Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Şah isti görəndə dəniz suyunu,

Çox dərin bir heyrət götürdü onu.

Alimdən soruşdu: "Deyin, bu nədir?

Kimdir gözətçisi, bu nə çeşmədir?"

Alim cavab verdi: "Həmin isti su

Çoxunun abrını tökmüş, doğrusu[205].

Çox olub bu sirri açmağa həvəs.

Kələfin ucunu tapmayıb heç kəs.

Çoxundan bu sirri soruşmuşam mən.

Olmayıb bir doğru cavab söyləyən.

Günəşin seyrini, hərə birtəhər,

Mərkəzdə, ya yerin altında bilər.

Kim bilir, günəş, Ay bu cilvəgahdan

Keçib sonra harda sürürlər dövran?.."

İskəndər kənarda bir az dincəldi,

Sonra yavaş-yavaş sahilə gəldi.

Civətək ağırdı o dənizdə su,

Kəsmişdi yolları bulud ordusu.

Gəmi belə suda üzməzdi asan,

Müşküldür yol getmək rəhbər olmadan.

Soruşdu şah sirri bələdçilərdən:

"Bu yola nə tədbir görməliyəm mən?

Salaq biz gəmini suya nə sayaq?

Yüklə o sahilə mümkünmü çıxmaq?"

Məsləhət görmədi o yolbilənlər,

Dedilər: "Yaramaz bu yerdən səfər.

Olsa yüz bələdçi, yenə də heç kəs

Gəmini bu sudan çıxara bilməz.

Vardır civə rəngli bu qorxunc suda

Qəssasə deyilən bir əjdaha da[206].

Mağaradan çıxan qara tüstütək

Görünər heybətlə hərdən o nəhəng.

Elə dəhşət saçar o qorxunc heyvan,

Uzaqdan görərsə əgər bir insan,

Vahimə içində quruyub ölər...

Kim olar bu qorxunc yollara rəhbər?

Hələ bundan betər: burdan baxanda

Işıqlı bir sahil vardır o yanda.

Rəngbərəng daşlarla doludur hər yan:

Qapqara, sapsarı, gömgöy, al-əlvan!

Hərəsi bir-iki batman qədərdir,

Qızıl sürmə daşlar sanki gövhərdir.

O əlvan daşları görəndə insan

Sevinər fərəhdən, gülər şadlıqdan.

Qəhqəhə çəkərək güldükcə gülər,

O qədər gülər ki, gülməkdən ölər.

Misqaldan az olsa daşın çəkisi.

Oyatmaz insanda o, gülüş hissi!"

Bunları dinləyib şah fikrə getdi,

Adamlar göndərib təcrübə etdi.

Qocanın sözləri düz-doğru çıxdı,

Daşlar çoxlarını torpağa yıxdı.

İskəndər əmr etdi, bir miqdar əsgər

Minib dəvələrə ora getsinlər,

Sarınsın gözləri yetişən zaman,

Yığıb gətirsinlər həmin daşlardan.

Nə qədər bacarsa toplayıb hərə,

Çatsınlar daşları tez dəvələrə.

Bez ilə bürüyüb bərk sarısınlar,

Üstdən də çox qalın şeylər salsınlar.

Daşlarla yükləyib o dəvələri,

Daşlıqda qalmayıb dönsünlər geri.

Şahın adamları dinləyib bunu,

Icra elədilər buyurduğunu.

Ölüm qorxusundan şah ilə ordu

Yel kimi tərk etdi o qorxunc yurdu.

Dəvə sürənlərə padşah əmr etdi,

Yüz dəvə o sarı qumdan yüklətdi.

İmarət tikməyə yararlı olan

Sulu bir çəmənə çatdığı zaman,

Buyurdu, daşları yerə tökdülər,

Onlardan bir böyük bina tikdilər.

Parçaya sarınmış həmin daşlardan

Eləcə sarıqlı qoyub, açmadan,

Onları qaydayla düzüb yığdılar,

Tikdilər qapısız uca bir hasar.

Daşbadam sayağı gözəl qəsrlər,

Hərəsinin hüsnü bir özgə təhər.

O sarı torpaqdan palçıq tutaraq,

Bayırdan çəkdilər hasara suvaq.

Hasar içəridən çılpaq divardı,

Çünki bu pərdədə gizli sirr vardı.

Alimlər bu cürə edir rəvayət:

Aradan keçincə bir xeyli müddət,

Çürüyüb sarğılar töküldü yerə,

Yeddi rəng gövhərlər çıxdı zahirə.

Binalar xaricdən vermirdi ziyan,

Çünki suvaq vardı sarı palçıqdan.

Geyimi soyundu daxildən hasar,

Ölürdü oraya ayaq basanlar.

Ora yetişəndə hər yoldan ötən,

Hasarı içindən görmək istərkən,

Bir qapı axtardı, tapmadı ancaq,

Hasara dırmaşdı kəmənd ataraq.

O hasar daşları bir adam görcək,

Alırdı canını ahənrübatək.

Batmanı adamı öldürsə əgər,

Gör dağtək qalansa nələr törədər?

Deyirlər: qürurlu şahlardan biri

Əfsanə sayaraq belə sözləri,

Bir adam göndərmiş, təcrübə etmiş,

Eşitdiyi sözlər sübuta yetmiş.

Binanı qurtarıb, sonra İskəndər

Dəryadan səhraya elədi səfər.

Altı ay yol getdi sonsuz çöllərdən,

Qoşun təngə gəldi axır səfərdən.

O, fil ayağıyla səhralar keçdi,

Nilin sahilinə gəlib yetişdi.

Çayın mənbəyini istədi görə,

Çıxan olmamışdı o yüksəklərə.

İskəndər çox iti bir hərəkətlə,

Böyük mətanətlə, böyük cürətlə

Dördnala çapırdı çayla yanaşı,

Aşırdı sel kimi o, dağı-daşı.

Dağları, çölləri keçərək getdi,

Nəhayət, dağ-dərə axıra yetdi.

Quru qumluqları keçib ötürdü,

Axırda yamyaşıl bir təpə gördü.

Təpənin ətrafı uca dağlardı,

Minatək yamyaşıl daşları vardı,



 
[ 1-15 ] [ 16-30 ] [31] [32] [33] [34] [35] [36] [37] [38] [39] [40] [41] [42] [43] [44] [45] [ 46-60 ] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info