

Arpaca olsa da vəzndə gövhər,

Ona "Çox samballı daşdır" deyərlər.

Əllərimiz boşdur, yol isə uzaq,

Yoxdur mənzildən də hələ bir soraq.

O qədər xəbərsiz yatma ki, haşa,

Yatmışkən sel gəlib başından aşa.

Yuxusuz, yeməksiz qalma ki, bədən

Süstləşib, yorulub düşər qüvvədən.

Yola çıxan yolçu cövlan edərək,

Çapmasın hər yana gərək dəlitək.

Keşikçi düzdürsün yollar uzunu.

Getsin təhlükəsiz ta ki, yolunu.

Olsun gecə-gündüz işində oyaq,

Yatanı oğrutək ruzgar soyacaq.

Arxaya, qabağa zillənsin gözü,

Onu aldatmasın yadların sözü.

Yola bələd olsa rəhbərlik edən,

Ordu qorxu bilməz çətinliklərdən.

Yollar dağa-daşa salsa da onu,

Dağılmaz başından əsla qoşunu.

Qoşunla yeriyər yağıştək, qartək,

Əyləşər heybətlə o, dəryalartək.

Çatdığı ölkədən bir neçə nəfər

Yedirdib, içirdib ələ gətirər.

Sirr alıb, ənamlar verər o kəsə,

Toxum göyərərmi su verilməsə?

Işini düzəldər bu sayaq asan,

Gərək çətinlikdən bezməsin insan.

Sülh əgər bir başla olsa bərqərar,

Artıq baş kəsməyin nə mənası var?

Yolda qoluzorlu rast gəlsə əgər,

Üstünə yerimək bəla gətirər.

Mümkün deyildirsə qələbə çalmaq,

Nahaqdır qoşunu çətinə salmaq.

İşin düyün düşsə, aça bilməsən,

Səbr elə, özünü nahaq yorma sən.

Hər çətin düyünün bir əlacı var,

Səbrlə, tədriclə açılar onlar.

Adətdir, işlərdə az olmur düyün.

Fəqət öz-özünə açılır bir gün.

Nə qədər yerində söyləsəm sözü,

Məndən artıq bilir, əlbət, şah özü,

Niyyətlə at sürsə şah hansı yana.

Öz əqli rəhbərdir həmişə ona.

Bir kəsə köməkçi olarsa allah.

Heç kəsə ehtiyac duymaz o əsla.

Salamlar gətirsə bir qəlbə mələk.

Onun insan fikri nəyinə gərək?

Padşahın əmrinə eləyib əməl

Yazdımsa bilənlər kimi bir məsəl.

Yalnız ixlasımı elədim izhar,

Onun öz bəxtitək bir rəhbəri var.

Heç kəsim möhtacı deyildir padşah,

Ona köməkçidir əqlilə allah!

Əqli kömək olsun hər işdə ona,

Allah hər işini salsın yoluna!"

Naməni qurtarıb o qoca alim,

Təzimlə elədi padşaha təqdim.

Qəlbi bu namədən şahın şad oldu,

Qüssədən, kədərdən o, azad oldu.

 

 

 

SOKRATIN NƏSİHƏTNAMƏSİ

 

Üç gün ötüb keçdi, yenə asiman

Rum-zənci oyunu oynayan zaman

İskəndər buyurdu qoca Sokrata

Vursun üzüyündən muma möhr o da[185],

Yazsın bir qiymətli nəsihətnamə,

Mənası nur saçsın bütün aləmə.

Alim əməl etdi uca fərmana,

Dürlər çıxarmaqçün daldı ümmana[186].

Gümüştək kağıza qara xətt ilə

Zəkanın hökmünü nəqş etdi belə:

"Nəqqaş hansı nəqşə başlasa, gərək

Allahın adına vursun ilk bəzək.

Hamıya köməkdir böyük yaradan,

Onun möhtacıdır bütün bu cahan."

Allahın mədhini yetirib sona,

Bağladı sözünü şahın adına:

"Ey şah, bu örtülü quyuya, gəl, sən

Girmə əqlin, huşun əmr vermədən.

Sən ki, bol gövhərdən yoğurulubsan.

Həyat oyuncaqtək gəlməsin asan!

Bu başdan edirəm səni xəbərdar,

Gücünə güvənmə, yolda pələng var!

Döyüşdə, şənlikdə, - hər yerdə olsan,

Heç zaman ayrılma yaxşı dostlardan.

Əyləncə, eyş-işrət bəzminə düşsən,

Işvəli bir dilbər seç özünə sən.

Məclisdə qüssədən, qəmdən uzaq ol,

Həmişə kefi kök, damağı çağ ol.

Siyasət məclisi qurulsa fəqət,

Orda hər yetənə sən vermə fürsət.

Yanında hərzə söz danışmasınlar,

Səni də hörmətdən salmasın onlar.

Yeməyi heç yemə dəniz kimi tək,

Yediyin olmasın acı, dəniztək[187].

Bulaq ol, çox olsun gəlib içənin,

Dursun qulluğunda kuzələr sənin!

Xörəyi evində gizlətsən, əlbət,

Ondan yetmiş evi basar üfunət.

Vaxtında evindən çıxarsan əgər,

Qapına müşktək ətir səpilər[188].

Nə qədər açmayıb hələ bənövşə,

Qönçəsi pis qoxu verər həmişə.

Saçları açılıb dağılan zaman

Müşk-ənbər qoxusu yayılar ondan.

Acgöz olma, sənin deyil bu saray,

Yalnız bir çörəkdir alacağın pay.



 
[ 1-15 ] [ 16-30 ] [31] [32] [33] [34] [35] [36] [37] [38] [39] [40] [41] [42] [43] [44] [45] [ 46-60 ] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info