Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Başqa bir ordudan qaçıb gələni

Əsla qəbul etmə, aldadar səni!

Qaçmağa öyrənmiş adam qaçacaq,

Sənin də ordunu xarablar ancaq!

Döyüşdə qələbə çalmaq istəsən,

Müzəffər sərkərdə seç özünə sən.

Qələbə qazanmış xoşbəxt atlılar

Səni hər səfərdə edər bəxtiyar.

Yaxşı, pis,- nə etsən, həmişə bil sən.

Yaxşını allahdan, pisi özündən."

Bu məşhur naməni qurtarıb ustad,

Şaha təqdim etdi, o da oldu şad.

 

 

 

ƏFLATUNUN NƏSİHƏTNAMƏSİ

 

Oyanıb qalxanda günəş yuxudan

Müşkə kufur səpdi sanki asiman[180].

Şad xəbər göndərib dedi: "Əflatun

Qələmlə ipəyə nəqşələr vursun.

Elə gözəl namə yazsın o gərək,

Hər bir oxuyana eləsin kömək!"

Şahın buyruğuyla əzəmətli pir

Mədəndən gövhərlər çıxardı bir-bir.

Müti qələmindən saçıldı gövhər,

Beləydi dəftərə yazdığı sözlər:

"Bizdən yaradana min-min ehtiram,

Yerdən də, göydən də ziyadə salam!"

Allaha şükr elə mədəni açdı,

Sonra söz bəzminə gövhərlər saçdı:

"Şahımız ucadır bütün aləmdən,

O, parlaq gövhərdir, bu aləm - mədən.

Əsildir, yüksəkdir o da gövhərtək,

Özünü həmişə qorusun gərək[181].

Hər kəs, yaxşı-yaman, - nə qoysa əsər,

Bununla zatını büruzə verər.

Oğru ovlağıdır bizim bu cahan,

Onu özbaşına qoyma heç zaman!

Keşikçi olmasa həmişə ayıq,

Deyildir dünyanı güdməyə layiq.

Hər kim bu dünyanı istəsə tutmaq,

Qılıncla, tədbirlə fəth edər ancaq.

Mərdlərin qan tökən qılıncı, bəli.

Alim tədbirilə olar kəsərli!

Şahın məclisi də gərək hər zaman

Ola alimlərə şərəfli məkan.

Şah yeyib-yatmağa meyl etməyərək,

Bilik toplamağa çalışa gərək!

Şaha yoldaş olam iki bəla var,

Yoxsuldan uzaqdır həmin bəlalar;

Biri aşpazdır ki, yağlı yeməklər

Bişirib, padşahı ona cəlb edər,

Biri də cilvəli şux məşuqəsi

Ki, ona bağlanar könlü, həvəsi.

Bunlar xeyir verməz: biri doldurar

Qarnını, o biri şirəni sorar.

Nə çox əylənən ol, nə də çox yeyən

Bunlardan süstləşər, keyiyər bədən!

Qırmızı və sarı gördüyün cahan

Bir rəngin büsatdır - adam aldadan.

Məşuqə adlanan bir əjdəhadır,

Bu dünya kam vermir. ancaq can alır.

Dünya yurdumuzdur, candan əzizdir,

Bizim həm yerlimiz, həm yerimizdir.

Dünyanı dördəlli tutmayaq gərək,

Nədən can-ciyərlə süfrə bəzəyək?

Qanla qidalanıb yaşayır bədən,

Ciyərsiz bu qanı alarıq nədən?

Dörd tərkib birləşib ahəngdar olmuş,

Dörd cövhər birləşib, həyat var olmuş.

Yığmasaq onların ipini əgər,

Hərəsi bir yana baş alıb gedər.

Su dönsə torpaqda çiçək ətrinə,

Qayıdar əslinə o bir gün yenə.

Tuluğu dağıdıb qaçdı bir eşşək,

Sahibi qəmləndi bu halı görcək.

Dünya tikanlıdır, kirpiyik biz də,

İynə var, tikan var xislətimizdə[182].

İki qarı qızın başladı bəhsi,

Dünyanı götürdü onların səsi[183].

Bu dedi: "Üzünün çirkinliyindən

Ərə getməmisən bu vaxtacan sən!"

O dedi: "Üzün çox göyçəkdir sənin,

Bununçün almırlar səni də yəqin!"

Bu qədər nə üçün yataq dünyada?

Yuxu da ölümə bənzər mənada.

Bir də duracaqmı həmin yuxudan?

Bunu doğru, dürüst bilməyən insan

Yuxudan ölümtək etməli həzər,

Çünki bir-birinə bunlar çox bənzər!

Dovşan yuxusutək pis yuxu olmaz,

Yatanla öləndə hiss, duyğu olmaz!

Yuxu igidlərə hiylə quranda

Gözlər yumulmaya kaş bircə an da!

Hər bir gizli sirri o, baxıb görə.

Yaxşıya, yamana düz qiymət verə.

Insan əl çəkəydi boş xəyallardan,

Yersiz qovğalardan, qalmaqallardan.

Niyə bircə qarın çörəkçin yalnız

Çəkişək, vuruşaq belə amansız?

Neçün biz dağlara, daşlara düşək?

Bunların səbəbi - bir parça çörək!

Səfərə başlayan müdrik insanlar

Yolda yox, mənzildə rahatlıq umar.

Keçərlər dünyanı tapdalayaraq,

Rahatlıq fikrinə düşməzlər ancaq.

Hamı yol gedənlər, uzaq görənlər

Mənzilə çatana afərin deyər.

Dinclik - asudələr ölkəsindədir,

Bundan başqa nə var - bir əfsanədir.

Yeddi qat yanar od içrə, nəhayət,

Kabablıq ət üçün nədir bu zəhmət?[184]

Neçindir bu zillət, əziyyət bütün?

Hamısı yeməklə geyinmək üçün.

Bizim əmrimizdə olanda bunlar,

Hələ başqa-başqa hesablar da var.

Əzaba qatlaşıb canından keçən

Dənizdən dürr tapar, dağlardan mədən.

Kimsə ruzusunu atlayıb keçməz,



 
[ 1-15 ] [ 16-30 ] [31] [32] [33] [34] [35] [36] [37] [38] [39] [40] [41] [42] [43] [44] [45] [ 46-60 ] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info