Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Bol qızıl veribdir bura yaradan,

Ağacdan, otdansa yoxdu bir nişan.

Qızıl mədənini İskəndər görçək,

Sevindi bir qızıl tapan uşaqtək.

Bir qədər yol gedib, atını çapdı,

Cənnəttək bir gözəl düşərgə tapdı.

Ağacları qızıl bir bağdı abad,

Burda taca, təxtə çatmışdı Şəddad.

Ölkələr fatehi girdi içəri,

Qızıldan sapsarı gördü hər yeri.

Meyvəylə doluydu bütün ağaclar.

Ləl idi, dürr idi verdikləri bar.

Alma, nar doluydu hər tərəf, hər yan,

Hamısı qızıldan, parlaq yaqutdan.

Gümüşü narınclar, qızıl türünclər,

Adam inanmırdı saldıqca nəzər.

Baharı cəvahir, yeri kimyatək,

Zümrüddü, mərcandı hər ot, hər çiçək.

Büsat içindəydi o zinətli bağ,

Burda gövhərdəndi yanan hər çıraq.

İnsan biçimində qalxıb ucalan

İki heykəl vardı orda qızıldan.

Qızıl olduğunu bilməsə əgər,

Onlardan qorxardı yəqin görənlər.

Orda saf büllurdan vardı bir hovuz,

Xalis gümüşdəndi içindəki buz.

Orda saf əqiqdən balıqlar vardı,

Seyrinə dalanlar heyran qalardı.

Uca bir saraya malikdi gülşən,

Bir daşı qızıldan, biri gümüşdən.

Şah ayaq basanda həmin saraya

Bir cənnət qəsdinə yetişdi guya.

Şah qəsrin içini seyr eləyərkən

Ətəyi yırtıldı yağan gövhərdən.

Əqiqdən bir köşk də ziynətdi bağa,

Gövhər içindəydi başdan ayağa.

Onun qızıldan bir günbəzi vardı,

Günəştək bərq vurub par-par yanardı,

Üstündə müşk ilə ənbər tozundan

Başqa heç bir tozdan yox idi nişan.

Göyün günbəzinə girən mələktək,

İskəndər o köşkə girdi sevincək.

Gördü əqiqdən bir parlaq məqbərə

Ki, kafur qoxusu saçır hər yerə.

Mina naxışlıdır orda dər-divar,

Mina yazılı bir yaqut lövhə var.

Üstündə həkk olmuş: "Ey bura girən

Qüdrətli qəhrəman, oxu, bil ki, sən:

Şəddaddır bu qəbrin içində yatan,

Bu bağı, bağçanı odur yaradan.

Həyalı, ədəbli ol burda ancaq,

Fikrindən keçməsin niqabı açmaq.

Çalış, gizli qalsın bizim sirrimiz.

Kimsənin sirrini açmamışıq biz.

Gəl, bizim şərəfə hörmət elə sən,

Bu torpaq sənə də olacaq məskən.

Qəbrin günbəzini bu yerdə yatan

Hərçənd tikmişsə də sərt, qara daşdan,

Nəhayət, sürətlə dolanan fələk

Tozlara çevirib yelə verəcək.

Bədəni qarışqa yemi olacaq,

Başı da at nalı altında torpaq.

Doğrudur, çalışıb hərə birtəhər

Öz qəbri üstündə sütun tikdirər,

Ancaq belə gəlib hər şeyin sonu,

Yel göyə sovurar onun tozunu.

Şəddadın cəsədi, kim bilir, haçaq

Hansı at nalına tapdaq olacaq?

Bu məzar içindən dağıtma tozu,

Torpaqda yaxşıdır torpaq, doğrusu.

Bədəni axtarma, toz etdi ruzgar,

Təkcə bu günbəzdir ondan yadigar.

Gəl, toxunma bizə, baxıb ibrət al.

Bax, öz bu gününü sən də yada sal!

Özünə güvənmə ki, bəxtiyarsan,

Kim olsan, düşün ki, insansan, insan!

Bu xəzinə, saray sənindir yalnız,

Sənin əmrindədir başla tacımız.

Açıqdır üzünə bütün xəzinə,

Bu, yetər ordunun yol zəhmətinə.

Apar, sənin olsun xəzinə, amma

Bizim qəbrimizə əsla toxunma!.."

İskəndər mənalı lövhəni görcək,

Heyrətdən donaraq qaldı lövhətək.

Xətləri su kimi rəvan oxudu,

Ağlayıb gözündən tökdü xeyli su.

Məzarın önündə duran hökmüdar

Axıtdı gözündən sel kimi yaşlar.

Dəymədi orada bircə gövhərə,

Çıxıb hazırlaşdı yenə səfərə.

Getdi qılıncına baş əyən bağdan.

Dərməyib bir meyvə heç bir budaqdan.

Baxdı, o, bağdakı bu cah-cəlala,

Bildi ki, illəri salıbdır yola.

Xəzinə gördünsə dünyalar qədər,

Nə özü götürdü, nə də bir nəfər.

Sərvətlə doluydu o keçdiyi yol,

Saf qızıl-gümüşdü hər tərəf bol-bol.

Yenə də yadına düşdü öz yurdu,

Yenə səfər üçün çölə üz qoydu.

Yolun yarısına çatıb İskəndər.

Vəhşilər gördü ki, insana bənzər.

Bunlar çöl əhliydi, qırdan da qara.

Yaşayış yerləri kaha, mağara.

Onlardan soruşdu: "Bu çöllərdən siz

Sərgüzəşt, əfsanə nə bilirsiniz?

Deyin, sizdən başqa varmı yaşayan

Bu çöldə ya əhli, ya vəhşi heyvan?"

Onların cavabı şaha bu oldu:

"Az olur bu çölün suyu, buludu;

Bu susuz səhrada yaşayırıq biz.

Səhranın ovudur yediklərimiz.

Yalnız ovçuluğu etmişik peşə,

Ömrümüz heyvantək keçir həmişə.

Yeyərik nə etsək bu çöldə şikar,

Tüklərdən, dəridən geyərik paltar.

Burada nə atəş, nə də ki, su var,

Odu günəş verir, suyu buludlar.

Işıqlı gündüzlər göyün günəşi

Bizə əvəz edər odu, atəşi.



 
[ 1-15 ] [ 16-30 ] [31] [32] [33] [34] [35] [36] [37] [38] [39] [40] [41] [42] [43] [44] [45] [ 46-60 ] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info