Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Bu qüvvət yerlərin bağrını yardı,

Bir düzdə tilsimli bir daş çıxardı-

Mis ilə qalaydan xilqətin əli

Sanki yaratmışdı bir at heykəli.

Heykəlin böyründə bir oyuq vardı,

Suların açdığı yerə oxşardı.

Günəş bu oyuqdan nur saçan zaman

Bir sehir görərdi orda hər baxan.

Bir çoban keçəndə bu geniş düzü

O sadə yarğana sataşdı gözü.

Orda parıltılı tilsimi görcək

Endi tez çuxura bir anda zirək.

O misdən yaranmış at heykəlinin

Böyründə bir oyuq göründü, dərin.

Gün işıq salmışdı həmin oyuqdan.

Seyr etdi heykəli diqqətlə çoban.

Orda çox köhnə bir meyid gördü ki,

Heç əskik deyildi onun bir tükü.

Onun barmağında bir üzük vardı,

Qaşı Müştəritək par-par yanardı.

Çoban tez əlini uzatdı ona,

Çıxarıb üzüyü aldı ovcuna.

Üzüyü ovcunda çevirdi, baxdı,

Sonra barmağına sevinclə taxdı.

Ayrı şey tapmadı baxdısa hara,

Daha ləngiməyib çıxdı bayıra.

Sürdü sürüsünü, getdi sevincək,

Səhəri gözlədi səbr eyləyərək.

Səmanın möhtəşəm göy bayrağında

Işıq saçan muncuq parıldayanda,

Çoban sürüsünü dağda tərk etdi,

Sürü sahibinin yanına getdi.

Ora getməyindən bu idi məqsəd:

Üzüyü göstərib, öyrənsin qiymət.

Çobanı önündə görəndə ağa

Başladı onunla xoş danışmağa.

Hal-əhval soruşdu qoyun-quzudan,

Aydın cavab verdi hər sözə çoban.

Çoban ağa ilə söhbət edərkən

Arabir yox olub itirdi gözdən

Bir də görünəndə çoban, tez ağa

Başladı heyrətlə acıqlanmağa:

"Bu nədir, arabir itirsən gözdən,

Yenə də gözümə görünürsən sən?

Əfsunçu olubsan durduğun yerdə,

Hardandır tapdığın bu sirli pərdə?"

Çoban bu sözlərə heyrət edərək,

Bu işə əqlindən istədi kömək.

Çoban ağasıyla söhbət edəndə;

Üzüklü əlini o tərpədəndə,

Üzüklə qaşı da hey burulurdu,

Gah altda, gah üstdə gəlib dururdu.

Qaş üstə çevrilib durduğu zaman

Görürdü çobanı ona hər baxan.

Qaş ovcun içində olanda isə

Onu görməyirdi artıq heç kimsə.

Elə yaratmışdı üzük yaradan

Gözə görünməzdi taxsa hər insan.

Çoban başa düşüb sirli oyunu,

Gedib dağda, daşda sınadı onu.

Qayıdıb üzüklə qurdu min kələk,

Necə ki, ulduzla oynayır fələk[113].

Gözə görünməmək istəyən zaman

Qaşı çıxarmazdı əsla ovcundan.

Nə zaman istəsə görünsün, yenə

Qaşı çevirirdi o öz yerinə.

Bu yolla şəhərdə qurub oyunu,

Yetirdi yerinə hər arzusunu.

Bir gün də bu sirrə qızışdı başı,

Ovcunun içinə alaraq qaşı,

Əldə hindli qılınc, saraya keçdi,

Şahın düz önündə gizli əyləşdi.

Dağılıb gedəntək ordan adamlar,

Şahın gözlərinə göründü aşkar,

Bu haldan ürəyi qorxuyla doldu,

Çarəsiz qalaraq şah təslim oldu.

Təlaşla soruşdu: "Aç mətləbini,

De, kimdir göndərən buraya səni?"

Çoban cavab verdi: "Mən peyğəmbərəm,

Iman gətir, səni xoşbəxt eylərəm.

Istəsəm heç görməz məni bir adam,

Mənim möcüzəm də budur, vəssalam!"

Ona beyət etdi şah qorxusundan,

Bütün əhali də gətirdi iman.

Çobanın hörməti artdı, ucaldı,

Axırda şahlığı əlinə aldı.

Gör varmış o qaşda nə böyük hikmət

Ki, çoban peyğəmbər oldu, nəhayət!

Bir bax qaş qayıran o alimlərə,

Gör hikmət çatıbmış onda nə yerə!

Sehir gərək belə edilsin icad.

Bizimtək alimlər qalsın ona mat.

Nə qədər düşünüb daşındımsa mən.

Gəlmədi bu sirri açmaq əlimdən".

Şah bunu eşidib, elədi səna

Həm o icadkara, həm Əflatuna.

Həmin o məclisdə iştirak edən

Hamı ibrət aldı o həkayətdən.

 

 

 

İSKƏNDƏRLƏ SOKRATIN

ƏHVALATI

 

Müğənni, o könül açan saz ilə

Mənim də könlümü bir aç, saz elə!

Bəlkə ilham alıb sazın telindən,

Ruma ipək həşyə nəqş eləyim mən[114].

Kainat-işindən xəbərdar olan

Bir alim deyir ki: "Bir zaman yunan

Əhli baş qoşmayıb əsla bir işə,

Hamı zahidliyi etmişdi peşə;

Dünyada göz yumub istirahətə,

Onlar xor baxırdı zövqə, şəhvətə,

Çox bilmək, az yemək yolu tutaraq,

Hamı riyazətlə məşğuldu ancaq.

Hətta varlılar da min əzab çəkər.

Dünya ləzzətindən elərdi həzər.

Guya ki, bilikli, ağıllı olan

Bu dünya zövqünə uymaz heç zaman.



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info