Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Sonra çıxıb ordan, qəlbində dilək,

Allahın əmrinə əməl edərək,

Bir xeyli yol gedib, dərələr keçdi.

Ötüb zəmiləri, çölə yetişdi.

Məqdəsdən dəstəylə bir neçə adam

Hakimin zülmünə etməyib davam,

Yolda düzüldülər, o qadir şahdan

Belə dilədilər mərhəmət, aman:

"Pak etdin dünyanı, sən, ey hökmüdar,

Gəl, bu pak evi də paklığa çıxar.

Ucalt bayrağını şəhərimizdə,

Yox et bədxahları, dincələk biz də.

O paklar yurdunda var bir əhrimən,

Allah dostlarıyla düşməndir, düşmən.

Müqəddəs binada itaətkarlar

Olub o zalimin zülmündən bezar.

Tərk edib sitayiş yolunu hakim,

Bütün din əhlinə zülm edir daim.

Başını dik tutub, tökür nahaq qan,

Çoxunun başını kəsib nahaqdan.

Hamımız qorxuruq o əhriməndən,

Divlər qənimisən, dadə yetiş sən!"

İskəndər onları belə görəntək,

O göz yaşlarına rəhm eləyərək,

Əsla incimədi fəryadlarından.

Çatdı məzlumların dadına o an.

Dinləyib onların ah-fəryadını,

Beytülmüqəddəsə sürdü atını.

Dünyanı hasardan qurtarsın deyə,

Beytülmüqəddəsdən başladı səyə.

Orda qoymamaqçün fitnədən əsər

Rumdan düz Məqdəsə gəldi İskəndər.

Bu vaxt hər tərəfdən - dağdan, dərədən

Ədalət səsini eşidib düşmən,

Tədarük görərək döyüşə çıxdı,

Bilmirdi ki, şahın bəxti açıqdı.

İskəndər vuraraq ona şəbxunu,

Yolkəsən ağzının kəsdi yolunu.

Onu zalim görüb, qanını tökdü,

Qüdsün qapısında çarmıxa çəkdi.

Carçılar bir neçə müddət çəkib car,

Elədiyi zülmü bir-bir saydılar,

Dedilər: "Bu evə zülm etsə hər kəs,

Belə aqibətdən qurtara bilməz!"

Pak evi napakdan azad eylədi,

Şadlıq sevənləri o şad eylədi.

O dinclik məkanı asudə oldu,

Nakəsin torpağı göyə sovruldu.

Zalimin zülmünü şah məhv elədi,

Müti olanlara verdi məbədi.

Beytülmüqəddəsi nizama saldı,

Sonra da Məğribə tərəf yol aldı.

Çəkdi Əfrəncəyə qoşunu ordan,

Sonra Əndülüsə oldu o rəvan.

Həm dəvət edərkən, həm hökm edərkən

Əql ilə, ədl ilə iş gördüyündən,

Müdrik bir hökmdar görərək onu,

Hamı qəbul etdi doğru yolunu.

Hamını düz dinə elədi dəvət,

Tikdirdi hər yerdə bir yeni məbəd,

Yenidən qoşunla yola çıxaraq

Dünyanı tutmaqçün ucaltdı bayraq.

Sürətlə keçirdi dağdan, dərədən,

Çəmənlik görəndə salırdı məskən.

Dincəlib bir qədər, oldumu aram,

Yenidən edirdi yoluna davam.

O keçdi çölləri sahilə qədər.

Yetişib dənizə saldı gəmilər.

Üç ay gecə-gündüz üzdü dənizlə,

Ancaq dənizdə ov keçmədi ələ.

Sürətlə gedirdi Məğribə sarı

Yanında qoşunu və yoldaşları.

Keçirdi bir yerdən o başqa yerə,

Insan yaşamayan cəzirələrə.

Çıxdı qarşısına minlərcə insan,

Cürbəcür canlılar, cürbəcür heyvan,

Ancaq heç yaxın da gəlməyib ona,

Qaçıb dağıldılar hərə bir yana.

Bir xeyli yol gedib İskəndər yenə,

Enişdən qalxdı bir geniş düzənə.

Bu çölün sapsarı qumları vardı,

Yerindən sarı gil tozu qalxardı.

O qumun üstündə atlar çaparkən

Həmişə od-alov qopurdu yerdən.

Başqaymış torpağın tərkibi yəqin,

İçində kükürd də varmış o yerin.

Bir ay o çöllərdə etdilər səfər,

Nəhayət, ordan da ötüb keçdilər.

Çöllər qurtaranda, gördü uzaqdan

İskəndər önündə əngin bir ümman.

Yunanlar Okyanos deyərdi ona[202],

Qəribə gəlirdi dəniz insana.

Dəhşətlə döyürdü ətrafı dalğa,

Yol yoxdu keçməyə burdan uzağa.

Günəş batan zaman bütün dünyada,

Yenə görünürdü həmin dəryada.

Atəşpərəst kimi güdürdü odu,

Odu heç gözündən iraq qoymurdu.

Fələk də heç gecə-gündüz bilmədən

Ona nur saçırdı odlu çeşmədən.

Qürubu dəryada seyr edən zaman

Sanırıq çeşmədə gün olur nihan.

Sanki odlu çeşmə axır dənizə,

Şəfəqli yol kimi görünür bizə.

Axıb çuxurları doldursa sular,

Böyüyə-böyüyə bir dərya olar.

Müəyyəb adlanar çuxura dolsa,

Müəlləq deyilər yer üstə olsa[203].

Baxsaq Mühit adlı böyük dənizə,

Suları müəlləq görünər bizə.

Su qalxıb oyanar günəş batanda,

Günəş də boylanar sular yatanda.

Ucalan günəş də ordan keçərək

Dəniz rənglərindən bürünər ipək.

Günəş endirərsə zirvədən bayraq,

Dalğalar ardında görünər ancaq.

Örtüyə bürünər bir az gedərək,

Çünki yer altından keçsə o gərək[204].

Bilik belə verir bunu nəzərə,

Başqa rəhbər də var yol bilənlərə.



 
[ 1-15 ] [ 16-30 ] [31] [32] [33] [34] [35] [36] [37] [38] [39] [40] [41] [42] [43] [44] [45] [ 46-60 ] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info