Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Şeh düşüb havanı nəm edən zaman

Nəfəslə alırıq suyu havadan.

Bu çöldə belədir məişətimiz,

Belədir işimiz, vəziyyətimiz.

Bir də soruşdunuz, deyək bir qədər

Bu çöldə kimlər var, necə ömr edər?

Bu odlu səhralar dəhşətdir, dəhşət,

Bir quş da uçmağa etməz cəsarət.

Dəstə dəstə vəhşi adamlar yaşar,

Heç kəslə ünsiyyət bağlamaz onlar.

Bir gündə onların getdiyi qədər

Biz getsək, inan ki, iki ay çəkər.

Onlardan birisi düşmüşdü ələ,

Soruşub birtəhər gətirdik dilə:

"Necə edirsiniz susuzluğa tab?"

O bizə nifrətlə vermişdi cavab:

"Su bizə zəhərdir, su içməz heç kəs,

Bizə suyu hava eləyər əvəz.

Ilantək heç kəsə yovuşmarıq biz,

Kərtənkələlərdir yediklərimiz.

Sizdən ki, bir fayda yoxdur bizlərə,

Neçin boyun əyək sizə boş yerə?"

Yemək, yatmaq vaxtı yenə birtəhər

Onlardan gizlincə almışdıq xəbər:

"Bu sonsuz səhranı, susuz çölləri

Gəzib görübsünüz siz çoxdan bəri;

Söyləyin, kim görüb başqa zihəyat?[208]

Varmı bu çöllərdə başqa məxluqat?"

Onlar cavab verib: "Bu çölü, dağı

Axtarıb gəzmişik yaxın-uzağı.

Ahutək biz qaçdıq illər uzunu,

Tapmadıq səhranın ancaq sonunu.

Bizə rast gəlmişdir başqa çöllülər,

Onlardan soruşub tutmuşuq xəbər:

"Görəsən bizlərdən başqa, yaradan

Burda yaratmışmı başqa bir insan?"

Onlar deyiblər ki: "Çox uzaqlarda,

Günəş ziyasına həsrət diyarda

Müşk meşəsi kimi bircə şəhər var,

Orda ağ bədənli insanlar yaşar.

Gözəl, xoşxasiyyət, üzləri gülər,

Onlar beş yüz ildən artıq ömr edər.

Beş yüz yox, lap min il yaşasalar da,

Qocalıq əsəri olmaz onlarda.

O diyar haqqında bunlardan qeyri

Heç kəsin heç şeydən yoxdur xəbəri.

Bizim bu torpaqda hələ də çox var

Heç ayaq dəyməmiş səhralar, dağlar.

Orda göyərtidən, sudan əsər yox,

İsti bərk istidir, soyuq bərk soyuq.

Bir yerdə göyərti bitməsə əgər,

Orda canlı məxluq necə ömr edər?"

Bunlardır eşidib bildiklərimiz,

Yoxdur başqa daha bir xəbərimiz."

Onların halına yanıb İskəndər,

Cürbəcür nemətdən verdi bir qədər.

Qayda-qanun qoydu, ayin öyrətdi,

Onları haqq dinə hidayət etdi.

Düzgün nişanlarla bilməkçin yəqin

Yolunu soruşdu məchul yerlərin

Gördülər İskəndər çox şəfqətlidir,

Insaflı, qayğıkeş, mərhəmətlidir,

Eyləyir onlara ürəkdən kömək.

Dedilər: biz də bir xidmət göstərək.

Torpağı od, atəş, küləyi zəhər

Səhradan çıxmağa yol göstərdilər.

İskəndər vaxt-bivaxt, baxmadan yola,

Oradan atını çapdı dördnala.

Qurtardı axır ki, çöllər, səhralar,

Dübarə sahilə çatdı hökmdar.

Dərya kənarında bulaqlar vardı,

Büllurtək suları şırşır axardı,

Bulaqlar başında bir aya qədər

Əzabı dincliklə əvəz etdilər.

Yenidən gəmilər qayırdı onlar,

Mindi gəmilərə bütün qoşunlar.

Bir ayda yol gedib onlar dənizlə,

Gəlib yetişdilər axır mənzilə.

Ulduzlu gecənin od tutub canı,

Sanki əqrəb çalıb xallı ilanı[209].

Cənubdan bir nəsim əsdi bu yerə,

Şadlıq, fərəh verdi yol gedənlərə.

Çeşməli, kölgəli bir yer gördülər,

Bir həftə qalmağa qərar verdilər.

Yolun əzabına tapdılar dərman,

Çıxdı yavaş-yavaş ağrılar candan.

 

 

 

İSKƏNDƏRİN BAŞA SİTAYIŞ EDƏNLƏR

KƏNDİNƏ YETİŞMƏSİ

 

Müğənni, könlümdə taqət yox səbrə.

Bu gecə nəğmənlə qıl mənə çarə!

Elə bir nəğmə ki, kama yetirsin,

Məni huşsuzluqdan huşa gətirsin!

O gövhər paylayan öz mücrüsündən -

Belə gövhər saçır söz mücrüsündən:

Şah dönüb Məşriqdən mənzilə yetdi,

Atını Cənuba tərəf yönəltdi.

Havanın ən lətif, ən xoş bir çağı,

Oxşayıb sevəndə ruzgar torpağı,

Narıncı ətr ilə sübh oyananda,

Türüncü rənglərlə su boyananda,

Yenə köç yerindən çıxıb səfərə,

Sürdülər atları başqa bir yerə.

Şaha bələdçilər verdilər xəbər

Ki, burdan çıxaraq edərkən səfər,

Yolda behişttək bir kəndə çatacaq,

Hər yanı çəmənlik, hər yanı bulaq.

Orda yaşayanlar haqqı danırlar,

Bütü özlərinə allah sanırlar.

Bəlkə şah onlara edə mərhəmət,

Edə onları da haqq yola dəvət.

Gecənin camına gün axıb doldu[210],

Yetişib o kəndə şah, aram oldu.

Günəş tovuz kimi açdı balü pər,

Lacivərd hilalın üstə səpdi zər.

Qalxdı o cahangir atın belinə,

Zəfər cilovunu aldı əlinə.



 
[ 1-15 ] [ 16-30 ] [31] [32] [33] [34] [35] [36] [37] [38] [39] [40] [41] [42] [43] [44] [45] [ 46-60 ] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info