Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Sən özün göylərdən ilham alansan,

Bundan çox söyləsəm, gətirər ziyan.

Sözlərim itisə mənim qılınctək,

Incimə, adətdir qılıncda kəsmək.

Əlində bu iti qılınc ilə şah

Hara qoşun çəksə, basar inşallah!"

Dürlə dolub sandıq tamamə yetdi,

Bunu da bəyənib şah qəbul etdi.

 

 

 

İSKƏNDƏRİN PEYĞƏMBƏRLİK

SƏFƏRİNƏ ÇIXMASI

 

Yuxudan duraraq bir səhər erkən,

Üzümü günəştək alışdırdım mən.

Sözümün təxtini göyə ucaltdım,

Qəlbimdən atəşə üzərrik atdım.

Mən "Xosrovnamə"ni yazmaqçün rəvan[194],

Bu qoca sərvimi elədim cavan.

Qaldırdım möhrü söz xəzinəsindən,

Orda deşilməmiş dürr qoymadım mən.

Qələmim o qədər saçdı ki, gövhər,

Heç gövhər qalmadı, boşaldı göylər.

Bu zaman bir gözəl içəri girdi,

Qılınc kimi parlaq bir güzgü verdi.

Dedi: "Bu güzgüdə bir bax üzünə,

Çox da məftun olma özün özünə."

Bu parlaq güzgüyə dikdim gözümü,

Gördüm surətimi, gördüm özümü:

Baxanda güzgüdə - o yaşıl bağda

Ağqanad bir qarğa gördüm budaqda.

Yuxudan məhrumdu o nərgiz gözlər,

Sərvimdə görmədim gənclikdən əsər.

Bənövşə üstünü basmış yasəmən,

Əz qızıl gülümü solğun gördüm mən[195].

Sikkəni bu qədər sürtülmüş görcək[196],

Süstləşdim, heyrətdən çırpındı ürək.

Hanı o ayaq ki, quş edə məni,

Hanı əl, dəyişə köhnə nəqşəni.

Xəcalət çəkərək solğun rəngimdən,

Başladım nəvaya öz ahəngimdən.

Qorxdum vaxtsız əcəl üstümü ala,

Çəkdiyim bu naxış natamam qala.

Yuxu göz mülkünü tutana qədər

Dedim ki, bu evi tikim birtəhər.

Bəlkə bir yatağa yetişə əlim,

Ola son mənzilim, axır mənzilim...

Dövrandan baxəbər bir alim yenə

Başladı keçmişin bu cür şərhinə:

"Allahın hökmüylə böyük İskəndər

Vəhy alıb, elə ki, oldu peyğəmbər,

Dövlət divanından pozdu adını,

Zəhmət divanına yazdı adını[197].

Əmr etdi bacını Rum ilə Rusun

Yazsınlar adına İskəndərusun.

Getmədən tərk etdi təxti oğluna,

Tapşırdı anası göz olsun ona!

Vəsiyyət etməkçün gələrək dilə,

Əziz anasına söylədi belə:

"Gedirəm, bu xalqla et yaxşı rəftar,

Qoy səndən həmişə razı qalsınlar.

Ata tək bu xalqı himayənə al,

Anasan, anatək dərdlərinə qal.

Amandır, dindar ol, göstər ədalət,

Allahın əmrinə elə riayət,

Əmrə əməl edib xeyirə çat sən,

Bu, qat-qat yaxşıdır əmr eləməkdən.

Mən yola çıxmağa duydum zərurət,

Qalır təxtim, tacım sənə əmanət.

Yollarım uzundur, mənzillərim çox,

Bilməm dönəcəyəm geriyə, ya yox.

Elə et qayıtsam əgər səfərdən,

Xəcalət çəkməyək nə mən, nə də sən.

Yox, əgər dönməyim olmasa qismət,

Huşyar ol, xoş gəlsin ta ki, aqibət.

Elə et ki, haqqın məhkəməsindən

Dilin tutulmasın, xəcil olma sən."

Bütün sözlərini deyib İskəndər,

Qoyub təxti, tacı, elədi səfər.

Əmr etdi bir anda bütün Rum və Şam

Qoşunu önündə cəm olsun tamam.

Fərmanında olan bütün qoşundan

Yol üçün ayırdı yüz min pəhləvan.

Bunlar hər ölkədən seçmə mərdlərdi,

Hərə bir orduya dəyən əsgərdi.

Dörd min yük daşıyan dəvə götürdü,

Onları nizamla yola düzdürdü.

Bisrək cinsindəndi onun min başı[198],

Keçərdi yel kimi o dağı, daşı.

Mini də büxtiydi, nərdi hər biri[199],

Dadlı yeməklərdi bütün yükləri.

Üçüncü mini də cəld naqələrdi[200],

Bəzəyi qızıldı, zərdi, zivərdi.

Dördüncü min isə, nəcib dəvələr,

Hər biri ceyrantək iti yol gedər.

Vardı hər peşədən, hər bir sənətdən

Yanında yüzlərcə mahir işbilən.

Belə tədarüklə qurub növrağı,

Qaldırdı balıqdan Aya bayrağı[201].

O, Məqduniyyədən yola düşərək

İskəndəriyyəyə gəlib çatantək,

Orda o möhtəşəm təxti ucaldı,

Neçə gün şadlıqla orada qaldı.

Fateh Keyxosrovtək görüb baxtını,

Gedib düz Sərirdə qurdu taxtını.

Əmr edib o uca bir mil düzəltdi.

Başına bir parlaq güzgü bənd etdi.

Güzgüdə bir-aylıq bir məsafədən

Görünür dənizdə hər gəlib, gedən.

Təxti düşmənlərdən qorumaq üçün

Keşikçi dururdu orda bütün gün.

Güzgü əyan etsə bir sirri əgər,

Gəlib hökmdara bildirərdilər.

Düşmənlər çal-çapa gəlsələr, işdir,

Saray adamları görərdi tədbir.

Olub paytaxtından arxayın, yenə

Şah mindi vüqarla öz köhləninə.

Ilk əvvəl yolunu Məğribə saldı.

Misrə gəlib, orda iki gün qaldı.



 
[ 1-15 ] [ 16-30 ] [31] [32] [33] [34] [35] [36] [37] [38] [39] [40] [41] [42] [43] [44] [45] [ 46-60 ] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info