Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Qürurla atını sürdü qabağa,

Sanki Bəhram getdi gur ovlamağa.

Açıldı önündə nurlu bir cahan,

Çiçəkli, çeşməli bağ idi hər yan...

Hər yanı yamyaşıl gözəl bir kənddi,

Kənd demə, elə bil əsil cənnətdi.

Şah gəlib o kəndə çatdığı zaman.

Görmədi pişvaza çıxan bir insan.

Çox idi o kənddə allahlıq edən,

Hamısı uzaqdı dindən, əqildən.

Palçıq bir küp qoyub evinə hərə,

Küncüd yağı töküb həmin küplərə,

Yağla dolu küpə insafsızlıqdan

Onlar salardılar bir nəfər insan.

Üstündən otuz gün, qırx gün keçərkən

Kəsib alardılar başı o küpdən.

Baş dönüb qupquru kəllə olardı,

Bədənsə necə var elə qalardı.

Bu quru kəlləni sanaraq rəhbər,

Ondan alardılar hər şeyi xəbər.

Quru, boş kəlləni çubuqlayaraq,

Hərdən sorardılar ondan bu sayaq:

"Yaxşımı keçəcək bizim gecəmiz?

Nələr görəcəyik sabahkı gün biz?"

Guya bu kəllədə gizlin sirr varmış,

Ondan danışıqtək bir səs çıxarmış,

Deyərmiş sabahkı müqəddəratdan:

Hansı yollar ilə gedəcək cahan.

Baxıb o söyləyən sözə, təbirə,

Yozardı bəxtini hərə bir cürə.

Görüb bu adəti müdrik xilaskar

Dedi ki, bu sirdə bir div əli var.

Əmr etdi, kəllələr bütün qırılsın,

Yağla dolu küplər tez sındırılsın.

Ağıllı dəlillər ilə hökmüdar

Batil fikirləri etdi tarmar.

Onları təlqinlə dinpərvər etdi,

Allah və peyğəmbər yolu öyrətdi.

Bir təmiz qəlblini böyük İskəndər

Burada onlara eylədi rəhbər.

Ölkənin işini qaydaya saldı,

Yenə də gethaget səsi ucaldı.

Fərəhlə eləyib ordan hərəkət,

Bir mənzil yol getdi o, sağ-səlamət.

Hökmüdar atına vermədi aman,

Axıb ulduz kimi keçdi yollardan.

Yollar buruq-buruq, yollar dumanlı,

Uçurum, darısqal, daşlı, tikanlı.

Göründü zirvəsi qılınctək bir dağ,

Əzab-əziyyətdi o dağı aşmaq.

Şah onu seyr etdi başdan-ayağa,

Yol gəzdi birtəhər ora çıxmağa.

Çəkdi ordusunu o dağa sarı,

Hədsiz əziyyətlər yordu onları.

O qədər sərtdi ki, daşlar, həmin gün

Dırnaqdan oldular heyvanlar bütün.

Şah gördü bu daşlar bərkdir poladtək,

Heyvanlar yorulub əldən düşəcək,

Əmr etdi xam gönlə, dəriylə bərk-bərk

Onların dırnağı sarınsın gərək.

Dırnaqlar daşlara dəyməsin deyə,

Möhkəm sarısınlar qalın keçəyə.

Yolda yeriməyə əngəl törədən

Daşları yığsınlar bütün o yerdən.

Yığdılar yollarda nə qədər daş var,

Çala-çuxurları hamarladılar.

Gəlib neçə fərraş şahın yanına,

Ədəblə, hörmətlə baş əydi ona.

Bir ovuc daş verib dedilər: "Bir bax,

Bu daşlar minikdə qoymayıb dırnaq.

Nallardan əzabla çıxarmışıq biz.

Bunlardan dad çəkib miniklərimiz.

Polad çəkiclərlə döydük o ki, var,

Polad sındı, amma sınmadı daşlar.

Şah daşa zəhm ilə bir qılınc çaldı,

Qılınc parçalandı, daş bütöv qaldı.

Hansı bir maddəylə onu sürtdülər,

Qalaydan başqa şey etmədi əsər.

Doğrudan bu daşlar bərkdi, itiydi.

Odur ki, bunlara şah "almaz" dedi.

Toplayıb hamını dedi hökmüdar:

"Tanıyın, qiymətli daşlardır bunlar.

Bunlar kara gələr, yəqin ki, bir gün,

Yığın, təmizləyin yolları bütün!".

Daşları tanıyıb yığsınlar deyə.

Nümunə verirdi hər döyüşçüyə.

Əsgərlər bu sözü eşidən zaman

Düşüb axtardılar həmin daşlardan.

Aşağı yuxarı, çox axtardılar,

Ancaq gördülər ki, bu daşdan az var,

Dəniztək vüsətli bir dərə vardı,

Dağı dörd tərəfdən o qucaqlardı,

Almazla doluydu o dərin dərə,

Gəlirdi tasdakı sutək nəzərə.

Dərə dəniz kimi gövhər saçandı,

Ancaq ki, balığı onun ilandı.

Qaynaşır ilanlar min-min hər yanda,

Kim görüb ilanı gövhər satanda?

Ilanlar onunçün dolub bu yola

Ki, xəznə bir yerdə olur ilanla.

Yolu xəzinənin çətindi yaman,

Yox idi bir nəfər ora yol tapan.

Şah gördü çox-çoxdur mədəndə almaz,

Almazın üstüylə yol getmək olmaz,

Həm də ki, yollarda doludur ilan,

Bir əsgər getməyir ora qorxudan.

Düşündü, axtardı buna bir çara,

Diqqətlə baxanda qayalıqlara,

Gördü ki, qayalar üstünə qonmuş

Caynaqlarında ov çoxlu qaraquş.

Uçuşan quşları görəndə orda,

Öz fikir quşunu uçurtdu o da.

Əmr etdi: kök, arıq, nə olur olsun,

Yığıb gətirsinlər düz min baş qoyun.

Həmin qoyunları kəssinlər onlar,

Ətini doğrayıb parçalasınlar.

Atsınlar o mədən sayılan yerə,

Ət ilə qalanıb dolsun o dərə.

Şahın əmri ilə görüldü tədbir,

Qoyunlar kəsilib soyuldu bir-bir.



 
[ 1-15 ] [ 16-30 ] [31] [32] [33] [34] [35] [36] [37] [38] [39] [40] [41] [42] [43] [44] [45] [ 46-60 ] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info