Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Almazlar mədəni sayılan yeri

Ətlə doldurdular atıb leşləri.

Ətə almaz duztək yapışan zaman

Quşlar da uçuşub gəldi hər yandan;

Kababla "duzu" da aldılar onlar,

Qaldı o dərədə yalnız ilanlar.

Qayalar üstünə qonub yedilər,

Hər quşun dalınca getdi on nəfər.

Tökülən almazı onlar yığaraq,

Şahın hüzuruna döndülər qıvraq.

Şah yığdı bir yerə o almazları,

Pislər gömgöy idi, yaxşılar sarı.

Şah ordan aşağı dönüb gələrək

Endi dağdan axan qüdrətli seltək.

Onlar çox sür ətlə endilər dağdan,

Yox idi bir nəfər bələdçi-filan.

Atların nalından odlar yağırdı,

Döşündən tər deyil, qanlar axırdı.

Bir ay yol getdilər onlar bu sayaq,

Qalmadı minikdə salamat dırnaq.

Axır xoşbəxtliklə qurtardı birdən

Qoşun şikayətdən, şah əziyyətdən:

Qoşunu şah daşlıq yerdən çıxartdı,

Həm abad, həm geniş bir yerə çatdı.

O münbit torpaqda yağışdan, qardan

Gömgöy əkinlərlə doluydu hər yan.

Yamyaşıl, şən, göyçək görüb o yurdu,

Qəlbi həsrət ilə ora uçurdu.

Atlar ac, burasa göy otla dolu...

Başları qarışdı, azdılar yolu.

Bir gənc, - əlində bel, ayağı yalın

Durmuşdu zəmidə şir kimi dalğın.

İgiddi, tərifə yox ehtiyacı,

Başına layiqdi Kəyanlar tacı.

Bel sanki əlində qızıl açardı.

Üzündə iş-gücün nişanı vardı.

Beli gah qaldırır, gah endirirdi,

Suyu gah kəsirdi, gah da verirdi.

Şah dəvət eləyib soruşdu ondan:

"Nədəndir torpağa meylin, ey cavan?

Bir gözəl oğlansan, düşüncən də var,

Gözəl iş görməli gözəl insanlar.

Sənə layiq deyil bu çöldə qultək

Əlinə bel alıb rəncbərlik etmək.

Belə gözəl, parlaq gövhərə əsla

Yaraşmaz torpağa qaxılıb qala.

Lap şahlıq verərəm istəsən sənə,

Əl çək bu torpaqdan, qulaq as mənə.."

Ağıllı əkinçi eyləyib xitab,

Verdi padişaha ədəblə cavab:

"Ey dünya alimi, adil hökmüdar,

Sənə ram olmuşdur xamlar, harınlar.

Bir elə iş ver ki, hər peşəkara,

Qoymasın işindən onu avara.

Başqa iş bilmərəm, əkinçiyəm mən,

Padşahlıq eləmək gəlməz əlimdən.

Rəncbərin yatağı daim bərk olar,

Biz yumşaq yataqda olarıq donqar.

Bərkliyə öyrənib vücudum mənim,

Çox yumşaq yatağa dözməz bədənim.

Zəriflik eləsə kobud bədənlər,

Elə bil yapışqan bal olmaq istər!.."

Bu cavab padşahın gəldi xoşuna,

Ürəkdən "Afərin!" söylədi ona.

Sonra da etməkçün onu imtahan

Soruşdu: "Allahın kimdir, ey cavan?

Səni kim qoruyur dünyada şərdən?

De, nəyə etiqad eləyirsən sən?

Kimə qul bilirsən, söylə, özünü?

Tikibsən hansı bir yola gözünü?"

Gənc dedi: "Ey haqdan xəbərlər verən,

Peyğəmbərlik edib düz yol göstərən!

Səninlə bir yolun yolçusuyam mən,

Mənim də qibləmdir sənin öz qiblən.

Dağları, daşları, çağlayanları,

Göyləri bəzəyən kəhkaşanları

Yaradan allaha mən gecə-gündüz

Səcdəylə sürtürəm bu torpağa üz.

Bu qaşı, bu gözü odur nəqş edən,

Özümdən xəbərsiz mənə bəxş edən.

Daha neçə nemət mənə göndərmiş,

Onun yüzdə biri min fayda vermiş.

Mənim də borcümdur ona şükr etmək,

Allahı tanıyan şükr edə gərək.

Sən bir peyğəmbərsən, mən Allaha qul,

Odur ki, edirəm dinini qəbul.

Mən səni əvvəldən görüb yuxuda,

Sayəndə dirildim balıqtək suda.

Indi, sən qarşımda zühur edəndə,

Əmrinə həmişə hazıram mən də.

Dünya yetirməmiş sənintək insan,

Səni tək yaratmış böyük yaradan.

Aləmdə şadlığın mayəsi sənsən,

Dünyanı hifz etdin öz səddinlə sən!"

Şahların başçısı olan İskəndər

Həmin xoşxasiyyət gəncə bir qədər

"Afərin!" söyləyib öpdü alnından,

Allahın adını eylədi bəyan.

Ona bağışladı şahanə xələt,

Allahın dinilə tapdı o qüdrət.

Bu güllü, çiçəkli gülşən ölkədə,

Çəmənli, bulaqlı bu şən ölkədə

Qoşunla birlikdə şah bir gün qaldı,

Hamı rahatlanıb dincini aldı.

Bu yeddi xalvarlıq təbli çaldıran

Xoruza əmr edib verdirəndə ban[211],

Yola hazırlaşdı yenə İskəndər,

Tədarük gördülər, başlandı səfər.

Xeyli uzaqlaşıb həmin ölkədən,

Başqa bir mənzildə saldılar məskən.

Bu ölkə cənnəttək gözəl bir yerdi,

Torpağı əkinsiz məhsul verərdi.

Ağaclı, çiçəkli gözəl diyardı,

Hər yanda şahanə saraylar vardı.

Ancaq torpağını basmışdı sular,

Çürüyüb solmuşdu orda hər nə var.

Şah sordu: "Bu yerdə kimlər hakimdir?

Bu hansı ölkədir? Sahibi kimdir?

Bunun əkinçisi, öküzü hanı?

Hanı xış sürəni, cilov tutanı?"



 
[ 1-15 ] [ 16-30 ] [31] [32] [33] [34] [35] [36] [37] [38] [39] [40] [41] [42] [43] [44] [45] [ 46-60 ] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info