Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Dəlili qüvvətli olan bir sözü

Qanmaq istəməyən bədbəxtdir özü.

Taca layiq dürrü yerlərə vuran

Idraksız, şüursuz nadandır, nadan!

Hünərə göz yummaq deyildir hünər.

Hansı bir ağıllı tülə bez deyər?

Alimlə xoş rəftar etsən əgər sən,

Özün öz elmini aşkar edərsən.

 

 

 

ƏFLATUNUN ÇALĞI ALƏTİ

QAYIRMASI

 

Müğənni, ucalsın o incə səsin,

Qızdırsın qoy bizi odlu nəfəsin.

Qızışsın işlərim, gəl, dadıma çat,

Kömək ol, bazarım olmasın kasad!

Təblini çaldıqca təbilçi yeyin

Qızışdı havası soyuq gecənin.

Naümid olanda o qara qarğa

Ağ xoruz başladı xoş dil açmağa.

Çıxdı Rum taxtına İskəndər erkən,

Dili od, dimağı mumdu deyəsən[107].

Gəlib filosoflar səf vurmuşdular,

Taxtın qarşısında oturmuşdular.

Hərə bir elmdən bildiyi qədər

Danışır, deyişir, bəhs edirdilər.

Biri danışırdı təbiiyyatdan,

O biri dəm vurur ilahiyyatdan,

Kimi riyaziyyat bəhsinə girmiş,

Kimi həndəsəyə fikrini vermiş,

Birisi namusdan, ədəb-ərkandan,

Biri də hiylədən açmışdı dastan.

Hərəsi bir fənlə edir iftixar,

Hərənin özünün bir aləmi var...

Şaha arxalanıb bircə Ərəstu

Özünü hamıdan yuxarı tutdu:

"Mənəm hər alimə çarə eyləyən,

Yoxdur ehtiyacım heç bir alimdən.

Hikmət xəzinəsi məndədir bütün,

Mən oldum hikmətdə hamıdan üstün.

Filan elmi təsis eləmişəm mən,

Filankəs filan şey öyrənib məndən!"

Yalandan öymürəm burda özümü,

Sübutla deyirəm hər bir sözümü...”

Şah ilə arası saz olduğundan.

Hamı çəkinirdi, qorxurdu ondan.

Xoşuna gəlmədi bu, Əflatunun,

Hamıdan biliyi artıqdı onun.

Nə qədər vardısa orada alim,

Hamıya olmuşdu o ilk müəllim.

Əflatun onlardan üz döndərərək

Yox oldu saraydan Ənqa quşutək.

Gecəli-gündüzlü düşündü ustad,

Gizlində o, bir saz elədi icad.

Bir küpün içində gizləndi bir gün.

Axtardı səsini bu yeddi küpün[108]

Yaxşı olmasa da birinin səsi,

Küpdə xoş səslənər onun nəğməsi.

Bu qanun üzrə də o sahibhünər

Küpdə düzəldirdi , yeni nəğmələr.

O, rəsəd sahibi küpə girərək

Çərxi, ulduzları seyr etdi tək-tək.

Eşidib burada o, nalə, fəryad,

Etdi bu ahənglə bir nəğmə icad.

Rudda bu ahəngi münasib yerdə

Quru bağırsaqdan bağladı pərdə,

Içi boş qabağa çəkərək dəri,

Düzəltdi, bağladı o, pərdələri.

Ceyran dərisinə çəkdi qara rəng,

Quru ud səslənib oldu xoşahəng.

Bir xeyli cəhd edib fikrinə uyğun,

Düzəltdi, nəhayət, o bir ərğənun.

Telləri yaxşıca köklənmiş bu saz

Başladı verməyə ahəngdar avaz.

Zil və bəm nəğmələr hasil edərək,

Mizrabı gah yavaş vururdu, gah bərk.

Səslər çıxarırdı, bərkdən, yavaşdan,

Sanki nərə çəkir öküz, ya aslan.

Səslərdə o qədər məlahət vardı

Ki, heyvan eşitcək donub qalardı.

Insan səslərindən heyvana qədər -

Sazdan çıxardırdı hər cürə səslər.

Belə ki, çaldığı o havalardan

Şadlanıb oynamaq istərdi insan.

Bütün heyvanları yatırdıb sazla,

Sonra ayıldardı xoş bir avazla.

Hər bir səsə uyğun səslər çıxardan

Bir saz düzəltdi ki, başqa bir insan

Onun sirlərini əsla bilməzdi,

O sazda bir hava çala bilməzdi.

Ustad həmin sazı çaldığı zaman

Edərdi xəstənin dərdinə dərman.

Çalğıda elə bir cəhət də vardı

Ki, həkim onunla dərdi tapardı.

Həmin sazdan çıxan səs əsasında

Təşxis olunardı illət bir anda.

Ərğənun təkmilə yetdiyi zaman

Süni ud çox yaxşı oldu xam uddan[109].

Alim sazı alıb, səhraya getdi,

Hər bir nisbət üçün onu kök etdi.

Dördbucaq xətt çəkib öz dövrəsinə,

Başladı çalmağa sazını yenə.

Çöldəki, dağdakı bütün heyvanlar -

Yüyürdü yanına onun hər nə var.

Yığılıb hamısı sazın səsinə,

Düzüldülər onun dörd dövrəsinə.

Hamısı bir anda huşdan gedərək

Sərildi torpağa bir-bir ölütək.

Nə bir qurd orda bir quzuya dəydi,

Nə bir şir gur tutmaq həvəsindəydi.

Sonra başqa cürə kökləyib yenə

Alim saz çalanda, onun səsinə,

O yatmış heyvanlar, çəkmədi bir an,

Ayıldı hamısı şirin yuxudan,

Yayıldı hamısı çöllərə həmən...

Heç belə sərgüzəşt varmı eşidən?

Bu xəbər bürüdü bütün cahanı

Ki, yaqut paylayır o yaqut kanı[110].



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info