Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Yerlilərdən biri təzim eylədi,

Şaha əhvalatı belə söylədi:

"Qəlbə fərəh verir bu gözəl diyar.

Onun bərəkətli zəmiləri var.

Burda əkin əksən vaxtında əgər,

Məhsulu ən azı birə min verər.

Ancaq zülm əlindən gəlib zavala,

Düşüb bu faydasız, bəhrəsiz hala.

Adil olsa idi burda hökmüran.

Kənd abad olardı, kənddə də - insan.

Bu yer ədalətə görə verər bar,

Zülmdən zavala gəlib məhv olar.

Bir yerdə insafdan olmasa nişan.

Quruyar istidən, çürüyər sudan.

Bu yerdə zülm olsa bir arpa qədər,

Arpanı, buğdanı yel, sel məhv edər.

Bu yerin çox incə tərəzisi var,

Bircə arpa onu əyərək pozar."

İskəndər bildi ki, bu su, bu torpaq

Zülmdən xaraba qalıb bu sayaq,

Ədli bərpa etdi. kənd oldu abad,

Qoydu adını da: İskəndərabad.

Bir qanun qoydu ki, o kənddə heç kəs

Muzdurun haqqını verməyə bilməz.

Hər kəs verməlidir malına zəkat,

Ora xərac üçün gəlməsin barat.

Heç bir tövcü yığan ora gəlməsin...

Belə hökmüdara yüz min afərin!

 

 

 

İSKƏNDƏRİN QƏNDƏHAR

BÜTXANƏSİNƏ YETİŞMƏSİ

 

Müğənni, mizrab vur, gəlsin dilə saz,

Çünki bu işimiz sazsız saz olmaz!

Bu saz yar olarsa əgər bir kəsə,

Gələr onun qəlbi eşqə, həvəsə.

Səfalı bir gündə, ilk bahar çağı

Seyr etmək nə xoşdur bağçanı, bağı.

Bənövşə gətirə bahardan soraq.

Nərgiz əllərində qaldıra çıraq,

Quşların qanları gəldikcə cuşə.

Qəlbləri naləylə gələ xüruşə.

Sərv altda qırqovul quşuna bənzər

Düzülə rəngarəng qızıl qədəhlər,

Çöllərdə ceyranlar başlaya rəqsə,

Ceyran quzuları verə səs-səsə.

Güllər büsat qura çay sahilində,

Şirindil bülbüllər ola sazəndə;

Qumrunun səsilə gülün nəsimi

Uyuşa ülfətlə iki dost kimi...

Belə bir fəsildə ən sevimli şey

Rudun ahəngidir, bir də gülgün mey...

Çala badam gözlü bir türk nəğməkar,

Simlərin üstünə tökülə saçlar.

O simlər dəyəndə nazlı əllərə,

Qırılıb qarışa ipək tellərə.

Sən nəğmə qoşasan oynaq rəng ilə,

O da cavab verə sənə çəng ilə.

Ondan öpüş ola, səndən qəzəllər,

Biri innab kimi, digəri şəkər...

Tutiyə dönübsən, ey şad könül, sən,

Yadına Hindistan düşüb deyəsən!..[212]

Dağların döşünü bəzədi reyhan,

Otlar yamyaşıldır, güllər al-əlvan.

Marallar gül-çiçək içinə batdı,

Səsləri dağ-daşı, çölü oyatdı.

Tikanlar yerini verdi güllərə,

Qarışdı bənövşə müşkə, ənbərə.

Ənbər almaq üçün o xumar nərgiz

Başını qaldırdı yerdən çarəsiz...

Rum ilə Iranın böyük sərdarı

Abad bir ölkəyə saldı güzarı.

Hindistan mülkünə yetişdi yenə.

Elə bil xoş nəsim əsdi gülşənə.

Ordan da Məşriqə qaldırdı bayraq,

Bir ay dağdan, daşdan aşdı çaparaq.

Yolları cəhənnəm istisi sardı,

Gündən balığın da beli qızardı[213].

Yaşıllıq içində gördü bir şəhər,

Ona Fərruxbehişt deyirlər türklər

Gördü orda gözəl bir bütxana var,

Qoymuşlar adını onun Qəndəhar.

Yığılıb bütüzlü gözəl sənəmlər,

Hərəsi bir bütə sitayiş eylər.

Qızıldan bütlərdir baxsan hər yana,

Xəznəyə çevrilib sanki bütxana.

Nəzər sal heykəlin başında taca,

Ucalıb sarayın tağı boyunca.

Gövhərdir bütlərin parlaq gözləri.

Şamtək şölələnib yanır hər biri.

O qədər gövhərlə bəzənib bu bağ,

Sanki yanır orda gecə min çıraq.

Şah dedi: "Heykəlin tozu tökülsün,

Qızılı, gövhəri, nə var sökülsün."

Bütə bu fərmandan gəlsə də ziyan,

Xalqın xeyrinəydi, əlbəttə, fərman.

Orda bir canlı büt vardı, gözəldi,

İşvəylə o şahın yanına gəldi.

Əyilib süpürdü saçıyla yeri

Şahı alqışlayıb düzdü sözləri:

"Ey Şərqdən Qərbədək bütün dünyanı

Fəth edən ən adil dünya sultanı!

Dünyaya nur saçar, ucadır tacın,

Qızıla, gövhərə yox ehtiyacın.

Belə nəql edirlər düzdanışanlar:

Bu bütün qəribə bir dastanı var.

Şah əgər icazə versə, könüldən

O köhnə dastanı danışaram mən".

Padişah buyurdu: o gözəl dilbər

Yaqut sandığından saçsın saf gövhər[214].

Qaraxal gözəlin dodağı qaçdı,

Sanki büllur çeşmə sərin su saçdı,

Dualar söyləyib eylədi bəyan:

"Bu yaşıl budaqlı, bu zərli eyvan

Bir zaman deyildi hələ bütxana,

Bir günbəzi vardı yarımvirana.

Səhradan buraya uçdu iki quş,

Hərə dimdiyində bir gövhər tutmuş,



 
[ 1-15 ] [ 16-30 ] [31] [32] [33] [34] [35] [36] [37] [38] [39] [40] [41] [42] [43] [44] [45] [ 46-60 ] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info