Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Bu daşlar kəsmişdi çıxacaq yolu,

Yol gedən azardı orda sağ-solu.

Minalı dağlardan büllur sütuntək

Şəlalə axırdı yolu kəsərək.

Iti daşlar ilə doluydu hər yan,

Yol tapa bilməzdi təpəyə insan.

Bənzərdi tikanlı təpə kirpiyə.

Zillətlə qalxsaydı biri zirvəyə,

Orda unudardı əziyyətləri,

Keçərdi o üzə, dönməzdi geri.

Birisi, ya mini çıxsaydı bura,

Burdan da uçardı o çəmənzara.

Ora neçə nəfər oldusa rəvan,

Olmadı bir nəfər geri qayıdan.

Gedənlər nədənsə salırdı məskən,

Təxtü tac tapırdı orda deyəsən.

Qoşunu etmirdi onlar bir də yad,

Qalırdı onlardan quruca bir ad.

Yığdı alimləri yenə İskəndər,

Bu işə bəlkə bir çarə etsinlər.

Dedilər: "Yaramaz təklikdə getmək,

Oraya çıxanlar cüt olsun gərək.

Birbaşa çıxmaq da ora çətindir.

Yolda dincəlsinlər on addımda bir.

Təpəyə yetişib dayansın onlar.

Sonra tədbirləri işə salsınlar.

Heyrətə düşməsin deyə gözləri,

O üzə tədriclə baxsın hər biri."

Nəticə vermədi bu son tədbir də,

Yığdı alimləri İskəndər bir də.

Düşünüb verdilər belə bir qərar:

"Hünərli, vicdanlı bir şəxs tapsınlar.

Dünyagörmüş olsun, yazmaq bacarsın,

Gedəndə qələmlə kağız aparsın.

Götürsün yanınca əziz oğlunu,

Dərd-qəmdən qorusun övladı onu.

O dağı çıxdıqda oğlu da hər an

Gərək təqib etsin onu arxadan.

O çıxsın, ətəkdə qoysun oğlanı,

Balası zəncirtək saxlar aslanı[207].

Qayıda bilməsə o kişi əgər,

Ordan övladına eləsin xəbər.

Işdir, heyrətindən dili tutulsa,

Danışa bilməsə, qəfil lal olsa,

Yazar, gördüyünü verər oğluna,

Çünki varlığıyla bağlıdır ona".

Həmin sifətlərə malik, cəld, qıvraq

Bir qoca tapdılar soraqlaşaraq.

Yollandı dağlara qocayla cavan,

Sanki balasıyla getdi bir aslan.

O günün sabahı, günorta çağı

Gənc igid qayıdıb gəldi aşağı.

Bükülü naməni möhkəm tutaraq,

Baş əydi padşaha rəngi ağappaq.

Şah alıb oxudu, beləydi yazı:

"Məni bezdirmişdi yolların tozu,

Lap cana gəlmişdim, qorxurdum yaman,

Sanki cəhənnəmdi bu yolda hər yan.

Elə bil həyatın asılır tükdən,

Canından əl üzər bu yolu gedən.

Bu yollar çətindir, incədir tüktək,

Burdan mümkün deyil geriyə dönmək.

Sarp qaya üstünə gəlib çatarkən

Darısqal yollardan təngə gəldim mən.

Baxdıqca keçdiyim qorxunc yollara,

Qəlbim sıxıntıdan gəldi zinhara.

Bu tayın yolları düzdür, hamardır,

Hər yana baxırsan yaşıl bağlardır,

Boldur gül-çiçəyi, suyu, meyvəsi,

Gəlir hər tərəfdən quşların səsi,

Havası tərtəmiz, qəşəngdir hər yan,

Belə yurd arzular allahdan insan.

Havası tərtəmiz, ətir qoxulu,

Gözəl torpaqları çeşməli, sulu,

Çeşmələr, bulaqlar verib əl-ələ,

Bunlardan böyük çay gəlib əmələ.

Bu yanda bəzəkli gözəl bir həyat,

O yanda azğınlıq, düşgünlük, fəryad..

O tərəf - cəhənnəm, bu tərəf - gülşən,

Dönməz cəhənnəmə heç kəs behiştdən.

Bir də ki, gəlmişik gör hardan-hara,

Baxıram keçdiyim qorxunc yollara,

Belə gözəl yerdən kim dönər geri,

Keçər o dəhşətli qorxunc yerləri?

Mən getdim, səlamət olsun görüm şah,

Mən şadam, sizi də şad etsin allah!"

Şah gizli sirlərdən oldu xəbərdar,

Qoşunu tez etdi o yerdən kənar.

Heç kəsə demədi oxuduğunu,

Qorxdu ki, hamısı tərk edər onu.

Şah razı olmadı orda qalmağa,

Əmr etdi, qoşunu çəkdilər sağa.

Durub dincəlmədən düzəldi yola,

Daha düşünmürdü heç bir şey əsla!

Qum kimi sərf edib bollu xəzinə,

Səhradan əzabla qayıtdı yenə.

Yol - qumluq, dərdi də - hədsizdi qumtək,

Gedirdi qüssədən ahlar çəkərək.

Səf çəkib tutmuşdu düşmənlər yolu,

Doluydu vəhşiylə yolun sağ-solu.

Ancaq şaha sarı onlar cumanda

Qaranlıq basırdı yolu bir anda.

Şah rüxsət vermədən, bir qədəm onlar

Çıxa bilməzdilər zülmətdən kənar.

Birisi çıxsaydı əgər fərmandan,

Olardı durduğu yer ona zindan.

Dilini bilirdi rast gəlsəydi kim,

Heç lazım deyildi ona mütərcim.

Onların dilində eləyib xitab,

Verirdi hərəyə layiqli cavab.

O, tozlu yollarla səfər edirdi,

Zamanı arxada qoyub gedirdi.

Bu yolda heç nəyə meyl etməyərək,

Qəlblərdən tozları silirdi yeltək.

Dostların könlünü o şad edirdi,

Yadlara həqiqi din öyrədirdi.

Qorxunc səhralardan tufantək keçdi,

Bir div ovlağına gəlib yetişdi.

Sanki od düşmüşdü bu yerdə çölə,

Səhra danışırdı alov diliylə:



 
[ 1-15 ] [ 16-30 ] [31] [32] [33] [34] [35] [36] [37] [38] [39] [40] [41] [42] [43] [44] [45] [ 46-60 ] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info